Modern.az

Xalq Cəbhəsinin Nizamnaməsi harada yazılıb? - Quruculardan Fəzail Ağamalıya CAVAB

Xalq Cəbhəsinin Nizamnaməsi harada yazılıb? - Quruculardan Fəzail Ağamalıya CAVAB

Ölkə

25 Aprel 2024, 12:46

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının Modern.az-a müsahibəsində Azərbaycan Xalq Cəbhəsi ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

 

O, müsahibədə Azərbaycan Xalq Cəbhəsininin yaradıcılarından, Elçibəyin sədr olmasına çalışanlardan biri olduğunu bildirib.

 

"AXC-nin proqram və Nizamnaməsinin hazırlanması bizim evdə baş tutub. Bizim evdə Firudin Cəlilov, Vurğun Əyyub, Fuad Ağayev, Pənah Hüseyn toplaşıb, Cəbhənin işlərini planlayırdıq. Amma 1990-cı ildə Ağdaşda keçirilən iclasda AXC-nin fəaliyyətini tənqid edən də mən oldum. Çünki onlar 20 Yanvarda xalqı tək qoyub, getmişdilər. Ondan sonra mən istefa verdim, öz partiyamızı qurduq. Daha sonra Xalq hərakatı dövründə də Heydər Əliyevin ünvanına sərt ifadələrin söylənildiyi vaxtda onu ciddi şəkildə müdafiə edənlərdən biri də mən idim. 1991-ci ildə Heydər Əliyevlə Naxçıvanda görüşdük, mən ona söz verdim ki, hakimiyyətə gəlməsi üçün mübarizə aparacam", - partiya sədri qeyd edib.

 

Modern.az sözügedən məsələlərlə bağlı AXC-nin fəaliyyətində yaxından iştirak edən Pənah Hüseyn və Zərdüşt Əlizadə ilə əlaqə saxlayıb.

 

 

Saytımıza açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirib ki, nizamnamənin harada hazırlanması ilə bağlı fikir subyektivdir:

 

"Fəzail Ağamalı ilk dövrlərdə Xalq Cəbhəsinin təşəbbüsçülərindən və iştirakçılarından olub. O zaman müxtəlif qruplar Xalq Cəbhəsinin yaradılması üçün fəaliyyət göstərirdi. Fəzail Ağamalı da Varlıq qrupunun tərkibində olub və qrupun hazırladığı proqram, nizamnamə layihələrinin işlənməsində iştirak edib. Lakin bunun harada hazırlandığı barədə fikirlər subyektivdir. Başqa-başqa yerlərdə müxtəlif müzakirələr olub. Mən Fəzail Ağamalının da olduğu Varlıq qrupunda kifayət qədər iştirak etmişəm. Ona görə də onun ilk vaxtlar fəaliyyətindən xəbərim var.

 

O dövrdə Xalq Cəbhəsinin təşəbbüsü qrupu  yaradılmışdı. Sabit Bağırov, Hikmət Hacızadə, Zərdüşt Əlizadə və Tofiq Qasımov birlikdə layihə hazırlayırdılar. Bundan sonra 1989-cu ildə təsis konfransı zamanı müəyyən layihələrin birləşdirilməsi, birləşdirilməsi başa çatmamış məsələlərdə isə xüsusi qətnamələrin qəbul edilməsi şəklində proqram həyat keçirildi. Yeni nizamnamə 1991-ci ildə Xalq Cəbhəsinin birinci qurultayında yeni nizamnamə proqramının müzakirəsinə başlanıldı. 1992-ci ilin yanvarında birinci qurultayın davamı oldu və yeni nizamnamə və proqram qəbul edildi. Fəzail Ağamalının da o dövrdə Xlaq Cəbhəsinin yaradılmasının təşəbbüsçü olub. Səbail rayon təşkilatından məclis üzvü olub".

 

 

Politoloq Zərdüşt Əlizadə isə vurğulayıb ki, Fəzail Ağamalının Xalq Cəbhəsinin yaradılmasında iştirakı sıfıra bərabərdir:

 

"Əksinə o, Xalq Cəbhəsində Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəyən dəstənin üzvü olub. Bəli, Elçibəyin yaxın adamı olub.  Xalq Cəbhəsini yaranmasında Elçibəyin də rolu olmayıb. Xalq Cəbhəsinin nizamnaməsində Elçibəyin bir söz yox, bir hərflə iştirakı olmayıb. Eynilə Fəzail Ağamalının. Fəzail Ağamalının Xalq Cəbhəsi ilə heç bir əlaqəsi yoxdur. O Xalq Cəbhəsinin tərkibindəki təxribatçı qrupun fəal üzvlərindən biri idi".

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok