Modern.az

Qutabla ilk dəfə Azərbaycanda tanış olmuşam - Səfirlə MÜSAHİBƏ

Qutabla ilk dəfə Azərbaycanda tanış olmuşam - Səfirlə MÜSAHİBƏ

Müsahibə

Bu gün, 09:20

əvvəli bu linkdə

Səfirdən motosiklet sürənlərə tövsiyə: "Həmişə ehtiyatlı olsunlar, sürəti artırmağa və başqalarını ötərək özlərini sübut etməyə çalışmasınlar. Çünki motosikletdə sizi qoruyan heç nə yoxdur. Səyahət zamanı əsas məqsəd "A" nöqtəsindən "B" nöqtəsinə tez çatmaq deyil, yolun özündən zövq almaqdır"

Avqustun 15-də Azərbaycandakı diplomatik fəaliyyəti başa çatacaq Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburq və həyat yoldaşı Kxan Tran redaksiyamızın qonağı olub. Qonaqlar Azərbaycanla bağlı təəssüratlarını Modern.az-la bölüşüblər. Müsahibənin sonuncu hissəsini təqdim edirik:

- Siz Azərbaycanla Avstriya arasında "yumşaq güc" diplomatiyasını fəal şəkildə təşviq edirsiniz. Sizcə, bu cür mədəni layihələr gələcəkdə sülhə və xalqların bir-birini daha yaxşı anlamasına töhfə verə bilərmi?

- Çox istərdim ki, belə olsun. Azərbaycana gələndə Novruzun burada necə böyük əhəmiyyət daşıdığını gördüm. O zaman düşündüm ki, dünyada bu qədər münaqişə və müharibə varkən niyə insanlar birlikdə bayram edə bilməsinlər? İstər Novruz olsun, istər Pasxa, Milad və ya digər dini və milli bayramlar, bunlar insanları bir araya gətirən dəyərlərdir.

Əlbəttə, biz dünyanın taleyini kökündən dəyişə bilmərik. Amma heç nə etmədən eləcə dayansaq, bu zaman heç nə dəyişməyəcək. Ən azından dörd illik fəaliyyətimizin sonunda vicdan rahatlığı ilə deyə bilərik ki, əlimizdən gələni etdik.

Ümid edirəm ki, gördüyümüz işlərin kiçik də olsa "qartopu effekti" yaradacaq. Bu gün artıq bilirəm ki, bizim təşəbbüslərimiz sayəsində avstriyalı və azərbaycanlı gənc sənətçilər arasında əlaqələr yaranıb, onlar əməkdaşlıq edirlər. Bu, bizim üçün ən böyük uğurdur.

(Xanım Tran) - Növbəti diplomatik təyinat yerimizi hələ açıqlaya bilmirik. Amma Azərbaycanda rezidensiyamızda təşkil etdiyimiz "Körpülərin qurulması üçün salon söhbətləri silsiləsi" layihəsi çox uğurlu alındı. Müxtəlif insanları bir araya gətirən bu ənənəni növbəti ölkədə də davam etdirmək istəyirik. Ümid edirik ki, gələcəkdə Azərbaycandan olan dostlarımız da bizi ziyarət edəcək və həmin layihələrə qoşulacaqlar.

- Sizcə, bu gün Avstriyada Azərbaycan, Azərbaycanda Avstriya nə qədər sevilir? Burada ölkəniz istədiyiniz səviyyədə sevilirmi?

- Əlbəttə, Avstriyada insanlar Azərbaycanın mövcud olduğunu bilirlər. Təəssüf ki, yaxın tarixdə baş verən hadisələr səbəbindən də Azərbaycan tez-tez mediada yer alıb və insanlar ölkənizi bu xəbərlər vasitəsilə də tanıyıblar.

Bununla yanaşı, "Formula 1" yarışlarının Bakıda keçirilməsi Azərbaycan üçün çox mühüm tanıtım vasitəsidir. Bu, çox uğurlu layihədir və bu idman növünü sevən, yarışları televiziya vasitəsilə izləyən insanlar Bakı şəhərini də görürlər. 

Hazırda Avstriyadan Azərbaycana gələn turistlərin sayı artır. Əlbəttə, bu rəqəm Türkiyə ilə müqayisədə hələ çox deyil. Bunun səbəbi isə aydındır ki, Avstriyada insanlar Türkiyəni daha yaxşı tanıyırlar, Türkiyə daha yaxındır və orada böyük türk icması yaşayır. Amma ümumi mənzərəyə baxsaq, Azərbaycanda mövcud olan siyasi sabitlik, küçələrdəki təhlükəsizlik, enerji səmərəliliyi, Formula 1 kimi beynəlxalq tədbirlər ölkənizin müsbət imicinin formalaşmasına böyük töhfə verir.

Siz "Avroviziya" mahnı müsabiqəsində iştirak edirsiniz, hətta qalib də olmusunuz. Bunlar kiçik hadisələr kimi görünə bilər, amma elə deyil. Bütün bunlar əslində ölkənin beynəlxalq imicini formalaşdırır. Bir qədər əvvəl qeyd etdiyiniz "yumşaq güc" məhz budur.

Azərbaycanda Avstriyanın imicinin də yaxşı olduğunu ümid edirəm. Düşünürəm ki, insanlar Avstriyanı mədəniyyət ölkəsi kimi tanıyırlar. Eyni zamanda sənayesi inkişaf etmiş, xidmət sektoru güclü olan, texniki bilik və təcrübəyə malik bir ölkə kimi qəbul edirlər. Mən Avstriyadan olduğumu deyəndə insanlar dərhal ölkəmi tanıyırlar. Bu, hər ölkədə rast gəlinən hal deyil.

Əlbəttə, hər iki istiqamətdə tanıtımı daha da artırmaq olar. Amma məşhur bir deyim var: "Pis hadisələrlə xəbərlərə çıxmaqdansa, çıxmamaq daha yaxşıdır". Çünki əgər hansısa ölkə daim gündəmdədirsə, çox vaxt bu, xoşagəlməz hadisələrlə bağlı olur.

Mən hesab edirəm ki, Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin bu sahədə çox böyük rolu var. O, şəhərin ən yaxşı məkanlarından birində yerləşir. Bir çox insan mənə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzini gördüklərini deyiblər. İnsanlar həmin mərkəzi görürlər və bu, Azərbaycanın imkanlarından daha böyük təsir yaratmasına kömək edir. Əgər Avstriyanın da Bakıda belə bir mədəniyyət mərkəzi olsaydı, yəqin ki, bizim də tanıtımımız daha güclü olardı.

Amma mənim üçün ən vacib məsələ odur ki, hər iki ölkə bir-birinə müsbət münasibətlə yanaşır və qarşı tərəfə xoş niyyətlə baxır.

- Cənab səfir, 2022-ci ildə ilk dəfə Azərbaycana səfir kimi gələndə özünüzlə nə gətirmişdiniz, Bakıdan nə aparırsınız?

- Əlbəttə, Azərbaycana gəlməzdən əvvəl ölkə haqqında ümumi məlumatım var idi. Bir müddət ATƏT-də Avstriyanın nümayəndəliyində çalışmışdım. Orada Ermənistan, Avstriya və Azərbaycan nümayəndələri eyni formatda fəaliyyət göstərirdilər. Həmin dövrdə azərbaycanlı həmkarım var idi. O, hazırda Brüsseldə səfir kimi fəaliyyət göstərir. Həmin vaxt birlikdə işləyirdik və buna görə də region haqqında peşəkar biliklər əldə etmişdim. Düşünürəm ki, bu biliklər adi bir avstriyalının malik olduğundan daha geniş idi.

