Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana rəsmi dəyişən beynəlxalq sistemdə Türk dünyasının yeni geosiyasi arxitekturasının formalaşmasının mühüm elementi kimi qiymətləndirilir. Analitiklər bu səfəri ə iki dost və qardaş dövlət arasında münasibətlərin növbəti mərhələsi kimi qiymətləndirmir. Daha yüksək məqamlara eyham vurulur.
Paralel olaraq bu səfər həm də onu göstərdi ki, son illərdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, Dövlətlərarası Şura yaradılıb, uzunmüddətli əməkdaşlıq proqramları qəbul olunub və Qarabağın bərpasında Qırğızıstanın fəal iştirakı yeni siyasi etimad mühitinin formalaşdığını göstərib.
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü yalnız hərbi potensialla ölçülmür. Geoiqtisadi mövqe, nəqliyyat dəhlizləri, enerji diplomatiyası, yumşaq güc (Soft Power), regional inteqrasiya, çoxşaxəli diplomatiya və siyasi etibarlılıq əsas göstəricilər hesab olunur. Məhz bu baxımdan Azərbaycan son illərdə Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu daha da möhkəmləndirib.
Zbiqnev Bjezinski yazırdı ki, Avrasiyaya nəzarət edən dövlət dünya siyasətində həlledici təsir imkanlarına malik olur. Azərbaycan məhz Avrasiyanın ən vacib kəsişmə nöqtələrindən birinə çevrilməkdədir.
İki ölkə arasında münasibətlərin əsasını ortaq tarix, ortaq dil ailəsi, ortaq mədəniyyət və ortaq siyasi baxışlar təşkil edir. Son illərdə münasibətlər sadəcə dostluq çərçivəsindən çıxaraq axeyli istiqamətlər üzrə strateji əməkdaşlığa çevrilib. Burada siyasi koordinasiya, iqtisadi inteqrasiya, investisiya layihələri, logistika, enerji təhlükəsizliyi, təhsil, mədəniyyət, rəqəmsal transformasiya, müdafiə sənayesi, kənd təsərrüfatı, turizm kimi vacib sahələr var.
2024-cü ildə iki ölkə arasında imzalanmış vacib sənədlər münasibətlərin institusional əsasını daha da gücləndirib.

İlham Əliyevin regional liderliyi
Beynəlxalq münasibətlərdə liderlik yalnız daxili siyasi sabitliklə müəyyənləşdirilmir, burada deyil, beynəlxalq etimad kapitalı daha önəmlidir.
Son illər Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatında aparıcı siyasi fiqurlardan biri kimi çıxış edir, Mərkəzi Asiya liderləri ilə davamlı siyasi dialoq qurur, enerji diplomatiyasını uğurla genişləndirir. Eyni zamanda Orta Dəhlizin inkişafının əsas təşəbbüskarlarından biri məhz Azərbaycan Ptrezidenti hesab olunur. COP29-dan sonra yaşıl enerji diplomatiyasında yeni platformalar formalaşdırır.
Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan atək Cənubi Qafqaz dövləti deyil.
Ölkəmiz Avropa ilə Asiyanı, Xəzərlə Aralıq dənizini, Mərkəzi Asiya ilə Avropanı, Türk dünyası ilə Qərbi birləşdirən geostrateji mərkəzə çevrilir.
Bu mövqe beynəlxalq ekspertlər tərəfindən “Middle Power Diplomacy” (Orta Güclü Dövlət Diplomatiyası) modelinin uğurlu nümunələrindən biri kimi qiymətləndirilir.
Başqa tərəfdən Türk Dövlətləri Təşkilatı aindi mədəni platforma sərhədlərini aşıb. Təşkilat iqtisadi inteqrasiya, nəqliyyat təhlükəsizliyi, enerji əməkdaşlığı, müdafiə koordinasiyası, rəqəmsal transformasiya, elm, innovasiya, ortaq media məkanı kimi istiqamətlərdə də fəaliyyətini genişləndirir.
Azərbaycan isə təşkilatın ən fəal təşəbbüskarlarından biridir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Türk dünyası bizim ailəmizdir. İndi bu yanaşma siyasi konsepsiyaya çevrilib.

