“2025-ci ildə müəyyən edilən 46 qurbanın 61 faizi 25–35 yaş aralığında, 30 faizi isə 35 yaşdan yuxarı şəxslər olub. 18–25 yaş aralığında olan qurbanlar isə cəmi 9 faiz təşkil edib. Nəticələr göstərir ki, risq qrupu yalnız gənclərlə məhdudlaşmır və daha geniş yaş kateqoriyalarını əhatə edir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüququları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı komitə sədri Zahid Oruc deyib.
Deputat bildirib ki, 2025-ci ildə müəyyən edilən 46 qurbanın 61 faizi 25–35 yaş aralığında, 30 faizi isə 35 yaşdan yuxarı şəxslər olub. 18–25 yaş aralığında olan qurbanlar isə cəmi 9 faiz təşkil edib. Nəticələr göstərir ki, risq qrupu yalnız gənclərlə məhdudlaşmır və daha geniş yaş kateqoriyalarını əhatə edir.
“2005–2025-ci illər üzrə ümumi statistikaya nəzər yetirdikdə, insan alveri qurbanlarının mütləq əksəriyyətinin qadınlar olduğu müşahidə olunur. Belə ki, hesabat dövründə müəyyən edilən 1.487 qurbanın təxminən 1.400-ü qadın, cəmi 87-si kişi olub. Disbalans gender əsaslı risq faktorlarının mövcudluğunu bir daha təsdiqləyir”.
Z. Oruc vurğulayıb ki, cinayətkarların strukturu da diqqətçəkəndir - 2005–2025-ci illər ərzində məsuliyyətə cəlb edilən 660 insan alverçisinin 561-i qadın, 99-u isə kişi olub:
“Cinayətlərdə qadınların yalnız qurban deyil, təəssüflər olsun, cinayətkar kimi də sayının yüksək olması təhlükəli fenomenin sosial-psixoloji aspektlərinin dərindən öyrənilməsini tələb edir”.
“Milli Məclis gələcək illərdə də daxili işlər orqanları ilə birlikdə müvafiq beynəlxalq hesabatların obyektiv təhlili, tövsiyyələrin qanunvericilik sistemində nəzərə alınması və Fəaliyyət Planından irəli gələn digər vəzifələrin həyata keçirilməsində yüksək mandatına söykənərək, aktiv dəstəyini göstərməkdə davam edəcəkdir” – sonda o vurğulayıb.