Bu gün Qərbi Azərbaycan TV-nin fəaliyyətə başlamasından üç il ötür.
Modern.az xəbər verir ki, cəmi üç il ərzində televiziya təkcə media platforması kimi deyil, həm də Qərbi Azərbaycan həqiqətlərinin, deportasiya tarixinin, milli yaddaşın və doğma yurda qayıdış ideyasının əsas təbliğatçılarından birinə çevrilib.
Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleləri, unudulmağa qoyulmayan xatirələri, dağıdılmış tarixi-mədəni irsimiz, məhv edilmiş məscidlərimiz, qəbiristanlıqlarımız, yaşayış məntəqələrimiz və əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimiz məhz bu ekran vasitəsilə həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq auditoriyaya çatdırılıb.
Qərbi Azərbaycan TV bu illər ərzində yalnız xəbərlər yayımlamayıb. O, Qərbi Azərbaycanın folklorunu, musiqisini, adət-ənənələrini, mətbəxini, dialektini və zəngin mədəni irsini yaşadan, gələcək nəsillərə ötürən mühüm informasiya körpüsünə çevrilib.
Bu gün Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının geniş ictimaiyyətə çatdırılmasında, tarixi həqiqətlərin beynəlxalq müstəvidə tanıdılmasında və milli həmrəyliyin gücləndirilməsində televiziya özünəməxsus rol oynayır.
Üç il ərzində formalaşan peşəkar kollektiv göstərdi ki, Qərbi Azərbaycan mövzusu yalnız tarix deyil, həm də gələcəyə hesablanmış milli ideyadır. Bu ideyanın səsinin daha uzaqlara çatmasında Qərbi Azərbaycan TV mühüm missiya yerinə yetirir.
Qərbi Azərbaycan TV-ni 3 illik yubileyi münasibətilə təbrik edir, kollektivinə yeni yaradıcılıq uğurları, daha geniş auditoriya və Qərbi Azərbaycanın haqq səsinin dünyanın hər yerinə çatdırılması yolunda yeni nailiyyətlər arzulayırıq.

