Salyan Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Bir xalqın taleyini dəyişən ömür: Heydər Əliyev – qəlblərdə yaşayan lider” adlı tədbir keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, ərazi partiya təşkilat sədrləri və sədr müavinləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, partiyanın veteran üzvləri və fəalları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Modern.az xəbər verir ki, YAP Salyan rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində silinməz iz qoymuş Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi tarixə əbədi həkk olunub. Qeyd edib ki, Ulu Öndərin rəhbərliyi dövründə ölkəmizdə dövlət quruculuğu prosesi möhkəm təməllər üzərində formalaşdırılıb, ictimai-siyasi sabitlik təmin edilib və Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib. Diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyaları əsasında yaranaraq ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan aparıcı siyasi qüvvəyə çevrilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir və Azərbaycan hərtərəfli inkişaf yolunda inamla irəliləyir.
Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətləri misilsizdir. Bildirib ki, Ulu Öndərin xilaskarlıq missiyası nəticəsində ölkəmiz müstəqilliyini qoruyub saxlayaraq inkişaf yoluna qədəm qoyub, hüquqi dövlət quruculuğunun əsasları yaradılıb və sabitlik təmin olunub. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənir, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə isə Heydər Əliyev siyasi kursunun uğurlu nəticəsidir. Rayon rəhbəri həmçinin qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması və gənclərin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində həyata keçirilən işlər Ulu Öndərin ideyalarının yaşadılmasına xidmət edir.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəsi, YAP Salyan rayon təşkilatının veteran üzvü Kərəm Muradov, Salyan Peşə Liseyinin müəllimi Yeganə Mirzəliyeva və Salyan rayon Qarabağlı-2 kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Nurtən Qədirli Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birliyin qorunması və xalqın rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, Ulu Öndərin zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və xalqına bağlılığı bu gün də hər bir azərbaycanlı üçün böyük örnək olmaqla yanaşı, gələcək nəsillər üçün etibarlı yol xəritəsi kimi öz əhəmiyyətini qoruyub saxlayır və onun ideyaları dövlətimizin inkişafında və cəmiyyət həyatının sabitliyinin təmin olunmasında mühüm rol oynayır.
Sonra tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub, onlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulanaraq dövlətçilik ənənələrinə və milli dəyərlərə daim sadiq qalacaqlarına inam ifadə olunub. Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.