Modern.az

Ədəbi varislik zənciri - sözdən hörülmüş qırılmazlıq kəməndi...

Ədəbi varislik zənciri - sözdən hörülmüş qırılmazlıq kəməndi...

Mədəniyyət

Bu gün, 11:46

Sərraf Talıb Lənkəran ədəbi mühitini Azərbaycan ədəbiyyatı kontekstində necə görür?

AMEA Lənkəran Regional Elmi Mərkəzinin Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Biliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sərraf Talıbı radiojurnalist, publisist, şair, tərcüməçi  kimi tanımışdım. Mənə verdiyi son kitabını oxuyandan sonra onun həm də gözəl araşdırmaçı, təhlilçi, tənqidçi olduğunu gördüm. Müəllifin yeni - “Ədəbi varislik zənciri: Lənkəran ədəbi mühiti Azərbaycan ədəbiyyatı kontekstində” elmi və elmi-publisistik məqalələr toplusu bunu deməyə əsas verir.

Kitabın adı çox şey deyir - “Ədəbi varislik zənciri: Lənkəran ədəbi mühiti Azərbaycan ədəbiyyatı kontekstində”. Ədəbi varislik kökünü hardan götürür, hardan qaynaqlanır, varislik zəncirini toxuyanlar, qoruyanlar kimlərdir, bu varisliyin Azərbaycan ədəbi mühitində payı nə qədərdir? Bütün bu sualların açılımı həmkarımın yeni kitabındadır.

Kitabın I fəsli filoloji, nəzəri, elmi araşdırmalara həsr olunub. “Ədəbi varislik zəncirinin qırılmazlığı: Natəvan və onun Lənkərandan olan qadın davamçıları” (Natəvan və Lənkərandan olan qadın şairlərin şeirlərinin müqayisəsi əsasında) məqaləsində XIX əsr Qarabağ, Cənub, bütövllükdə Azərbaycan ədəbi mühitləri qarşılaşdırılır, ədəbi-bədii paralelllər aparılır, həmin dövrün ədəbi mühiti konkret bədii nümunələrə istinadən canlandırılır. Müəllif araşdırmasında konkret əsərlərə istinad etdiyinə, ədəbi mənbələrdən qaynaqlandığına  görə oxucunu inandıra bilir. Məqalə Lənkəran ədəbi mühitinin yetirdiyi qadın yazarlar haqqında ilk sanballı tədqiqat işi kimi dəyərlidir. Araşdırmada müəllif Şuşa və Lənkəran ədəbi mühitinin XIX əsrin ikinci yarısından başlayaraq bu günümüzə qədərki qadın müəlliflərin yaradıcılıqlarını  ətraflı təhlil etməklə təkcə bu yazarlar haqqında bilgi vermir, həm də bir-birindən fərqli ədəbi mühitlərin zamana sığmayan ədəbi mənzərəsini yaradır, ədəbi varislik zəncirini sözü ilə kəməndləyir, gələcək nəsillərə öz baxış bucağından gəldiyi qənaətlərlə ötürür. Sərarf Talıb araşdırmalarını pilləli şəkildə aparır - yaşlı, orta və gənc nəslə məxsus olan qadın yazarların yaradıcılığına Natəvan xanımın təsirini araşdırır və tam səmimiyyəti ilə deyirəm ki, buna nail olur.