Ona görə də Azərbaycana gələndə beynimdə ilk növbədə burada mövcud olmuş münaqişə canlanırdı. Düşünürdüm ki, həmin münaqişə insanların gündəlik həyatına daha çox təsir edir. Ancaq bura gəldikdən sonra bunun əksini gördüm. Əlbəttə, münaqişənin mövcudluğunu bilirdim, lakin ölkənin gündəlik həyatında bunu düşündüyüm qədər hiss etmədim. Arzulayırdım ki, bura həddindən artıq münaqişələrin təsiri altında qalan, daim mənfi ovqat hökm sürən bir ölkə olmasın. Sevindirici haldır ki, arzularım reallaşdı.

Azərbaycanın çoxsaylı mədəni qatlarının, zəngin tarixinin və ənənələrinin şahidi oldum. İndi mən ölkəyə bütöv bir mənzərə kimi baxıram. Əslində bu, bütün ölkələr üçün keçərlidir: dünyanın istənilən ölkəsini xəritədə seçin, haqqında ilk ağlınıza gələn fikir doğru olsa belə, bir ölkəni ifadə etmək üçün kifayət deyil.

Mən Azərbaycana gəlməzdən əvvəl bu ölkə üzrə mütəxəssis deyildim. Sonra tarixini oxumağa başladım, zəngin mədəni irsi ilə tanış oldum. Əgər əvvəllər Azərbaycana kiçik bir fincan su qədər biliklə gəlmişdimsə, indi buradan sanki bütöv bir vedrə su ilə ayrılıram. Yəni artıq bu ölkə haqqında təsəvvürüm qat-qat genişdir. Burada illərlə yaşamaq, işləmək, insanlarla görüşmək, bölgələrə səfər etmək, ölkəni müşahidə etmək və təhlil etmək mənə çox zəngin təcrübə qazandırdı. Əlbəttə, hər şeyi bildiyimi iddia etmirəm, bu, mümkün də deyil. Amma əvvəlkindən qat-qat çox şey öyrənmişəm və artıq Azərbaycan haqqında həqiqi təcrübəyə sahibəm.

 - Turizm, viza və təhsil sahələrinə də toxuna bilərsiniz, iki ölkə arasında turist axınının artırılması üçün hansı imkanları görürsünüz? Səfirliyiniz ildə təxminən neçə viza verir?

- Son illərdə hər iki istiqamətdə turist sayında artım müşahidə olunur. Bunun əsas səbəblərindən biri AZAL-ın Bakı-Vyana arasında birbaşa uçuşlara başlamasıdır. Biz Azərbaycana gələndə belə reys yox idi. Hazırda isə mövsüm ərzində həftədə dörd dəfə birbaşa uçuş həyata keçirilir.

Əlbəttə, Avstriyaya yalnız turistlər getmir. BMT, ATƏT və digər beynəlxalq təşkilatlarla bağlı tədbirlərdə iştirak edənlər, iş adamları və müxtəlif konfransların iştirakçıları da kifayət qədərdir. Amma turizm də sürətlə inkişaf edir.

Biz mümkün qədər çox viza verməyə çalışırıq. Əgər bütün tələblər yerinə yetirilirsə, insanların Avstriyaya səfərinə mane olmaq istəmirik. İstəyirik ki, azərbaycanlılar ölkəmizi görsün, mədəniyyətimiz və təbiətimizlə yaxından tanış olsunlar.

Səfirliyimiz ildə təxminən 6 min viza verir və müraciətlərin təxminən 95 faizi müsbət cavablandırılır. Mən daha əvvəl elə ölkələrdə çalışmışam ki, orada imtina faizi xeyli yüksək idi. Azərbaycanda isə vəziyyət tam fərqlidir.

Bəli, viza proseduru heç kimin xoşuna gəlmir. Amma vətəndaşlara həmişə tövsiyə edirik ki, müraciətlərini səfərdən bir-iki gün əvvəl deyil, mümkün qədər erkən təqdim etsinlər. Çünki bəzən texniki baxımdan qısa müddətdə sənədləri yekunlaşdırmaq mümkün olmur.

Mədəniyyət sahəsində isə xüsusi həssaslıq göstəririk. Əgər Avstriyada keçiriləcək mədəni tədbirə qatılmaq üçün müraciət daxil olursa, həmin şəxslərə ən qısa müddətdə görüş vaxtı təyin edilir ki, səfərləri baş tutsun.

