Modern.az

Vida günü deyə bilmədiklərim...

Vida günü deyə bilmədiklərim...

16 Fevral 2019, 12:00

Tanınmış hüquqşünas Zahir Məmməd oğlu Əlizadəni “Təzəpir” məscidinin vida zalından son mənzilə yola salırdıq. Mən də çıxış etməli oldum. Amma yalnız bir neçə cümlə deyə bildim. Qəhər  məni boğdu...

 

Bu gün həmin andan bizi qırx gün ayırır. Nisbətən sakit və istənilən ölümün qaçılmazlığını qəbul etməyə hazır durumda onda deyə bilmədiklərimi asta-asta kağıza köçürürəm (“Kağız hər şeyə dözür”). Əslində, din xadimlərimiz dünyasını dəyişmişlərin qırx gün mərasimi ilə bağlı müxtəlif, daha çox tibbi-bioloji amillərə söykənən versiyalar irəli sürürlər. Mənim fikrimcə isə burada daha dərin psixoloji məqamlar mövcuddur. Ölümün dəhşəti ilk günlər şüuru, zehni koşalaşdırır, itkinin ağırlığını olduğu kimi dərk edə bilmirsən. İllər keçdikdən sonra isə bütün digər acılar kimi bu dərd də qaysaq bağlayır. İnsan itkisinə real, obyektiv qiymət verilməsinin ən optimal müddəti, mənim fikrimcə, elə qırx günləridir.

 

Həyatımızın müxtəlif mərhələlərində ətrafımızda olan doğmaları itirməli oluruq. Valideynlər gedir, yaşca böyüklər haqq dünyasına qovuşur... Bir müddətdən sonra, nə qədər ağır olsa da, bu cür itkilərlə,  ölümün zəruriliyi ilə istər-istəməz barışmalı oluruq. Amma yaxın dost itkisinin acısı daha ağır olur. Təsəvvürünüzə gətirin ki, qırx ildən artıq bir müddət ərzində demək olar ki, hər gün ən azı zəngləşdiyin, hal-əhval tutduğun, fikir mübadiləsi keçirdiyin insan bir anda yoxa çıxır. İllah ki, həmin insan sənin həmyaşıdın, həmkarın, həmfikrin, tələbəlik dostun olsun... 

Tələbəlik dövrünün lap ilk günlərindən (1978-ci ildən) Zahirlə çox səmimi münasibətlərimiz olub. Sonralar illərin dostluğuna çevrilmiş bu münasibətlər onun dünyasını dəyişdiyi günədək davam etmişdir. “Bir igidin ömrü” qədər uzun olan bu dövrdə Zahiri kifayət qədər yaxından tanımışam. Bu gün bu illərin ucalığından tam səmimiyyətimlə deyə bilərəm ki, o, səmimi dost, çox prinsipial hüquq mühafizə orqanı işçisi, peşəkar hüquqşünas, qayğıkeş ailə başçısı və əsl Azərbaycan ziyalısı idi.

 

Respublikamızın hüquq-mühafizə orqanlarında çalışdığı 30 ildən artıq bir müddət ərzində özünü çox bacarıqlı və səriştəli mütəxəssis kimi göstərə bilmişdi. Hələ Baş Prokurorluqda işləyərkən, o, ölkə rəhbərliyinin nəzarətində olan, səs-küyə səbəb olmuş ən mürəkkəb cinayət əməllərinin araşdırılması prosesinə rəhbərlik etmiş, qısa dövr ərzində prokurorluğun rəhbərliyinin etimadını qazanmışdı. Elə bu keyfiyyətlərinə görə də sonralar Ədliyyə Nazirliyinə məsul vəzifəyə irəli çəkilmişdi. Burada da ona ən məsuliyyətli və mürəkkəb sahələrin işinin təşkili həvalə edilmişdi. Cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasir standartlara cavab verən bir səviyyəyə gətirib çatdırılmasında, məhkəmə qərarlarının icrası xidmətinin yenidən təşkil olunmasında, hər iki xidmətin normativ-hüquqi bazasının təkmilləşdırilməsi üçün təkliflərin hazırlanmasında  Zahirin çox böyük zəhməti olmuşdur. Xüsusilə məhkəmə qərarlarının icrası sahəsində, o nəinki ölkəmizdə, hətta keçmiş postsovet məkanında tanınmış mütəxəssis hesab olunurdu. MDB İcra xidməti strukturlarının hər il keçirilən ənənəvi konfranslarında o, ölkəmizi ləyaqətlə və peşəkarcasına təmsil edir, maraqlı çıxışları ilə yadda qalırdı.  Avropanın müvafiq qurumlarında keçirilən bir neçə beynəlxalq tədbirə də qrup rəhbəri kimi məhz Zahir qatılmışdı.

