Modern.az

Qırğızıstanın ən ali mükafatı kimlərə verilib...

Qırğızıstanın ən ali mükafatı kimlərə verilib...

Aktual

Bu gün, 16:02

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gedib. Səfər çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan dövlət başçısını ölkəsinin ali dövlət mükafatı olan I dərəcəli "Manas" ordeni ilə təltif edib.

Sadır Japarov təqdimat mərasimindəki çıxışında deyib: "Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz Qırğız xalqında dərin hörmət hissləri doğurur. Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif olunması qərarını qəbul etdim".

Bəs "Manas" ordeni nədir və kimlərə verilir?

Modern.az-ın araşdırmasına görə, "Manas" ordeni Qırğızıstan Respublikasının ən yüksək dövlət təltifidir. Orden 16 aprel 1996-cı ildə "Qırğızıstan Respublikasının Dövlət Mükafatları haqqında" Qanuna əsasən təsis olunub.

"Manas" ordeni dövlət və cəmiyyət qarşısında göstərilən xüsusi, görkəmli xidmətlərə görə təqdim olunur. Bura Qırğızıstan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın birliyi, sülhün və ölkənin müdafiə qabiliyyətinin saxlanılması, eləcə də iqtisadiyyat, elm və mədəniyyət sahəsindəki nailiyyətlər daxildir. Həmçinin Qırğızıstan ilə digər dövlətlər arasında dostluq və əməkdaşlığın inkişafında böyük xidmətləri olan xarici dövlət və hökumət başçılarına da bu ali orden təqdim edilir.

"Manas" ordeni üç dərəcədən ibarətdir: I, II və III. Ümumi qaydalara əsasən, təltif etmə mərhələli şəkildə aparılır, yəni şəxs ilk növbədə III dərəcəli ordenlə təltif olunmalıdır. Lakin xarici dövlət başçılarına və müstəsna xidmətləri olan şəxslərə birbaşa ali, yəni I dərəcəli orden təqdim edilir.

Ordenin xarici görünüşü və təsviri

I dərəcəli "Manas" ordeni: İki hissədən ibarətdir. Əsası 60 mm-lik səkkizguşəli qızıl ulduzdur. Mərkəzində isə günəşi rəmzləşdirən qırmızı dairə yerləşir. Dairənin mərkəzində at üstündə, bayrağı dalğalanan qəhrəman Manasın fiquru həkk olunub.

II dərəcəli "Manas" ordeni: Birinci dərəcəyə bənzəsə də, səkkizguşəli ulduz hissəsi gümüşdən hazırlanır. Ulduzun şüalarının ətrafındakı dairəvi 8 yarpaq və mərkəzi detalları qızıldandır. Əsas rənglər göy və qırmızı emaldan ibarətdir.

III dərəcəli "Manas" ordeni: Bu orden tamamilə gümüşdən hazırlanır, bəzədilməsində göy və qırmızı emallardan istifadə olunur.

Daha əvvəl kimlərə verilib?

"Manas" ordeninin I dərəcəsi müxtəlif illərdə dünya liderlərinə və dövlət xadimlərinə təqdim edilib:

Süleyman Dəmirəl (Türkiyənin 9-cu Prezidenti) – 1998-ci ildə I dərəcəli ordenlə təltif olunub;

Nursultan Nazarbayev (Qazaxıstanın 1-ci Prezidenti) – 2015-ci ildə I dərəcəli orden alıb;

Vladimir Putin (Rusiya Prezidenti) – 2017-ci ildə I dərəcəli ordenə layiq görülüb;

Si Cinpin (ÇXR Sədri) – 2019-cu ildə I dərəcəli ordenlə təltif edilib;

Rəcəb Tayyib Ərdoğan (Türkiyə Prezidenti) – 2024-cü ildə I dərəcəli ordenlə təltif olunub.

Yerli siyasətçilər arasında:

Qırğızıstanın 5-ci Prezidenti Sooronbay Jeenbekov hələ dövlət başçısı olmazdan əvvəl, 2015-ci ildə III dərəcəli "Manas" ordeni ilə təltif edilib.

Ölkənin 4-cü Prezidenti Almazbek Atambayevə isə vaxtilə II dərəcəli "Manas" ordeni verilsə də, o, 2019-cu ildə həbs olunub. 2023-cü ildə Atambayev məhkəmə qərarı ilə azadlığa çıxıb. O, 2025-ci ildə Prezident Sadır Japarovun imzaladığı fərmanla bütün dövlət mükafatlarından, o cümlədən "Manas" ordenindən məhrum edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlılar gözləyən təhlükə