(Kxan Tran) - Biz gəncləri də həmişə təşviq edirik ki, Avstriyada dostlar qazansınlar, universitetlər və müxtəlif təşkilatlarla əlaqələr qursunlar. Bu həm onların şəxsi inkişafı üçün faydalıdır, həm də viza prosesində etibarlı dəvət məktubunun olması baxımından üstünlük yaradır.

(Səfir) - Əlimizdən gələn hər şeyi etməyə çalışırıq. Bəzən qaydalara əsasən vizadan imtina etməli oluruq və bu, mənim üçün də xoş deyil. Mən də istərdim ki, insanlar Avropaya sərbəst səyahət edə bilsinlər. Təəssüf ki, hazırda qaydalar belədir. Amma mövcud imkanlar çərçivəsində hər zaman insanlara kömək etməyə çalışırıq.

- Avstriyanın ali təhsil sistemi azərbaycanlı tələbələr üçün nə dərəcədə cəlbedicidir?

- Mən səfirlikdə həm viza, həm də yaşayış icazəsi ilə bağlı müraciətləri izləyirəm və deyə bilərəm ki, onların sayı kifayət qədər çoxdur. Üstəlik, bu göstəricilər ildən-ilə artır. Xüsusilə texniki ixtisaslar və tibb sahəsində Avstriya universitetlərinə böyük maraq var. Universitetdən qəbul alan tələbələr vizanı da, demək olar ki, avtomatik şəkildə əldə edirlər. Yəni elə bir vəziyyət yaranmır ki, universitet tələbəni qəbul etsin, ama viza verilməsin. Müraciətlərin sayının artmasını çox müsbət qiymətləndirirəm. Amma biz "beyin axını"nın tərəfdarı deyilik. Əlbəttə, istedadlı və savadlı gənclərin ölkəmizə gəlməsi yaxşı haldır. Lakin istəyirik ki, onlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıtsınlar və gələcəklərini burada qursunlar. Eyni zamanda Avstriyaya qarşı da səmimi bağlılıqları qalsın. Belə olan halda onlar ölkələrimiz arasında dostluq körpüsü və qeyri-rəsmi səfir rolunu oynaya bilərlər.

- Bəs tələbə mübadiləsi və ümumilikdə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün hansı yeni imkanları görürsünüz?

- Bu sahədə qapılarımız tam açıqdır. Qeyd etdiyim kimi, hazırda ADA Universitetində avstriyalı professor fəaliyyət göstərir. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ilə də çox yaxşı dostluq münasibətlərimiz var. O, bu sahədə çox fəaldır və iki ölkə arasında körpü rolunu oynayır. ADA Universitetinə bir neçə dəfə səfər etmişəm və bu ali məktəbə böyük hörmətlə yanaşıram. Doğrudan da, təsiredici ali təhsil müəssisəsidir. Bizim də Diplomatik Akademiyamız var, amma ADA Universiteti daha genişmiqyaslıdır. Burada çoxlu sayda xarici tələbənin, Afrikadan, Hindistandan, Pakistandan gələnlərin, xüsusilə tibb ixtisası üzrə təhsil aldığını görürəm. Bu isə göstərir ki, tələb olarsa, əməkdaşlıq üçün sonsuz imkanlar mövcuddur. Dediyim kimi, Avropada qapılarımız bütün təkliflərə açıqdır.

- Avstriyada yaşayan azərbaycanlılar əsasən hansı sahələrdə çalışırlar? Onlar daha çox hansı peşələrə üstünlük verirlər?

- Düşünürəm ki, əsasən tibb və müxtəlif texniki sahələrdə fəaliyyət göstərirlər. Məni təəccübləndirən məqamlardan biri odur ki, Azərbaycandan neft və qaz sahəsi üzrə Avstriyaya təhsil almağa gələn tələbələrin sayı çox deyil. Amma bunun da səbəbi aydındır: biz neft və qaz hasil edən ölkə deyilik. Bununla belə, hesab edirəm ki, Azərbaycanda bu sahə üzrə çox güclü universitetlər var. Digər tərəfdən, mən alman dili və ya Azərbaycan dili üzrə təhsil alan çox tələbəyə rast gəlmirəm. Daha çox konkret peşələr, tibb və texniki ixtisaslar seçilir.

