Avqustun 15-də Azərbaycandakı diplomatik fəaliyyəti başa çatacaq Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburq və həyat yoldaşı Kxan Tran redaksiyamızın qonağı olub. Qonaqlar Azərbaycanla bağlı təəssüratlarını Modern.az-la bölüşüblər.
- Bəs sizcə, Qərb və Şərq bir yerdə həqiqətən də xoşbəxt ola bilərmi?
- (Səfirin xanımı Kxan Tran söhbətə davam edir) - Mən də elə onu demək istəyirdim. Azərbaycana baxın, burada necə böyük tolerantlıq və dərinlik var. Bura gəlməzdən əvvəl, təbii ki, bütün əcnəbilər kimi Azərbaycanı yalnız neft-qaz ölkəsi, keçmiş sovet respublikası kimi təsəvvür edirdik.
Lakin burada tarixinizdən, poeziyanızdan gələn böyük bir təbəqə var. Mədəniyyətiniz, dilinizin dərinliyi... (həvəslə danışır) "Körpülər" layihəmizin bir gecəsini Nəsimiyə həsr etmişdik. Onun məşhur şeirləri Azərbaycan mədəniyyətini tam əks etdirir. Bu mədəniyyət çox azaddır, bu gün əsən külək kimidir, hər zaman hərəkətdədir. Siz bütün bunlarla gələcəyə doğru irəlilədikcə, bəlkə də dünyanın birləşdirici halqasına çevriləcəksiniz.

- Səfirliyin təşkilatçılığı ilə keçirilən “İnklüziv Cəmiyyət üçün Vyana Balı” böyük maraqla qarşılandı. Bu tədbir ənənəvi xarakter alacaqmı?
- Ümid edirəm ki, xələfim bu ənənəni davam etdirəcək. Mən bunu ona mütləq tövsiyə edəcəyəm. "Vyana Balı" təşkil etmək kifayət qədər asandır və səfirliklərimiz bunu dünyanın bir çox yerində edirlər.
Lakin bizim məqsədimiz sadəcə vals oynayıb Avstriya şərabı içilən adi bir bal təşkil etmək deyildi. Məqsəd həm də xüsusi qayğıya ehtiyacı olan uşaqları bura cəlb etmək idi. Həyat yoldaşımın xeyriyyəçilik fəaliyyəti sayəsində bu uşaqları da dəvət etdik. Əlil arabasında olan, autizmli və ya digər xüsusi qayğıya ehtiyacı olan insanlar gəlib rəqs edərək gözəl bir gecə keçirdilər.
- (Səfirin həyat yoldaşı davam edir) Opera müğənnisi olan dostumuzla birgə bunu reallaşdırdıq. Azərbaycanda bu klassik ruh onsuz da var. Məsələn, mənim Vyetnamdakı köklərimdən fərqli olaraq, "Vyana Balı" Avropa təsirinə görə bəlkə də ora daha uzaqdır. Lakin biz gördük ki, "Vyana Balı" və ya klassik musiqi mühiti Azərbaycan üçün heç də yad deyil. Biz "Vyana Balı"nı yerli sənətçilərlə elə Azərbaycandaca təşkil edə bildik.
Milli İncəsənət Muzeyinin möhtəşəm məkanı da bu bədii ruhu daha da artırdı. Ənənəvi "Vyana balları"ndan fərqli olaraq, xeyriyyəçiliyi elə balın gedişində, xüsusi qayğıya ehtiyacı olan insanlarla birgə etdik ki, hər kəs bundan zövq ala bilsin. Bu, Vyana mədəniyyətinin Azərbaycan mədəniyyətindən o qədər də uzaq olmadığını göstərdi. Çünki klassik musiqi Avstriya və Azərbaycan arasında gözəl bir körpüdür.
- Yaxın aylarda Azərbaycan ictimaiyyətini Avstriya Səfirliyinin təşkilatçılığı ilə hansı mədəni təşəbbüslər, konsertlər və ya sərgilər gözləyir?
- Payızda bir neçə konsert və bəlkə də incəsənət sərgisi planlaşdırırıq. Hələlik dəqiqləşməyib, lakin mədəniyyət sahəsindəki fəaliyyətimizi mütləq davam etdirəcəyik.