 Azərbaycan ədəbiyyatının, nəsrinin tanınmış simalarından olan Xalq yazıçısı Mir Cəlal Paşayev haqqında çox yazılıb. Görkəmli ədibin bədii yaradıcılığı, xüsusən də onun “Bir gəncin manifesti” romanı tanınmış ədəbiyyatşünasların diqqət mərkəzində olub. Korifey sənətçilərin təhlilə cəlb etdiyi bu əsərə Sərraf Talıbın öz yanaşması var. Müəllif əsərin məzmun - forma gözəlliyini fərqli aspektdən - təbiət təsvirləri baxımından təhlil etməyi seçir. Araşdırmasında Sərraf Talıb bu qənaətə gəlir ki: “Müəllif naturalizmi təkcə naturalizm xatirinə deyil, yazıçının fikrinin çatdırılmasında açar rolunu oynayır. Əsər boyu təbiət təsvirlərini əks etdirən leksik vahidlərin yerli-yerində işləndiyini görmək mümkündür. Bu leksik vahidlər fitonimlər, zoonimlər, oronimlər, iqlim və relyef formalarına daxil olan ayrı-ayrı sözlər şəklində qarşımıza çıxmaqdadır”. Əsərin təsir gücünün bir səbəbini də yazıçının obrazlı dilində axtaran Sərraf Talıb “Müəllifin qələmə aldığı daşın da, suyun da, çayın da, dağın da, ceyranın, ulağın, pəmbə buludların, tüstüyə bənzər sisin-dumanın da öz mənası var. Heç şey elə-belə, boş-boşuna işlənməyib. Hər mənzərə bir məna kəsb etməklə bütövlükdə əsərin qayəsini oxucuya çatdırmağa xidmət edir” deyir.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının, bədii nəsrinin bel sütunlarından biri olduğuna görə əsərləri nüfuzlu ədəbiyyatşünaslar tərəfindən zaman-zaman araşdırılıb, bədii qiyməti verilib. Sərraf Talıbın çəkinmədən Mirzə Cəlil yaradıcılığına müraciət etməsi məni həm təəccübləndirdi, həm də duyğulandırdı. Sevindim ki, Sərraf  bir yazar kimi özündə o gücü hiss edib. Müəllifin “Anamın kitabı” əsərində Gülbahar obrazı milli dirçəlişin simvolu kimi” məqaləsi kitabda maraqla oxunan elmi, təhlili yazılardandır. Əsərin əsas obrazlarından olan  Gülbahara Sərraf Talıbın özəl yanaşması var: “Gülbaharın monoloqu da çox mənalardan xəbər verir. Xalq Cümhuriyyətinin süqutu dövründə yazılan pyesdə C.Məmmədquluzadə ay və ulduzların yenidən əvvəlki yerinə qayıdacağını söyləməklə gec-tez bu cümhuriyyətin yenidən qurulacağına inanır. Gülbahar adı da təsadüfi seçilməyib. Bununla ədib hər şeyin yenidən, ilk baharda olduğu kimi dirçələcəyinə inandığını ifadə edir. Kitabın Gülbahara verilməsi də simvolik məna daşıyır. Burada müəllif birlik, barışıq, gələcəyin simvolu olan kitabın Gülbahara təslimi ilə vətənin gələcəyinin birlikdən, qəti addımlardan keçdiyini bildirir. Əslində Gülbahar obrazı Anadan fərqli olaraq daha qətiyyətli, hətta deyərdim ki, üsyankardır”.