- Azərbaycanda işlədiyiniz müddətdə ölkənin hansı bölgələrinə səfər etmək imkanınız olub?

- Demək olar, hər yerdə olmuşuq. Şəkidə iki dəfə olmuşuq, hətta oradan Gürcüstan istiqamətinə qədər getmişik. Lahıcda olmuşuq. Motosikletlə ölkənin müxtəlif bölgələrinə səyahət etmişik. Səyahət etməyi çox sevirik. İsmayıllıya, Şamaxıya, Gəncəyə, Lənkərana getmişik. Ümumiyyətlə, Azərbaycanın demək olar ki, bütün bölgələrini görmüşük.

- Azərbaycanın bölgələrində sizi ən çox təəccübləndirən və ya heyran edən nə oldu?

- Ən çox diqqətimi çəkən təbiətin müxtəlifliyi oldu. Avstriyada dağlara qalxdıqca yaşıllıq azalır. Azərbaycanda isə tam əksidir: Bakının ətrafında bitki örtüyü sıx deyil, amma Şamaxıya doğru yüksəldikcə hər yer yaşıllaşır. Bu, mənim üçün çox maraqlı idi. Həmçinin o rəngarəng dağlar... Belə mənzərələri Avstriyada görmürük. Ümumiyyətlə, Azərbaycanda iqlim zonalarının bu qədər fərqli olması məni təəccübləndirdi. Bir neçə saat yol gedirsiniz və tamamilə başqa təbiətlə qarşılaşırsınız. Bu, mənim üçün çox maraqlı müşahidə idi. Hətta səhra kimi görünən dağlarda belə müxtəlif rəng çalarları var. Bizdə buna bənzər mənzərələr yoxdur. Xızı və Siyəzəndəki qırmızı dağlar, hətta onlara şəkər qamışı dağları da deyilir. Həmin dağlara heyran qaldıq. 

- Bəs Qarabağa, Şuşaya səfər etmək imkanınız olubmu?

- Zəngilana səfər etmişik. Orada aparılan tikinti və bərpa işləri bizi çox təsirləndirdi. Yenidənqurma işləri həqiqətən sürətlə aparılır, çox qısa müddətdə böyük işlər görülüb. Kəlbəcərdə və Şuşada hələ olmamışam, amma Şuşaya mütləq getmək istəyirəm.

- Bir az da mətbəx və adət-ənənələrdən danışaq. Bu cəhətdən sizi Azərbaycanda ən çox nə valeh edib?

- Məni təəccübləndirən o oldu ki, Azərbaycan mətbəxi ilə Vyana mətbəxi arasında müəyyən oxşarlıqlar var. Tarixi təsirlərin nəticəsi olaraq bəzi yeməklər və onların hazırlanma üsulları bir-birinə bənzəyir. Məsələn, müxtəlif növ kabablar, odda bişirilən ətlər, quzu əti. Biz Avstriyada quzu ətini o qədər də çox istifadə etmirik, amma burada onun dadı mənə daha zəngin və ləzzətli gəldi. Ona görə də burada qızardılmış və ya közdə bişirilmiş ət yeməklərini çox bəyənirəm. Həmçinin müxtəlif növ çörəkləri də bəyənirəm. Şirniyyatlardan isə paxlavanı çox sevirəm. Paxlava Avstriyada da çox bilinir. Ümumiyyətlə, Azərbaycan mətbəxində çeşidlərin çoxluğu diqqətimi çəkdi. Sizdə yalnız bir əsas yemək təqdim olunmur, masa çox zəngindir. Meyvə və tərəvəzlərinizi də çox sevirik. Meyvə mövsümü başlayanda əməkdaşlarımıza həmişə deyirik ki, mütləq gilas alsınlar, çiyələk də möhtəşəmdir. Çünki onların dadı Avropada sənaye üsulu ilə yetişdirilən məhsullarla müqayisədə daha təbii və zəngindir. Mənim ən çox xoşuma gələn yeməklər qutab və kababdır.