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə çox sıx əməkdaşlığımız var. Böyük təcrübə mübadiləsi mövcuddur. Səfirliyimizin heyəti kiçik olduğu üçün resurslarımızı düzgün bölüşdürməliyik. Buna baxmayaraq, iqamətgahımızda 5-6 gecədən ibarət tədbirlər silsiləsi keçirməyə nail olmuşuq.
Həm də səfirlik təşkilatçıdan ziyadə, hər iki istiqamətdə insanları bir-birinə bağlayan bir vasitəçidir. Ümid edirəm ki, payızda daha çox layihələrimiz olacaq.
- Azərbaycanın mədəni irsinin hansı aspekti sizdə daha çox təəssürat yaratdı?
- Vahidlikdəki rəngarənglik... Bir əcnəbi kimi Azərbaycan haqqında ilk eşidə biləcəyiniz şey onun müsəlman ölkəsi olmasıdır. Lakin bu, kimliyi tam müəyyən edən amil deyil, çünki İndoneziyadan Mərakeşə qədər fərqli müsəlman ölkələri var.
Məsələn, Novruz bayramının burada bu qədər mühüm olması məni çox təəccübləndirmişdi. İranda Novruz haqqında eşitmişdim, lakin bunun burada belə mühüm bayramlardan biri olduğunu gözləmirdim. Novruz zəngin mədəni irsdir. Sizin mədəniyyətiniz müxtəlif təbəqələrdən ibarətdir. Türk dünyasının, İslam dünyasının bir hissəsiniz və bunlar arasında tam harmoniya var.
Xristianlar, yəhudilər, hamı burada harmoniya içində yaşayır. Hər kəs özünü azərbaycanlı kimi tərif edir. Sizi təyin edən tək bir dini və ya mədəni amil yoxdur, müxtəliflik var və cəmiyyət bundan çox məmnundur.
Multikulturalizm burada dövlət siyasətidir. Mən Multikulturalizm Mərkəzində olmuşam, rəhbərini tanıyıram. Dörd il əvvəl bura gəlməzdən öncə Vyanadakı İmperator Sarayında bu mərkəz tərəfindən böyük bir tədbir təşkil olunmuşdu. Mən Azərbaycandakı bütün dini liderlərlə ilk dəfə Vyanadakı həmin konfransda görüşmüşdüm.
Bu, yalnız dövlət siyasəti deyil, həm də insanların istəyidir. Bakıda erməni kilsəsi də var. Avropada və ya digər ölkələrdə hiss olunan gərginliyi burada hiss etmirsiniz. Mən buradakı Yəhudi icması ilə sıx təmasdayam. Onlar burada yaşamaqdan çox xoşbəxtdirlər, çünki nə dövlət, nə də cəmiyyət səviyyəsində heç bir antisemitizm yoxdur. Avropada dövlətlər antisemitizmlə mübarizə aparsa da, küçələrdə insidentlər olur, lakin burada belə hallarla qarşılaşmırsınız.
- Avstriyada Azərbaycan mədəniyyətinin bir yönünü nümayiş etdirmək imkanınız olsaydı, musiqini, təsviri sənəti, ədəbiyyatı, yoxsa kinonu seçərdiniz?
- Şəxsən mən musiqini seçərdim, çünki musiqi hər zaman mənim üçün ən böyük təsirə malik qüvvə olub. Əlbəttə, rəsmləri, ədəbiyyatı və poeziyanı da sevirəm. Lakin haradasa konsert zalında əyləşib həmin ölkənin peşəkar musiqiçilərinin öz musiqilərini ürəkdən ifa etməsini dinləmək mənim daha çox xoşuma gəlir. Ona görə də ilk növbədə musiqini təqdim edərdim.
(Xanımı Kxan Tran xatırladır) - Biz artıq bunu demək olar ki, etmişik. Məsələn, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrini dəvət etmişdik və onlar iqamətgahımızda Ştefan Sveyq haqqında bir səhnəcik təqdim etmişdilər. Bu, bizi həqiqətən çox təsirləndirdi.
(Səfir davam edir) -Ştefan Sveyq avstriyalı yazıçıdır. O, köhnə Avstriya monarxiyasının və Avropadakı bütün sistemin çökməsindən, bu prosesin gətirdiyi ağrılardan bəhs edən avtobioqrafik əsər yazmışdı. İncəsənət Universiteti ilə əlaqə saxladıq, onlar bu mövzunu götürüb kiçik bir teatr tamaşası hazırladılar. Çox gözəl alındı.
