Modern.az

Paşinyan Köçəryanı sorğuladı: “Mən niyə milyonçu deyiləm?!”

Paşinyan Köçəryanı sorğuladı: “Mən niyə milyonçu deyiləm?!”

Dünya

Bu gün, 17:01

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Robert Köçəryanın, iş adamları Samvel Karapetyan və Qaqik Tsarukyanın məhkəmə proseslərinə cəlb olunması ilə bağlı danışıb. O, Karapetyan barəsində Fransada da cinayət işinin olmasını xatırladaraq, bunun Fransa hökumətinin siyasi təqibi demək olub-olmadığını soruşub.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə “Radio France Internationale”yə müsahibəsində danışıb.

Baş nazir Robert Köçəryanla bağlı cinayət işinin uzun müddətdir davam etdiyini və 2008-ci il 1 mart hadisələri ilə əlaqədar məhkəmə prosesinin getdiyini bildirib.

Paşinyan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bu yaxınlarda “1 mart” işi ilə bağlı qərarını aldıqlarını deyib. Onun sözlərinə görə, qərarda həmin dövrdə fəaliyyət göstərən dövlət orqanlarının 1 mart qətllərinə görə məsuliyyət daşıdığı qeyd olunur.

Daha sonra Paşinyan Köçəryanın sərvətini sual altına alıb.

“Robert Köçəryan bütün həyatı boyu vəzifəli şəxs olub, 10 il Ermənistan Respublikasının prezidenti vəzifəsini tutub. Nəticədə onun ən azı bir neçə yüz milyon dollar dəyərində əmlakı var. Bu, necə baş verə bilər? Bir insan ölkəyə 10 il rəhbərlik etdiyi müddətdə bir neçə yüz milyon dollar toplaya bilərmi?

Mən bu suala adətən belə cavab verirəm: artıq səkkiz ildən çoxdur Ermənistan Respublikasının baş naziriyəm. Bəs niyə milyonçu deyiləm? Kimsə bu suala cavab verə bilərmi? Bəs Robert Köçəryan niyə milyonçudur?” – deyə Paşinyan bildirib.

Baş nazir Qaqik Tsarukyanın adını da çəkərək, 2018-ci il inqilabının səbəblərindən birinin vətəndaşların ölkənin uzun illər ərzində talan edildiyinə dair inamı olduğunu söyləyib. Onun sözlərinə görə, bu, Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyəti dövründə, eləcə də adıçəkilən şəxslərin bilavasitə iştirakı ilə baş verib.

Paşinyan hesab edir ki, həmin şəxslərin qanunsuz yolla əldə etdikləri sərvətlər geri qaytarılmalıdır. O, keçmiş məmurların indiyədək məsuliyyətə cəlb olunmamasını Ermənistanın məhkəmə-hüquq sistemində fəaliyyət göstərən mafiya və qanunsuz himayəçiliklə əlaqələndirib.

Baş nazirin sözlərinə görə, 2026-cı il parlament seçkilərində Ermənistan xalqı 2018-ci il inqilabının gözləntilərinin reallaşdırılmasını, ölkədə ədalət və hüququn aliliyinin təmin olunmasını tələb edib.

“Ermənistan xalqı bilməlidir ki, keçmiş yüksək vəzifəli şəxslər milyonlarını necə toplayıblar”, – deyə o vurğulayıb.

Paşinyan əlavə edib ki, Ermənistanda qanunsuz əmlakın müsadirəsi sistemi artıq fəaliyyət göstərir. Onun sözlərinə görə, əvvəllər icmalardan və ya dövlətdən qanunsuz yollarla alınmış çoxsaylı əmlak obyektləri bu mexanizm vasitəsilə dövlətə və xalqa qaytarılır.

Müsahibə zamanı adıçəkilən şəxslərin məhkəmə proseslərinin siyasi qərar olub-olmadığı barədə suala cavab verən Nikol Paşinyan korrupsiyaya qarşı mübarizənin müvafiq siyasi şərait olmadan mümkün olmadığını bildirib.

O, Avropa İttifaqı və Avropa Şurasının Ermənistandan korrupsiyanın aradan qaldırılmasına və antikorrupsiya sistemlərinin yaradılmasına yönəlmiş islahatlar gözlədiyini xatırladıb.

Paşinyan qeyd edib ki, Robert Köçəryanın həbsdə olduğu işə baxan və onun barəsində həbs qərarı verən qurum beynəlxalq tərəfdaşların tələbi ilə yaradılıb. Söhbət Ermənistanda inqilabdan əvvəl mövcud olmayan Antikorrupsiya Komitəsindən gedir.

Baş nazir Köçəryanın “1 mart” işi üzrə məhkəməyə çoxdan verildiyini, lakin prosesin uzadıldığını da vurğulayıb. Onun fikrincə, qeyri-qanuni yollarla əldə edilmiş böyük maliyyə imkanlarına sahib şəxslər əvvəlki əlaqələrindən istifadə edərək məhkəmə sistemində qanuna uyğun olmayan qərarlara nail ola bilirlər.

Paşinyan bəzi hakimlərin keçmiş hakimiyyət nümayəndələri ilə ailə əlaqələrinin olduğunu və bu əlaqələrin təsirinin davam etdiyini iddia edib.

O, bu halları Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyini əsaslandıran səbəblərdən biri kimi göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı