Modern.az

Subbakalavrların imtahansız qəbulunda yeni şərtlər tətbiq oluna bilər

Subbakalavrların imtahansız qəbulunda yeni şərtlər tətbiq oluna bilər

Təhsil

Bu gün, 15:45

Son illər kollecləri bitirən subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu ətrafında müzakirələr genişlənib. Təhsil eksperti Vüsat Əziziov hesab edir ki, mövcud mexanizm müəyyən üstünlüklərə malik olsa da, onun daha obyektiv və keyfiyyət yönümlü qaydalarla təkmilləşdirilməsinə ehtiyac var.

Modern.az mövzu ilə bağlı təhsil eksperti Vüsat Əziziovun fikirlərini öyrənib.

Ekspert bildirib ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin açıqladığı son dəyişikliklər, xüsusilə I və II ixtisas qrupları üzrə bəzi ixtisasların 150 ballıq ixtisaslar sırasına daxil edilməsi subbakalavrların, əsasən də II ixtisas qrupu üzrə məzunların universitetlərə imtahansız qəbul imkanlarını azaldıb.

Onun sözlərinə görə, subbakalavrların imtahansız qəbulu ali təhsilə çıxış baxımından müsbət addım olsa da, mövcud sistemin tam ədalətli olduğunu demək çətindir.

"Universitetlərə qəbulun əsas prinsipi bütün namizədlərin eyni meyarlarla qiymətləndirilməsinə əsaslanmalıdır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş imtahanından keçdiyi halda, subbakalavrlar əsasən kollecdə əldə etdikləri akademik göstəricilər əsasında müsabiqədə iştirak edirlər. Bu isə qiymətləndirmə standartlarının fərqli olması səbəbindən bərabər rəqabət mühitinə dair suallar yaradır".

Vüsat Əziziov qeyd edib ki, peşə və orta ixtisas təhsilini başa vuran gənclərin ali təhsil almaq imkanlarının qorunması vacibdir. Lakin bu imkan keyfiyyət və obyektivlik hesabına olmamalıdır.

Ekspertin fikrincə, əsas problemlərdən biri kolleclərdə qiymətləndirmə sisteminin vahid standartlarla tətbiq edilməməsidir.

"Eyni ÜOMG-yə malik iki subbakalavr fərqli bilik və bacarıq səviyyəsinə sahib ola bilər. Bu da universitetlərə qəbul zamanı obyektivliyin təmin olunmasını çətinləşdirir. Bəzən şişirdilmiş ÜOMG göstəricilərinə də rast gəlinir".

O hesab edir ki, gələcəkdə subbakalavrların qəbul mexanizmi daha ciddi meyarlarla təkmilləşdirilə bilər.

"Minimum ÜOMG tələbi daha sərt müəyyən edilə, qəbul yalnız bitirilən ixtisasla uyğun ali təhsil proqramlarına şamil oluna bilər. Eyni zamanda əlavə mərkəzləşdirilmiş qiymətləndirmə, ixtisas üzrə səriştə imtahanı və ya müsahibə tətbiq edilə bilər".

Vüsat Əziziov bildirib ki, artıq bəzi ali təhsil müəssisələri, o cümlədən Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yalnız öz tabeliyində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin məzunlarını subbakalavr kimi qəbul edir. Onun fikrincə, gələcəkdə digər universitetlər də bu modeli tətbiq edə bilər.

Ekspert hesab edir ki, ən optimal variant hibrid qəbul modelidir.

"Yüksək akademik göstərici əsas şərt kimi saxlanılmalı, eyni zamanda namizədlər minimum bilik və kompetensiyalarını təsdiqləyən mərkəzləşdirilmiş qiymətləndirmədən keçməlidirlər. Bu, həm subbakalavrların ali təhsil almaq hüququnu qoruyar, həm də universitetlərə qəbul prosesində ədalət və şəffaflığı gücləndirər".

Vüsat Əziziovun sözlərinə görə, uzunmüddətli perspektivdə məqsəd imtahansız qəbulun tam ləğvi deyil, onun daha obyektiv, şəffaf və keyfiyyət yönümlü mexanizmlərlə təkmilləşdirilməsidir. Bu isə həm ali təhsilin keyfiyyətinə, həm də cəmiyyətin qəbul sisteminə olan etimadın artmasına xidmət edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var