İnsan alveri qurbanlarının istismara məruz qaldığı şəhər və rayonlarla bağlı statistik rəqəmlər inandırıcı görünmür.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüququları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, hesabatda bəzi rayonlar üzrə bir və ya iki faktın göstərilməsi reallığı tam əks etdirməyə bilər:
“Bəlkə də çoxdur, sadəcə bu cür cinayət kimi qeydə alınmayıb və ya birbaşa müraciət yoxdur”.
N. Həmzəyev xüsusilə Gəncə ilə bağlı statistikaya diqqət çəkərək qeyd edib ki, şəhər üzrə cəmi iki halın göstərilməsi ona inandırıcı gəlmir:
“Əgər həqiqətən belədirsə, buna sevinməliyik. Amma hesabatın əvvəlində dünya üzrə milyonlarla qurbanın olduğu qeyd edilir, birdən-birə rəqəmlər çox aşağı görünür” – o vurğulayıb.
Deputat həmçinin restoran və kafelərdə çalışan azyaşlılarla bağlı problemi qaldırıb:
“Azyaşlıların kafelərdə və restoranlarda ofisiant kimi işlədiyi hallarla rastlaşırıq, bəzi ailələrin maddi imkansızlığı uşaqları işləməyə məcbur edir. Bəzən araşdıranda görürsən ki, ailədə kişi yoxdur, tək qadındır. Bu uşaq məcburdur ki, anasına kömək eləsin”.
Naqif Həmzəyev bu məsələdə Dövlət Əmək Müfəttişliyinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin vacibliyini qeyd edib. O bildirib ki, xüsusilə 16 yaşdan aşağı uşaqların əməyə cəlb olunmasının qarşısı alınmalıdır.
Deputat əlavə edib ki, həm Bakıda, həm də Gəncədə bu cür hallarla tez-tez qarşılaşırlar:
“Bəzən görürük ki, uşaqlar yaşlarını gizlədirlər. Açığı, bilmirik necə edək. Gücümüz çatan anda bunun qarşısını almağa çalışırıq”.