Z.Əlizadəni Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyinə irəli çəkəndə də Ədliyyə Nazirliyinin rəhbərliyi onun yenilikçi və islahatçı keyfiyyətlərini nəzərə almışdı. Qısa müddətdən sonra məlum oldu ki, bu seçimdə heç də səhv edilməmişdir. Nisbətən yeni yaranmış və hələ özünün zəruri məqamına çatmamış yerli özünü idarəetmə qurumlarının işindəki qüsurlar barədə haqlı olaraq çox danışılırdı. Təbii ki, burada Mərkəzin də işinin yenidən qurulması tələb olunurdu. Zahir çox qısa müddət ərzində bu strukturun fəaliyyətində dönüş yarada bildi. Ölkənin bir neçə iri bələdiyyəsində aparılan prinsipial yoxlamalar nəticəsində çox ciddi pozuntuların üstünü açdı. Mərkəz bu cür halların başvermə ehtimalını aradan götürmək üçün səmərəli təkliflər hazırlayıb təqdim etdi.

 

Hüquq mühafizə orqanı işçisi barədə “O, işinə çox yaradıcı  tərzdə yanaşırdı” söyləmək bir qədər qəribə görünə bilər. Amma Zahirin işə münasibətini səciyyələndirmək üçün bundan daha dəqiq deyim tapa bilmədim. Fəaliyyəti zamanı tətbiq etdiyi hüquq normalarına verdiyi şərhlər, qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı təqdim etdiyi təkliflər belə deməyə imkan verir. Adicə arayışları hazırlayarkən hüquq sənədlərində nadir hallarda rast gəldiyimiz termin və ifadələrdən çox peşəkarcasına istifadə edirdi ki, bu da həmin sənədləri daha oxunaqlı, əlçatan, başlıcası isə təyinat baxımından daha səmərəli edirdi.

Təbiidir ki, işə bu cür münasibət nazirliyin rəhbərliyinin diqqətindən yayıla bilməzdi. Ədliyyə naziri Fikrət Məmmədovun təqdimatı əsasında Z.Əlizadə bir neçə dəfə dövlət təltiflərinə layiq görülmüşdü. Onun özü qürur hissi ilə deyirdi ki, möhtərəm Prezidentimiz şəxsən mənim barəmdə üç dəfə sərəncam verib, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə mükafatlandıranda və mənə  üçüncü dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verəndə. Sonradan əlavə edirdi ki, sağ olsun, bir dəfə də mənim Mərkəzin rəisi təyin olunmağıma razılıq verib. Nazirlik səviyyəsində də o, dəfələrlə mükafatlandırılmışdı.

Z.Əlizadənin 2016-cı ildə Ədliyyə nazirliyinin sifarişi ilə nəşr olunmuş “İcra haqqında” Azərbaycan Respublikası Qanunun kommentariyası” adlı kitabı ölkənin  hüquq ictimaiyyəti tərəfindən çox böyük maraqla qarşılandı. Kitab nazirliyin kollegiya qərarı ilə sahə hüquqşünaslarına stolüstü nəşr kimi tövsiyə edilmişdi (Səhv etmirəmsə, bu dövlət orqanının təcrübəsində əvvəllər belə hal olmamışdı). Kitabın nəşrindən sonra  Bakı Dövlət Universitetin hüquq fakültəsində məxsusi olaraq buna görə “İcra hüququ” adlı tədris kursu da təsis olundu. Kursun aparılmasını Zahirin özündən xahiş etmişdilər (Təbii ki, o, bu uğurların sevincini nəşrin elmi redaktoru kimi mənimlə və rəyçisi kimi millət vəkili Çingiz Qənizadə ilə  də bölüşürdü...).

 

Yeri gəlmişkən, Zahirin müxtəlif auditoriyalarda (hakimlərin, vəkillərin, digər ədliyyə işçilərinin bələdiyyə əməkdaşlarının hazırlıq kurslarında) mühazirələrinin bəzilərində özüm də iştirak etmişəm. Onun pedaqoji istedadına peşəkar  müəllimlər belə həsəd apara bilərdilər. Fikrimcə, bu da irsi idi. Zahir Ağdaşın tanınmış ziyalılarından biri, uzun illər rayonun müxtəlif tədris ocaqlarına rəhbərlik etmiş Məmməd müəllimin ailəsində dünyaya göz açmış və tərbiyə almışdı.

 

Zahir Əlizadə öz prinsipiallığı, əməksevərliyi, qayğıkeşliyi və səmimiliyi ilə çalışdığı bütün iş yerlərində əmək kollektivlərinin, dostlarının, dərs dediyi tələbələrinin dərin hörmət və məhəbbətini qazanmışdı. O, xəstəxanada yatdığı bütün müddət ərzində sadaladığım şəxslər mütəmadi olaraq ona baş çəkir, bu mümkün olmadıqda isə əlçatan yollarla hal-əhval tuturdular. İstanbulda komada yatarkən Ədliyyə nazirliyinin rəhbərliyi, o cümlədən, hörmətli Fikrət müəllim özü ona baş çəkmiş, həkimlərlə, hospitalın rəhbərliyi ilə görüşüb bacardıqları köməyi əsirgəməməyi xahiş etmişdi (Ümumiyyətlə, bu nazirliyin öz əməkdaşlarına münasibətdə qayğıkeşliyi digər qurumlar üçün örnək hesab edilə bilər). Ailə üzvləri, Zahirin az qala yarım əsrlik dostları olan millət vəkilləri Ağalar Vəliyev və Çingiz Qənizadə bütün xəstəliyi dövründə onu bir anda olsa tək buraxmadılar, dostlarının bütün qayğı və yükünü çəkməkdə onun ailəsinə yardımçı oldular. Zahiri yaxından tanıyanlar bilirlər ki, o, bu cür diqqətə və qayğıya layiq bir insan idi.

Uzun illərdir ünsiyyətdə olduğum üçün və aralarında çoxsaylı dostlarım olduğu üçün əminliklə deyə bilərəm: hüquq mühafizə orqanlarının xüsusilə məsul işçiləri arasında poeziyanı, musiqini sevən adamların sayı o qədər də çox deyil (Bütün günü darıxdırıcı və quru hüquq normaları ilə işləyən, daha çox hüquq pozuntularını araşdıran insanların lirik dünyasına qapılmağa, ruh məkanına transformasiyasına, yəqin ki, imkanları olmur, hövsələləri çatmır). Zahir özünün bütün ciddiliyi və ötkəmliyi ilə dərin ruh adamı idi. Məşhur musiqiçilərin konsertlərinin əksəriyyətinə özü də gedirdi, bəzən bizi də məcbur edirdi. Böyük incəsənət və mədəniyyət xadimlərimizin dəfn mərasimində iştirak etməklə yanaşı, sonradan onların məzarlarını da ziyarət edərdi. Müslüm Maqomayevin, Rəşid Behbudovun, Bəxtiyar Vahabzadənin anım günlərində gizli göz yaşlarının şahidi olmuşam (Acı təbəssümlə danışırdı ki, “müğənni Müslüm Maqomayevin ölüm xəbərini eşidərkən kövrəldiyimi görən nazirliyin yüksək rütbəli məmurlarından biri məndən soruşdu ki, rəhmətliklə qohumluğun-zadın yox idi ki?!”).  