- Bəs xanım Tranın ən sevdiyi yemək hansıdır?

- Bu, günün hansı vaxtı olmasından asılıdır. Əslində mən Azərbaycan mətbəxinin bütün təamlarını sevirəm. Xüsusilə səhər süfrəsini çox bəyənirəm, çünki çox zərif şəkildə bəzədilir. Şəkidə yediyimiz pitini də çox bəyəndim, ağız dadıma uyğundur. Ümumiyyətlə bizi burada valeh edən təkcə bir yemək deyil, Azərbaycan mətbəxinin zənginliyi və müxtəlifliyidir.

- Siz bundan əvvəl Avstriyanın Vyetnamdakı səfiri kimi fəaliyyət göstərmisiniz. Diplomat kimi Vyetnam və Azərbaycan arasında əsas fərqləri nədə görürsünüz?

- Çətin sualdır. Hər dəfə yeni bir ölkəyə gələndə ən böyük vəzifəm həmin ölkənin insanlarının necə düşündüyünü anlamaq olur. İndiyədək yeddi müxtəlif ölkədə çalışmışam. İnsanların düşüncə tərzi dinindən, mədəniyyətindən, tarixindən və iqlimindən asılı olaraq formalaşır. Vyetnam din, mədəniyyət, tarix və iqlim baxımından Azərbaycanla müqayisədə tamamilə fərqlidir. Amma təxminən bir ildən sonra həmin ölkəyə uyğunlaşmağa başlayırsınız. Çünki reallıq budur ki, qarşı tərəf sizə deyil, siz qarşı tərəfə uyğunlaşmalısınız. Səfirlikdə çalışan yerli əməkdaşların iş mədəniyyətini qəbul etmək lazımdır. Azərbaycanda isə mənim üçün uyğunlaşmaq Vyetnamla müqayisədə daha asan oldu. Çünki burada, Vyanadakı kimi, opera tamaşalarına getmək, klassik musiqi tədbirlərində iştirak etmək mümkündür. Hətta Bakıda Vyana balı təşkil etmək olur. Bu baxımdan Azərbaycan mədəni cəhətdən Avropaya daha yaxındır.

- Cənab səfir, dörd ilə yaxındır ki, Azərbaycandasınız. Bizdə zarafatla deyirlər ki, hər kişi həyat yoldaşına hörmət edir, amma bir az da ondan çəkinir. Sizdə də belədir? Avstriyada və ya Vyetnamda buna bənzər yanaşma varmı?

- Bu sual mənə uşaqlığımı xatırlatdı. Mən 6-7 yaşımda olanda (1970-ci illərin Avstriyası) anam bank hesabı açmaq istəyərkən atamın imzası tələb olunurdu, bunu təkbaşına edə bilmirdi. Bu gün isə Avstriyada hansısa bank qadından ərinin icazəsini istəsə, böyük qalmaqal yaranar. Avropada son iki nəsildə qadının cəmiyyətdəki rolu və gender bərabərliyi köklü şəkildə dəyişib. Azərbaycanda da dövlət siyasətinin gender bərabərliyini dəstəklədiyini görürəm. Öz ailəmə gəlincə, mən də hər kəs kimi həyat yoldaşımdan çəkinirəm (gülür). Məsələn, bu müsahibə barədə mənə yazanda cavab vermişdim ki, əvvəlcə "Ali Baş Komandanımdan" icazə almalıyam. O da buna çox gülmüşdü. Əlbəttə, bu sadəcə zarafatdır. İnsan qorxu üzərində qurulmuş ailədə yaşaya bilməz. Əsas məsələ qarşılıqlı hörmətdir. 