(Kxan Tran həvəslə danışır) - Bəli, çox xoş idi. Həmçinin Vyana Balı gecəsində tələbələr çox maraqlı bir səhnəcik canlandırdılar. Avstriyalı bəstəkar İohann Ştraus ilə Üzeyir Hacıbəyli arasında xəyali bir söhbət canlandırılmışdı. Çox yaradıcı idi! Avstriya və Azərbaycanın bu iki böyük bəstəkarının zamanlararası dialoqu həqiqətən çox özəl idi.
- Cənab səfir, siz mədəniyyət naziri Adil Kərimli ilə də görüşmüsünüz. Kino, muzeyşünaslıq və mədəni irsin qorunması ilə bağlı hansı konkret addımlar atıldı?
- Biz burada abidələrin bərpası çərçivəsində əməkdaşlığımızı davam etdirdik. Nazirlə görüşdə gördüyümüz işlər, konsertlər və digər layihələr barədə onu məlumatlandırmağı vacib hesab etdim.
Biz Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edirik, həmçinin ADA Universitetində memarlıq üzrə avstriyalı professor da dərs deyir. Bilirsiniz, mən çox böyük və təmtəraqlı tədbirləri sevmirəm, çünki bütün bir ilin enerjisini bir gecəyə sərf edirsən və sonra o bir neçə saat içində yox olub gedir. Biz daha çox insanları bir-birinə bağlamağa, tələbələr, universitetlər, mətbuat arasında təmaslar yaratmağa çalışırıq.
Buna görə də iqamətgahımızda bu silsilə tədbirləri təşkil etdik. Əvvəlcə düşündük ki, maraq olmasa davam etmərik, lakin maraq və medianın diqqəti anbaan artırdı. Bizim yanaşmamız bir böyük layihə əvəzinə, çoxlu kiçik və davamlı işlər görməkdir.
(Xanım Tran) - Sizin çox maraqlı, yaradıcı və istedadlı gəncləriniz var. Onlar özləri təşəbbüs göstərir, ideyalar təklif edirlər. Biz sadəcə bir platforma yaradır və ilk addımı atırıq, gəncləri həvəsləndiririk ki, gəlib özlərini təqdim etsinlər.
(Səfir Tomas Şuller-Qötzburq) - Bir dəfə İçərişəhərdə iki gənc qızın küçə musiqisi ifa etdiyini gördük. İfaları möhtəşəm idi. Onları iqamətgahımızdakı tədbirlərdən birinə dəvət etdik və onlar orada çıxış etdilər.
(Kxan Tran) - Bəli, onlar bizə tezliklə ilk albomlarını çıxaracaqlarını deyirdilər. İçərişəhərdə gəzərkən gördüyümüz həmin iki gənc musiqiçi iqamətgahda çıxış etmək dəvətimizə inana bilmirdilər. Lakin yoldaşımla mən insanlara imkan yaratmağı sevirik. İnsanlardan, xüsusən gənclərdən çox şey öyrənirik. Tanınmış şəxsləri onsuz da hamı tanıyır, lakin hələ yolun başında olanların bu cür imkanlara ehtiyacı var. İdeya bizim olsa da, əsas işi görən həmin fəal gənclərdir.

- Bəs Azərbaycan Avstriyanın zəngin təcrübəsindən daha çox hansı sahələrdə yararlana bilər?
- Mən buna hər zaman ikitərəfli baxıram. Dediyim kimi, rəqəmsallaşma, infrastruktur kimi sahələrdə hər iki tərəf bir-birindən öyrənə bilər. Avstriyalılar olaraq bura gəlib "biz hər şeyi bilirik, siz bizdən öyrənməlisiniz" demək düzgün olmazdı. Məsələn, Avstriyada "ASAN xidmət" kimi sistemimiz yoxdur. Orada sənəd almaq üçün bir neçə ünvana getməli olursan. Biz də hazırda bunun üzərində işləyirik.
(Həyat yoldaşı xatırladır) - Dağ bələdçiliyi ideyası da var idi, axı sən də dağ bələdçisisən.