Ədəbiyyat nəzəriyyəsi ədəbiyyatşünaslığın ən çətin qolu sayılır. Ədəbi janrları nəzəri baxımdan təhlil etmək, konkret misallar əsasında təhlilini vermək xüsusi ustalıq, ədəbi bacarıq, dərin nəzəri bilik istəyir. Sərraf Talıbın yeni kitabında yer alan “Mirhaşım Müsafirin yaradıcılığında təxmis, təcdis və tərcibənd” (“Dedim ki, sözüm qala” və “Xatirəmdə yaşayanlar” kitabları əsasında) məqaləsi Sərraf Talıbın ədəbiyyat nəzəriyyəsinə, Mirhaşım Müsafirin bədii yaradıcılığına dərindən bələdliyini göstərir. “Bəxtiyar Vahabzadənin vətəndaşlıq poeziyası və onun cənub ardıcılları”, “Seyid Əzim Şirvani yaradıcılığında elm və alim haqqında, “Üzeyir Hacıbəyli yaradıcılığında milli kimlik (identiklik) konsepsiyası”, “Yaşar Rzayevin elmi fəaliyyəti: Azərbaycan ədəbiyyatında milli özünüdərk və azadlıq meyilləri”, “Region yazarlarının yaradıcılığında 20 Yanvar hadisələrinin təsviri”, “Asim Yadigar yaradıcılığında təxmislər”, “Cənub bölgəsinin yazarları: Mirzə İsmayıl Qasirdən bu günə kimi” və s. yazılarda Sərraf Talıbı püxtələşmiş araşdırmaçı, tənqidçi  kimi görürük. Onun “M.Ə. Rəsulzadənin tərcüməçilk fəaliyyəti barədə bəzi qeydlər” araşdırması  müəllifin təhlil dairəsinin genişliyini göstərir. Sərraf  Talıbın cənub ədəbi mühiti ilə bağlı yazdığı silsilə məqalələr sanki bir zəncirin halqalarıdır, bir-birini tamamlayır, bütövləşdirir. “Azərbaycanda müstəqillik dövrü nəsrinin dünya ədəbiyyatı prosesinə inteqrasiya problemləri və cənub ədəbi mühiti” aktuallığı ilə diqqət çəkir və müəllifin dünya ədəbiyyatı ilə yaxından tanış olduğunu, modern ədəbiyyata bələdliyini, gedən ədəbi prosesləri yaxından izlədiyini, bu baxımdan ədəbi paralellər apara bildiyini ortaya qoyur. Zənnimizcə, Sərraf Talıbın dil bilgiləri, tərcüməçilk qabiliyyəti də araşdırmanın uğurlu alınmasına təsirsiz ötüşməyib. Yeri gəlmişkən, Sərraf  Talıbın tərcümələrdən ibarət “Sonuncu sağlıq” kitabı da nəşr olunub və oxucular tərəfindən maraqla qarşılanıb.

“Lənkəran bölgəsinin qadın yazarları”nın yaradıcılıqlarını ilk dəfə sistemli şəkildə araşdıran məhz Sərraf Talıbdır. Bu məqalədə bölgənin, demək olar ki, əksər qadın yazarları, onların yaradıcılıqları barədə məlumat verilir.

Kitabın ikinci bölümü “Folklor və etnoqrafiya” adlanır. Bu fəsildə müəllif elmi araşdırmaçılıq qabiliyyətini təhlili yazılarında ortaya qoyur. Qeyd etmək istəyirik ki, bu bölüm əvvəlkindən daha maraqlıdır, daha çox elmi yükə malikdir, informasiya çəkisi daha ağırdır. “Azərbaycanın cənub-şərq bölgəsinin folklorunda şamanizm elementləri”(Ritual, əfsanə, nağıl, and, deyim, inam, nəsihətlər əsasında), “Azərbaycanın cənub-şərq regionunda Sım və Utey toponimləri ilə bağlı bəzi mülahizələr”, “Sığon və ya Divəlonə”, “Bəlləbur qalası - vətən daşı” və s. məqalələr təkcə bədii araşdırma deyil, həm də tarixilik baxımdan əhəmiyyətlidir, çoxlu məxəzlərə söykənir, elmi təhlillərə əsaslanır və bu mülahizələrin çoxu ilk dəfə yazılı əksini tapır.

Kitabın III fəslinə müəllifin müxtəlif  illərdə yazdığı elmi-publisistik yazıları toplanılıb. “Şərəfli ömür yolu - professor İbrahim Quliyevin həyat yoluna bir baxış”, “Mizan pozulanda və ya Murdovdan başlanan ekoloji zəlzələ”, “Blabandda bir gün və ya “Kişi öz tarixini satmaz” və s. publisistik yazılar maraqlı insan talelərinin, sosioloji, ekoloji problemlərin sənətkar qələmində maraqlı açılımıdır. Bu yazılarda Sərraf  Talıb təkcə problemləri göstərməklə kifayətlənmir, həm də həlli yollarını göstərir, həyəcan təbili çalır...

Sərraf Talıbın yeni - “Ədəbi varislik zənciri: Lənkəran ədəbi mühiti Azərbaycan ədəbiyyatı kontekstində” elmi və elmi-publisistik məqalələr toplusunu Cənub ədəbi mühitinin araşdırılması istiqamətində uğurlu tədqiqat işi hesab edir, müəllifi bu münasibətlə təbrik edirəm.


Esmira İsmayılova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran BOMBARDMAN edilir! - ABŞ hərəkətə keçdi