- Bildirirsiniz ki, motosiklet sürməyi çox sevirsiniz və uzunməsafəli səyahətlər etmisiniz. Bu həvəs nə vaxt başlayıb? Motosiklet həvəskarı oxucularımıza nəyi məsləhət görərdiniz?

– Motosiklet sürməyə Vyetnamda başlamışam. Gənc yaşlarımda təhlükəli olduğunu düşündüyüm üçün qəsdən vəsiqə almamışdım. Sonra Vyetnama təyin olundum. Burada əhalinin 90%-i skuter və ya motosikletdən istifadə edir. Yaşadığım ölkəyə uyğunlaşmaq üçün əvvəlcə kiçik "Vespa" aldım. Sonra Avstriyada kurs keçib rəsmi vəsiqə əldə etdim. 35 illik avtomobil təcrübəm var idi, bu da yoldakı digər sürücülərin davranışını düzgün qiymətləndirməyimə çox kömək edir. Motosiklet sürənlərə tövsiyəm budur ki, həmişə ehtiyatlı olsunlar, sürəti artırmağa və başqalarını ötərək özləırini sübut etməyə çalışmasınlar. Çünki motosikletdə sizi qoruyan heç nə yoxdur. Səyahət zamanı əsas məqsəd "A" nöqtəsindən "B" nöqtəsinə tez çatmaq deyil, yolun özündən zövq almaqdır.

- Siz Bakıdan Vyanaya motosikletlə getmisiniz. Yol xəritənizi bizim üçün təsvir edə bilərsinizmi?

- İlk növbədə qəsdən mənzərəli dağ marşrutu olan Şəkini seçdik. Şəkidən sonra Tbilisiyə, oradan Batumiyə yollandıq. Gürcüstandan Türkiyəyə keçərək Trabzon, Sinop, İstanbul və Ədirnə marşrutu ilə hərəkət etdik. Daha sonra Bolqarıstana daxil olduq (Plovdiv və Sofiya), Dunay çayını keçərək Rumıniyanın qərbindən, Macarıstanın şərqindən və Slovakiyadan keçib Vyanaya çatdıq. Avropa İttifaqı sərhədlərini dəfələrlə keçməmək üçün bu marşrutu seçdik. Səfər zamanı öyrəndim ki, Avropadakı "Yaşıl Kart" beynəlxalq sığorta sisteminə Azərbaycan da daxildir və bu, sənədləşməni xeyli asanlaşdırdı. İndi "Google Maps" və "Booking.com" kimi platformalar sayəsində belə səfərləri planlaşdırmaq çox rahatdır.

- Belə uzun səfərlər həm fiziki güc, həm də psixoloji dözümlülük tələb edir. Doqquz dil bilirsiniz. Fiziki güclə zehni gücü özünüzdə necə qoruyursunuz?

- Bunun üçün xüsusi olaraq ağırlıq məşqləri edirəm. Gün ərzində saatlarla eyni vəziyyətdə oturduğun üçün əzələlərin hazır olmalıdır. Yaxşı fiziki formada olmaq yolda diqqəti qorumağa kömək edir. Həmçinin istiqamət duyumum da çox güclüdür. Motosikletdə yük yeri məhdud olduğu üçün yalnız zəruri əşyaları götürməyi və planlı olmağı öyrənirsən. Bəzən bütün günü yağış altında, 3 dərəcə istilikdə yol getməli olursan. Belə anlarda insanı irəli aparan əsas güc iradədir. Cütlük olaraq səyahət etmək də sınaqdır. Xoşbəxtlikdən biz çox harmonik cütüyük və bu, hər şeyi asanlaşdırır.

- Bizdə belə bir deyim var: "Hər güclü kişinin arxasında güclü bir qadın dayanır". Cənab səfir bu fikrə qatılırmı?

- (Gülümsəyir) Əlbəttə, mən bu fikirlə tam razıyam. Vyanada da eynilə belə düşünürlər.

Töhfə Səməd 
Turqay Musayev 
Foto: Samir Məcidov 

Sizə yeni x var
Keçid et
Rusların kütləvi qaçışı başladı: Ermənistanda kirayə mənzil axtarışı