- (Səfir) - Bəli, bu yaxşı nümunə ola bilər. Avstriyada dağlar çoxdur. Orada dağ yürüşçülərini yönləndirən inkişaf etmiş xəritə, tətbiq və gecələmə infrastrukturu var. Azərbaycanda bu sahədə müəyyən çatışmazlıqlar hiss olunur. Məsələn, Lahıca gedəndə gəzib görmək istəyirsən. Lakin dağlar arasında yürüyüş edib geri qayıtmaq elə də asan deyil. Orada telefonlarımızdakı xəritə proqramı da heç düzgün işləmir. Bu çatışmazlıq isə insanda narahatlıq yaradır. Buna görə də təklif edərdim ki, dəqiq dağ xəritələrinin yaradılması və turizm sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirək.
Avropalılar Alpı yaxşı tanıyırlar, lakin Qafqazda, Gürcüstandan başlayıb bura qədər uzanan dağ yürüşü marşrutu möhtəşəm ideya olardı.
- Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bakıda Avstriya Mədəniyyət Mərkəzinin yaradılması iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə fayda verə bilərmi?
- Birmənalı olaraq, bəli. Məsələn, hazırda Azərbaycan Dillər Universitetində Avstriya Kitabxanası fəaliyyət göstərir. Avstriyanın dünyada çox sayda mədəniyyət institutu yoxdur. Azərbaycanın Vyanada böyük və fəal mədəniyyət mərkəzinin olması məni çox heyran edir. Sənətçilərinizin ora getməsi üçün mənə daxil olan çoxsaylı viza müraciətlərindən də bunun şahidi oluram.
Bakıda belə bir mərkəzin açılması əməkdaşlığımızı şübhəsiz artırardı. Lakin Avropadakı bütün hökumətlər kimi biz də büdcəyə qənaət rejimindəyik. Ona görə də yaxın gələcəkdə bənzər bir mərkəzin açılacağını düşünmürəm.
Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova ilə yaxşı münasibətlərimiz var. Onlar iqamətgahımızdakı tədbirlərdə bir neçə dəfə iştirak ediblər. İçərişəhərdə şam yeməyində də görüşmüşük. Yoldaşını da tanıyırıq, sıx münasibətimiz var. Vyanada nə qədər fəal olduqlarını görürəm. Leyla xanımdan ayda ən azı iki dəfə əməkdaşlıqla bağlı məktub alıram və bunu məmnuniyyətlə icra edirəm. Biz yaxın dostuq.
- Bəs mədəniyyət sizi dostlaşdırdı, yoxsa əvvəlcə dost olub sonra mədəni əlaqələr qurdunuz?
- (Sözə xanım Tran başlayır) - Düşünürəm ki, əvvəlcə dostluq gəlir. İnsanlarla qarşılaşanda ilk növbədə göstərilən səmimiyyətə diqqət yetirirəm. Azərbaycanda çoxlu səmimi insanla qarşılaşdıq və bu səmimiyyət bizdə dilinizi və mədəniyyətinizi öyrənmək həvəsi yaratdı. Bizim üçün ilk addım həmişə bu isti münasibət olub. O olmadan heç bir mədəni mübadilə baş tuta bilməz.
(Səfir) - Tamamilə razıyam. Əlavə edim ki, statusumuzla bağlı bizimlə maraqlanan çox insanla görüşürük, lakin bu, həmişə dostluğa çevrilmir. Əgər arada yaxşı bir münasibət yaranırsa, əməkdaşlıq daha rahat olur. Məsələn, Leyla xanım və ya məşhur opera müğənnisi Fidan Hacıyeva ilə olduğu kimi. Fidan xanımla tanış olduqdan sonra o, iqamətgahımızda "Nəsimi" operası haqqında sənədli film çəkdi. Proses formallıqdan çıxıb təbii formada inkişaf edəndə işləmək də daha maraqlı olur.
- Sizcə, avstriyalıların Azərbaycan mədəniyyəti haqqında bilməli olduğu ən mühüm məqam nədir?
- Düzünü desəm, bunu bir məqamla ifadə etmək çox çətindir. Azərbaycan mədəniyyətini yalnız bir xüsusiyyətlə təsvir etmək mümkün deyil. Elə əsas cavab da budur.
Məsələn, Avstriya deyəndə insanların ağlına ilk növbədə klassik musiqi gəlir. Halbuki ölkəmizin mədəniyyəti bundan qat-qat zəngindir. Sadəcə, klassik musiqi Avstriyanın simvollarından birinə çevrilib.
