Modern.az

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub

3 İyul 2018, 12:02

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla amerikalı tələbələrlə görüşüb.

Modern.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDT) Proqramı üzrə Azərbaycan dilini öyrənmək məqsədi ilə ölkəmizə gələn amerikalı tələbələri salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Əcnəbi tələbələrin Azərbaycan dilini öyrənməsini yüksək qiymətləndirən rektor bildirib ki, dili mədəniyyətdən kənarda öyrənmək mümkün deyil. Buna görə də, akademik amerikalı tələbələrə Azərbaycan dili ilə yanaşı Azərbaycan mədəniyyətinin komponentlərini də öyrənməyi tövsiyə edib. Rektorun sözlərinə görə, X əsrdən başlayaraq Azərbaycan dili, mədəniyyəti geniş bir coğrafi ərazidə yayılaraq qonşuların və Avropa xalqlarının diqqətini cəlb etməyə başlayıb. Həmin dövrdə Azərbaycan dili regionda güclü mövqeyə malik olub və bu dildə “Kitabi Dədə Qorqud” kimi məşhur epik abidələr yaranıb. K.Abdulla daha sonra XIX əsr və XX əsrin əvvəllərində ölkəmizin mədəni, iqtisadi həyatında baş verən hadisələri əks etdirən “Azərbaycan ilkləri”  mövzusunda fikirlərini amerikalı tələbələrlə bölüşüb. Müsəlman şərqində “Əkinçi” adlı ilk qəzetin çap olunmasından, Mirzə Fətəli Axundov tərəfindən ilk dram əsərinin yazılmasından, ilk opera əsəri olan “Leyli və Məcnun” operasının səhnələşdirilməsindən, 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Azərbaycanda universitetin açılmasından danışıb. Əlavə edib ki, Azərbaycanın mədəni, ictimai, iqtisadi həyatında baş verən  bu ilklər XIX əsrin ikinci yarısından etibarən XX əsrin birinci yarısında ölkəmizdə gedən mədəni intibahı şərtləndirir.

K.Abdulla daha sonra ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyəti haqqında amerikalı tələbələrə geniş məlumat verib. Rektor Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişini Azərbaycan xalqının taleyində dönüş nöqtəsi kimi xarakterizə edib: “Ulu öndər Heydər Əliyev öz xalqını bütün qəlbi ilə sevən, tarixini, mədəniyyətini qiymətləndirən və təbliğ edən, onun dilinə, ədəbiyyatına qəlbində böyük vurğunluq bəsləyən bir insan olub. O, öz hakimiyyətinin birinci dövründə Azərbaycan dilinin, mədəniyyətinin və mədəniyyət xadimlərinin dünyada tanınması üçün bütün siyasi imkanlardan istifadə edib. Nizaminin Füzulinin, Nəsiminin, müxtəlif Azərbaycan yazıçılarının və şairlərinin, bəstəkarlarının, mədəniyyət xadimlərinin əsərləri, yaradıcılıqları təhlil olunmağa başlanılıb və Azərbaycan cəmiyyəti öz  keçmişini daha aydın şəkildə  görmək imkanı əldə edib. Təbii ki, ulu öndərin Azərbaycan üçün etmək istədikləri sovet rejiminin  çərçivəsində tam şəkildə mümkün ola bilməzdi. Amma biz 20 Yanvar hadisələrində Heydər Əliyevin xalqına olan sədaqətinin bir daha şahidi olduq. Təsəvvür edin bütün vəzifələrindən kənarlaşdırılan, adi vətəndaş kimi təqib olunan Heydər Əliyev ailə üzvləri ilə birgə Moskvaya gələrək Kommunist Partiyasına olan münasibətini bildirib və onun üzvlüyündən imtina edib. Bu, son dərəcə cəsarətli addım və sovet ordusunun Bakıda törətdiyi qətliamdan sonra Azərbaycanın ilk dəfə dünyaya çağırışı idi. Sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyini elan edib. Bu zaman ulu öndərin Naxçıvandan Azərbaycan hakimiyyətinə dəvət olunması cəmiyyətin ən böyük nailiyyəti olub. Bundan sonra Azərbaycan iqtisadi, siyasi, mədəni müstəvilərdə irəliyə doğru inamlı addımlar atmağa başlayıb”.

Görüş zamanı rektor Kamal Adulla Prezident İlham Əliyevin siyasi fəaliyyəti və xidmətlərindən də söz açıb. Onun sözlərinə görə, İlham Əliyev Azərbaycanı geniş siyasi, ictimai, iqtisadi, hərbi inkişaf yoluna çıxarıb: “Bu gün Azərbaycan bölgənin ən inkişaf etmiş ölkələrindən biridir və bir çox paramertlərə görə birinci ölkəsidir. Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri xalqımızın kökündə, tarixində olan dəyərləri bir daha yenidən bu xalqın, dünyanın diqqətinə çatdırmasıdır. Bu istiqamətdə onun gördüyü ən böyük işlərdən biri Azərbaycan multikulturalizmini bütün dünyanın diqqətinə təqdim etməsidir. Ölkə prezidenti 2016-cı ili Multikulturalizm ili elan etdikdən sonra Azərbaycan cəmiyyətində multikulturalizmin yayılması ilə bağlı olan istək nəticəsində multikulturalizm Azərbaycanda dövlət siyasətinə çevrildi. Avropada multikulturalizmin iflasa uğradığı ərəfədə bu, olduqca  cəsarətli addımdır”.

Akademik Kamal Abdulla çıxışının sonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması və fəaliyyətindən danışıb. O, vurğulayıb ki, bu mərkəz multikulturalizmin təkcə Azərbaycanda deyil, dünyada inkişaf etməsi üçün çox işlər görüb: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində ildə iki dəfə multikulturalizm yay məktəbi keçirilir ki, dünyanın bir çox ölkələrindən gənclər bu yay məktəbinə qatılır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Amerika, Avropa, Yaxın və Uzaq Şərq ölkələrinin universitetlərində “Azərbaycan Multikulturalizmi” adlı fənni tədris edir. Bu universitetlərdəki tələbələr Azərbaycan multikulturalizmi haqqında, eyni zamanda Azərbaycan tarixi, dili, mədəniyyəti, ədəbiyyatı, psixologiyasi və onun bugünkü dəyələri barədə də məlumat almış olurlar”.

Sonda rektor Kamal Abdulla amerikalı tələbələrə uğurlar arzulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır