Naxçıvanın qədim tarixi ilə bağlı mühüm arxeoloji tapıntı əldə olunub.
Modern.az xəbər verir ki, bu barədə arxeoloji səfər zamanı məlumat verilib. Bildirilib ki, Naxçıvanın qədim tarixini əks etdirən İlandağ yazısı 30 illik axtarışlardan sonra aşkar edilib.
Məlumata görə, yazıda Urartu hökmdarları İşpuini və Menuanın Naxçıvana hərbi yürüşü barədə məlumat yer alır. Qeyd olunur ki, onlar indiki Ərəzin kəndi istiqamətindən keçərək Araz çayının cənubunda yerləşən Pluadi ölkəsində Tanrı Xaldiyə qurban təqdim ediblər.
Araşdırmalar göstərir ki, Urartuların Naxçıvana yürüşləri uğursuz olub. Sisianda aşkar olunan digər yazılı mənbələrdən məlum olur ki, Naxçıvanda möhkəmlənən Etiuni konfederasiyası Urartulara xərac verməklə öz müstəqilliyini qoruyub saxlaya bilib.
Tapıntının Naxçıvanın qədim siyasi və hərbi tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.