Böyük şairlərimiz Musa Yaqubla, Zəlimxan Yaqubla şəxsən ünsiyyətdən və onları saatlarla dinləməkdən doymazdı. Məmnuniyyət hissi ilə mütəmadi olaraq getdiyi İsmayıllı rayonunun Buynuz kəndində hər dəfə Musa müəllimlə görüşməkdən və onu dinləməkdən xüsusi zövq alırdı. Musa müəllimlə bağlı şahid olduğum bir xatirə yadıma düşdü. Böyük şairimizin elə özünün iştirakı Buynuzdakı həyətimizdə ekspromt bir şeir məclisi düzənləmişdik. Birdən Zahir Musa müəllimə tərəf üzünü tutub dedi: “Şair, xəbəriniz varmı, Sizin şeirləriniz Parisin Eyfel qülləsinin lap sonuncu-üçüncü qatında səslənib?” Yadıma düşdü... Həqiqətən də  Fransanın paytaxtında  məzuniyyətdə olarkən həmin qüllədə nə iləsə bağlı Zahir Musa müəllimin məşhur “Eləmədiklərim yandırır məni” şeirindən bu parçanı oxudu:

 

“Mən elə bilirdim o bənövşəlik
Qalacaq mənimçün tər həmişəlik
Özü solub getdi qıymadım üzəm
Doyunca baxmadım bənövşə gözə...
Eləmədiklərim yandırır məni...”

 

Sən demə, yanımızdakı qrup da Təbrizdən gəlibmiş. Əksəriyyəti də poeziya təşnəsi... Qısası bir neçə dəqiqədən sonra fransız səmasında Musa Yaqubun mini poeziya gecəsini “təşkil etdik”. Vətənpərvərliyi heç bir şkalaya sığmayan Zahir isə sözün həm birbaşa, həm də dolayı mənasına göyün yeddinci qatında  idi. Mənim fikrimcə, Zahirin bu cür ədəbiyyat həvəskarı olmasında həyat yoldaşının təsiri həlledici rol oynayıb. İxtisasca filoloq olan Tamara xanım Azərbaycan Tibb Universitetində gələcək həkimlərə ana dilimizdən dərs deyir. O, dilimizlə bağlı xeyli sayda araşdırmaların, o cümlədən dərsliklərin müəllifidir və yazılarımızın redaktəsi zamanı təkcə Zahirdən, deyil, elə bizdən də öz köməyini əsirgəmir.

Parisdəki hadisəni indi xatırlayarkən belə bir qənaətə gəlirəm ki, dostum hələ o, dövrlərdə artıq öz xəstəliyinin fəsadlarını hiss edirmiş. Əks təqdirdə Musa Yaqubun bu şeiri niyə onun yadına tez-tez düşürdü? 

2016-cı il yayın axırlarında Zahirlə görüşlərimizin birində astaca dedi: “Deyəsən, mənim qayıtmayan payızım gəlir”. Belə başa düşdüm ki, bir-iki ay qabaq öz 60 yaşıma yazdığım aşağıdakı sətirləri nəzərdə tuturdu Zahir:

 

“Payız qəfil gəlir vaxtsız qonaq tək 
Ovqatı qəm olur, sovqatı yağmur.
İlin payızına nə var dönəcək
Ömrün payızısa gəlir qayıtmır”.

 

Sən demə, amansız xəstəliyin ilk kəskin ağrıları başlayıbmış onda...

Kim bilir, hələ neçə payız gəlib keçəcək... Zahirin xatirəsi isə dostlarının, iş yoldaşlarının, ailə üzvlərinin, onu yaxından tanıyanların yaddaşından silinməyəcək. Allah rəhmət eləsin.

 

Simran HƏSƏNOV
Hüquq üzrə fəlsəfə doktoru

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi