Modern.az

Ölkə başçısı ana dilinin keşiyində: "Dil o amildir ki, milləti millət edir"

Ölkə başçısı ana dilinin keşiyində: "Dil o amildir ki, milləti millət edir"

Ölkə

Bu gün, 16:36

Bu gün – 1 Avqust, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ölkəmizdə ana dilinə verilən dəyərin, milli kimliyə və dövlətçiliyə hörmətin təcəssümü kimi qeyd olunur. Qloballaşmanın, süni intellektin, sosial şəbəkələrin və rəqəmsal kommunikasiya vasitələrinin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə Azərbaycan dilinin qorunması artıq yalnız mədəni məsələ deyil. Bu, milli kimliyin, informasiya təhlükəsizliyinin və dövlətçiliyin qorunması ilə birbaşa bağlı strateji məsələdir.

Prezident İlham Əliyev son illərdə çıxışlarında dəfələrlə Azərbaycan dilinin saflığının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim edib. Dövlət başçısının bu mövqeyi həm də milli təhlükəsizlik konsepsiyasının mühüm tərkib hissəsi kimi diqqət çəkir.

Prezident yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bu məsələni çox aydın ifadə etmişdi:

"Dil o amildir ki, milləti millət edir."

Bu fikir əslində Azərbaycan dövlətinin dil siyasətinin əsas fəlsəfəsini ifadə edir. Çünki tarix göstərir ki, müstəqilliyini itirən xalqların belə milli kimliyini qoruyan ən güclü amillərdən biri məhz ana dili olub.

Prezident İlham Əliyev xarici sözlərin düşünülməmiş şəkildə dilə daxil olmasının təhlükəsinə də xüsusi diqqət çəkib:

"Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş."

Bu xəbərdarlıq təsadüfi deyil. Müasir dövrdə sosial şəbəkələr, reklamlar, rəqəmsal platformalar və gündəlik ünsiyyətdə Azərbaycan dilində qarşılığı olduğu halda xarici sözlərdən istifadə geniş yayılıb. Dövlət başçısının fikrincə, bu proses nəzarətsiz qalarsa, zamanla milli kimliyin zəifləməsinə gətirib çıxara bilər.

Prezidentin 2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi fikirlər isə bu məsələyə daha geniş baxış ortaya qoydu.

İlham Əliyev xatırlatdı ki, Akademiyanın 70 illik yubileyində də eyni narahatlığı dilə gətirmişdi. Onun sözlərinə görə, son on ildə müəyyən işlər görülsə də, Azərbaycan dilinin vəziyyəti onu tam qane etmir.

Dövlət başçısı vurğuladı ki, dünyada 50 milyondan çox insan Azərbaycan dilində danışsa da, ədəbi Azərbaycan dilinin əsas dayağı məhz müstəqil Azərbaycan dövlətidir.

Prezident xüsusilə xaricdə yaşayan azərbaycanlılar arasında ədəbi dilin tədricən məişət dili səviyyəsinə enməsini, xarici sözlərlə həddindən artıq yüklənməsini narahatlıqla qeyd edib.

Onun fikrincə, beynəlxalq terminologiyanın istifadəsi təbiidir. Lakin Azərbaycan dilində qarşılığı mövcud olan sözlərin əvəzinə süni şəkildə xarici kəlmələrin işlədilməsi nə dilin inkişafına xidmət edir, nə də onu zənginləşdirir.

İlham Əliyev bu cür halları iki cür qiymətləndirib: ya bu, məlumatsızlıqdır, ya da bilərəkdən edilən zərərli yanaşmadır. Hər iki hal isə qəbuledilməzdir.

Prezident hesab edir ki, Azərbaycan dilinin qorunması yalnız dövlət qurumlarının işi deyil. Bu məsuliyyəti alimlər, dilçilər, müəllimlər, yazıçılar, şairlər, jurnalistlər, siyasətçilər və bütövlükdə cəmiyyət paylaşmalıdır.

Bu yanaşma təsadüfi deyil. Çünki dil gündəlik danışıqda, məktəbdə, universitetdə, mediada, televiziyada, internetdə və ailədə yaşayır.

Azərbaycan dili uzun və mürəkkəb tarixi inkişaf yolu keçərək bu gün müstəqil dövlətimizin əsas atributlarından birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət dili siyasəti Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Elektron məkanda Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi, dövlət dilinin saflığının qorunması ilə bağlı qəbul olunan fərman və sərəncamlar bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir.

Bu gün süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan dilinin rəqəmsal platformalarda, proqram təminatlarında, elektron xidmətlərdə və beynəlxalq informasiya məkanında daha geniş istifadə olunması da xüsusi əhəmiyyət kəsb edir. Dil yalnız keçmişimizin mirası deyil, həm də gələcəyimizin əsas resurslarından biridir.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bizə bir daha xatırladır ki, ana dilini qorumaq sadəcə filoloqların və ya dövlət qurumlarının işi deyil. Hər bir vətəndaş gündəlik danışığında, yazışmalarında və ictimai fəaliyyətində Azərbaycan dilinin normalarına hörmət etməklə bu dəyərin yaşamasına töhfə verə bilər.

Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, "Dil o amildir ki, milləti millət edir". Ana dilini qorumaq isə milli kimliyi, dövlətçiliyi və gələcəyimizi qorumaq deməkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var