Azərbaycanla bağlı mənim ilk tanış olduğum mədəniyyət nümunəsi isə muğam olub. Daha sonra ədəbiyyatınızı, milli rəqslərinizi kəşf etdim. Xüsusilə Qafqaz rəqsləri məni valeh etdi. (Həyəcanla danışır) O enerjini, o çevikliyi sözlə ifadə etmək çətindir.
(Kxan Tran) - Bir dəfə uşaq bağçasında çıxış edən balaca bir oğlanın rəqsini izlədik. Ayaqlarını elə sürətlə hərəkət etdirirdi ki, heyran qalmışdıq.
(Səfir) - Bəli, Azərbaycan mədəniyyəti çoxqatlı və olduqca zəngindir. Təbii ki, hər ölkə ilə bağlı müəyyən stereotiplər olur. Məsələn, xalçaları götürək. Adətən xalça döşəmədə olduğu üçün insanlar ona adi məişət əşyası kimi baxırlar. Amma Azərbaycanın xalçaçılıq ənənəsi inanılmaz dərəcədə zəngindir.
Bu baxımdan mən xüsusilə fəxr edirəm ki, Azərbaycan Milli Xalça Muzeyinin binası avstriyalı memar tərəfindən layihələndirilib. Bu, ölkələrimiz arasında əməkdaşlığın gözəl nümunələrindən biridir. Memarın adı Frans Yantsdır. O, Avstriyada çox tanınmasa da, Vyanada bir sıra mühüm binaların, o cümlədən şəhərin ən hündür ofis qülləsinin müəllifidir.
Xalça Muzeyinin layihəsində o, müasir memarlıq üslubunu Azərbaycanın qədim xalça sənəti ilə birləşdirməyə çalışıb və nəticədə həqiqətən unikal memarlıq nümunəsi ortaya çıxıb. Azərbaycanda bu qədər böyük və möhtəşəm xalça muzeyinin olması bizi çox təsirləndirdi. Dünyada belə muzeylər çox azdır.
Yəni Azərbaycan mədəniyyəti bir anlayışla izah ediləcək qədər sadə deyil. Onun çox müxtəlif qatları və zəngin çalarları var.
(Xanım Tran) - Avstriyalılar maraq göstərən insanlardır. Əgər dostlarımıza desək ki, Azərbaycan əsl xəzinə sandığıdır, onlar mütləq gəlib bu xəzinəni açmaq istəyəcəklər. Hətta biz özümüz də Azərbaycandan naxışlı xəzinə sandığı almışıq və onu çox sevirik.
- Azərbaycan incəsənətindən heyranlıqla bəhs edirsiniz. Bəs burada ən çox bəyəndiyiniz sənətçi, müğənni və ya rəqqas kimdir?
- Açığı, bu məsələdə də seçim etmək çətindir. Çox dəyərli sənətkarlarınız var. Amma Fidan Hacıyevanı yaxından tanıdığım üçün onu xüsusi qeyd edərdim. O, həm Qərb operasını, həm də Azərbaycan musiqisini yüksək peşəkarlıqla təqdim edir.
Əvvəlcə elə bilirdik ki, o, yalnız Qərb operasının ifaçısıdır. Sonra isə onu "Koroğlu" operasında izlədik və bizdə möhtəşəm təsir bağışladı. Hətta həmin tamaşaya iki dəfə baxdıq.
(Səfirin fikrini Kxan Tran tamamlayır) - Ümumiyyətlə, biz mədəni tədbirlərin hamısını izləməyə çalışırıq. "Min bir gecə", "Koroğlu", "Qu gölü"nü nümunə göstərə bilərik. Hətta bəzilərinə iki, üç dəfə baxmışıq. Mədəniyyəti çox sevirik. Proqramda hansı tamaşanı görürüksə, mütləq gedirik.
(Səfir) - Gənc Tamaşaçılar Teatrına da tez-tez gedirik. Kassada bizə deyirlər ki, tamaşa Azərbaycan dilindədir. Biz isə cavab veririk ki, bunu bilirik, amma yenə də izləmək istəyirik. Çünki səhnə dili təkcə sözlərdən ibarət deyil.
(Həyat yoldaşı) - Azərbaycan teatrı həqiqətən çox yüksək səviyyədədir. Sonuncu dəfə "Hacı Qara"nın premyerasına baxdıq və tamaşa bizi heyran etdi.
Ardı var...

Töhfə Səməd
Turqay Musayev
Foto: Samir Məcidov