Mərkəzi Asiya ilə Azərbaycanın inteqrasiyası
Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini tamamilə yeni səviyyəyə yüksəldib.
Xüsusilə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan ilə həyata keçirilən layihələr regionun yeni iqtisadi xəritəsini formalaşdırır. Azərbaycan artıq Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatında tamhüquqlu iştirakçı kimi qəbul edilir ki, bu da regional əməkdaşlığın genişlənməsi baxımından mühüm siyasi hadisə sayılır.
Geoiqtisadi baxımdan ən vacib istiqamətlərdən biri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutudur.
Bu marşrut Çin → Qırğızıstan → Qazaxıstan → Xəzər → Azərbaycan → Gürcüstan → Türkiyə → Avropa xəttini əhatə edir.
Azərbaycan burada logistika habı, ranzit mərkəzi, enerji qovşağı, rəqəmsal kommunikasiya platforması rolunu oynayır.
Bu isə ölkəyə milyardlarla dollar tranzit gəliri, yeni investisiyalar, logistika sənayesinin inkişafı, limanların genişlənməsi, dəmir yolu gəlirlərinin artması kimi üstünlüklər qazandırır.
Azərbaycan-Qırğızıstan münasibətlərinin ən mühüm simvollarından biri Ağdam rayonunda Qırğızıstan tərəfindən inşa edilən Ayköl Manas adına məktəbdir.
Bu layihə humanitar diplomatiya, qardaşlıq münasibətləri, postmünaqişə əməkdaşlığı, etimad diplomatiyasının nümunəsidir.
Prezident Sadır Japarov bu layihəni “sülhə töhfə” kimi qiymətləndirib, Prezident İlham Əliyev isə Qırğızıstan xalqına bu dəstəyə görə təşəkkürünü dəfələrlə ifadə edib.
Azərbaycan və Qırğızıstan iqtisadiyyatları bir-birini tamamlayan xüsusiyyətlərə malikdir. Əməkdaşlığın əsas istiqamətləri kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, yaşıl enerji, turizm, rəqəmsal iqtisadiyyat, elektron hökumət, logistika, sərmayə fondları, sənaye kooperasiyasıdır.
İki ölkə arasında vergitutmanın qarşısının alınması, investisiyaların təşviqi və inkişaf fondlarının fəaliyyəti biznes mühitini daha da cəlbedici edir.
Onu da unutmayaq ki, Qırğızıstanla inteqrasiyasında mədəni əlaqələr də əsas sütunlardan biridir. TÜRKSOY layihələri, ortaq televiziya məkanları, tələbə mübadiləsi, ortaq universitet proqramları, Çingiz Aytmatov irsinin təbliği, Nizami Gəncəvi və Manas irsinin qarşılıqlı tanıdılması, ortaq festivallar böyük əhəmiyyətə malikdir.

Müasir dövrdə informasiya məkanı milli təhlükəsizliyin ayrılmaz hissəsidir
Azərbaycan və Qırğızıstan dezinformasiyaya qarşı mübarizə, ortaq media layihələri, rəqəmsal kommunikasiya, süni intellekt texnologiyaları, türk dilli informasiya platformalarının yaradılması kimi istiqamətlərdə əməkdaşlığı genişləndirə bilərlər. Bu, Türk dünyasının vahid informasiya məkanının formalaşmasına töhfə verə bilər.
COP29-dan sonra Azərbaycan yaşıl enerji və iqlim diplomatiyasını xarici siyasətin mühüm istiqamətlərindən birinə çevirib. Qırğızıstan isə dağ ekosistemləri, su ehtiyatları, biomüxtəliflik sahəsində böyük potensiala malikdir.
Bu iki ölkənin əməkdaşlığı yaşıl enerji, karbon emissiyalarının azaldılması, su diplomatiyası, dayanıqlı inkişafa kimi istiqamətlərdə yeni layihələrə yol aça bilər.
Türk dövlətləri arasında təhlükəsizlik əməkdaşlığı da genişlənir. Bu istiqamətlərə müdafiə sənayesi, hərbi təhsil, sərhəd təhlükəsizliyi, kibertəhlükəsizlik, terrorizmə qarşı mübarizə, fövqəladə halların idarə olunması kimi vacib sahlər aiddir.
Hazırkı əməkdaşlıq əsasən təcrübə mübadiləsi və təhlükəsizlik dialoqu üzərində qurulub və gələcəkdə daha da inkişaf etdirilə bilər.
Bu strateji tərəfdaşlıq nəticəsində Azərbaycan Türk dünyasının siyasi mərkəzlərindən biri kimi mövqeyini gücləndirəcək. Eyni zamanda Orta Dəhlizin əsas logistika qovşağı statusunu möhkəmləndirəcək, Mərkəzi Asiya bazarlarına çıxışını genişləndirəcək. Bütün bublar isə nəticə etibarilə investisiya axınını artıracaq, enerji ixrac marşrutlarını şaxələndirəcək, beynəlxalq təşkilatlarda siyasi dəstəyini gücləndirəcək və humanitar və mədəni diplomatiyada təsir imkanlarını artıracaq.
Mövcud dinamika göstərir ki, yaxın illərdə Azərbaycan-Qırğızıstan münasibətləri daha yüksək strateji səviyyəyə yüksələ bilər. Xüsusilə Orta Dəhlizin inkişafı, Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşməsi, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və logistika sahələrində birgə layihələrin artması gözlənilir. Bununla yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi və iqtisadi əlaqələrin genişlənməsi Azərbaycanın tranzit, enerji və diplomatik əhəmiyyətini daha da artıracaq. Bu proqnozlar regional inteqrasiya proseslərinin hazırkı istiqamətinə əsaslanır və onların reallaşması geosiyasi şəraitdən də asılı olacaq.
Prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfəri iki ölkə arasında münasibətlərin növbəti diplomatik mərhələsi olmaqla yanaşı, Türk dünyasının gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirilə bilər. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat və enerji layihələri, humanitar əlaqələr, Qarabağın bərpasına verilən dəstək və ortaq mədəni irs Azərbaycan-Qırğızıstan münasibətlərinə yeni məzmun qazandırır.
Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlıq, qarşılıqlı hörmət və uzunmüddətli strateji baxış dövlətlərin dayanıqlı inkişafını şərtləndirən əsas amillərdir. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin güclənməsi, Türk Dövlətləri Təşkilatındakı fəal mövqeyi və Avrasiya nəqliyyat dəhlizlərində artan rolu ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da yüksəldir. Bu baxımdan, Bakı ilə Bişkek arasında formalaşan əməkdaşlıq modeli yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası və Avrasiya məkanında yeni əməkdaşlıq arxitekturasının qurulması baxımından da strateji əhəmiyyət daşıyır.
Elnur ƏMİROV