Modern.az

“Hamı bilir ki, Lütfi Zadənin varisi Rafiq Əliyevdir” – Hamlet İsaxanlıdan professora İTTİHAM

“Hamı bilir ki, Lütfi Zadənin varisi Rafiq Əliyevdir” – Hamlet İsaxanlıdan professora İTTİHAM

19 Sentyabr 2017, 14:51

Tanınmış alim Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim edildiyini bilirik.

 

Professor Şahnaz Şahbazova mətbuata açıqlamalarında bildirib ki, məktubda Lütfi Zadənin nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubda, həmçinin Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitablarının professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.

Amma bundan əvvəl hər kəs professor Rafiq Əliyevi Lütfi Zadənin mənəvi varisi kimi tanıyırdı. Çünki o, Lütfi Zadənin  həm tələbəsi, həm ailə üzvü, həm dostu idi.

Maraqlıdır, hansı tərəf haqlıdır? Lütfi Zadənin mənəvi varisi əslində kimdir?

 

Bu, qəti mümkün olan şey deyil

 

Bununla əlaqədar  Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı  Modern.az-a açıqlama verib. O düşünür ki, həqiqət göz qabağındadır:

 

“Lütfi Zadənin nəzəriyyəsini Azərbaycanda  davam etdirən, təbliğ edən  əsas adam Rafiq Əliyevdir.  Rafiq Əliyev uzun illərdir, işləri, kitabları, məqalələri, həm də Lütfi Zadə ilə əlaqələrindən  tanıdığımız biridir. İki əvvəl  eşitmişdim ki, onlar iki cildlik kitab üzərində işləyirlər. Birinci cildi Lütfi Zadə ilə Rafiq Əliyevin birgə  fəaliyyəti əsasında olmalı idi. İkinci cildi  isə bu sahədə işləyən tanınmış alimlərin müxtəlif sahələrə görə xülasələri olacaqdı. Bildiyim qədərilə kitabın birinci cildi tamamlanmağa yaxındır.

Lütfi Zadənin anası və həyat yoldaşı yəhudidir. Özü də əsasən yəhudi qaydası ilə yaşayıb. Ona görə Lütfi Zadəni müsəlman qaydası ilə basdırılmasını istəməsi belə şübhəlidir. Eyni zamanda bu istək mənə qəribə təsir bağışladı. Bu, qəti mümkün olan şey deyil”.

 

“Lütfi Zadəni tanıdığım üçün  nələrsə uydura bilərdim”

 

H.İsaxanlı qeyd edib ki, həqiqəti təhrif etmək elm adamına yaraşmaz:

“Buna oxşar hadisələr əvvəllər də olub. Mirzə Kazımbəy azərbaycanlı idi, dilimizi, mədəniyyətimizi bilirdi. O, xristianlığı qəbul etmişdi və xristian qayda qanunları ilə  dəfn edildi. Biz onu qınamırıq, çünki bu, onun həyat tərzi idi. Bizim üçün vacib olan  onun görkəmli azərbaycanlı alim olmasıdır. Miflər, əfsanələr düzəltmək lazım deyil. Çünki nəyin doğru, nəyin yalan olduğu bilinir. Yəni Lütfi Zadəni burada tanıyan yüzlərlə insan, qohumu, qardaşı var.  Lütfi Zadə sağ olmadığı üçün müəyyən şeyləri ondan soruşmaq mümkün deyil. Mən də bu dəqiqə onu tanıdığım, evində olduğum, məktublaşdığım üçün bir şeylər uydura bilərdim. Hətta deyə bilərdim ki, Lütfi Zadə mənə filan şeyləri deyib. Amma demirəm, çünki özümdən nələrsə uydura bilmərəm. Bu, yaxşı hal deyil”.

 

Nə varsa, artıq məlumdur

 

Müsahibimiz Lütfi Zadə ilə görüşünü  Rafiq Əliyevin təşkil etdiyini  vurğulayıb:

 

“Elmin əsas məqsədi həqiqəti aşkara çıxarmaqdır. Bu səbəbdən həqiqəti təhrif etmək olmaz. Belə şey elm adamına yaraşmaz.  Ölən insanı tanıyanlar bunu inkar edirsə və ya qəbul etmirsə, onun adından nəyisə deməklə deyil ki..

Hər kəs bilir ki,  Rafiq Əliyev uzun müddətdir, Lütfi Zadənin dostudur, onun yanındadır. Hətta mən də Lütfi Zadə ilə görüşə gedəndə bütün təşkilatçılığı onun yaxın adamı kimi Rafiq Əliyev etdi. Lütfi Zadənin evinə getdik və o, bizi çox mehriban qarşıladı. Yəni bu adam haqqında olmayan şeyləri uydurmaq lazım deyil. Nə varsa, artıq məlumdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır