Modern.az

Arayiki bizdən əvvəl elə özləri bitirəcəklər - Ekspert

Arayiki bizdən əvvəl elə özləri bitirəcəklər - Ekspert

Analitika

28 Avqust 2023, 14:34

“Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın sonu necə olacaq? Bu sual ona görə aktualdır ki, son günlər Xankəndidə qarşıdurmaların və atışmaların sayı artıb”.

 

Modern.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu Xankəndidəki separatçı rejimin ünsürləri arasında yaranmış gərgin vəziyyət barədə danışarkən deyib.

 

“Arayik Arutyunyan İkinci Qarabağ müharibəsinə qədər işğal altındakı bölgəni Ermənistanın baş naziri Nikol Paşinyanla birgə istədiyi kimi idarə edirdi. Azərbaycan Ordusu müharibə günlərində Arutyunyanın yerini müəyyənləşdirməyə çalışırdı. O məhv olunmalıydı. Çünki Arutyunyan Gəncə və digər şəhərlərimizin bombalanması əmrini verdiyini açıq ifadə etmişdi. Həmin zərbələr nəticəsində yüzlərlə mülki vətəndaşımızı itirdik. Arutyunyan müharibədən sağ çıxdı. O istefa verib aradan çıxmağa çalışsa da, Moskvadan icazə vermədilər. Müharibədən sonra Arutyunyan artıq Moskvanın nəzarətinə keçmişdi. O indi də istefa vermək istəyir, ancaq Moskvadan hələ razılıq almayıb. Razılıq alan kimi Rusiya hərbi kontingentinə aid helikopterlərin biri ilə bölgədən qaçmağa çalışacaq”.

 

E.Şahinoğlu deyib ki, Arayik Arutyunyan “vəzifəsinin” icrasına davam edərsə, bu separatçıların və bölgənin erməni sakinlərinin durumunu daha da ağırlaşdıracaq:



“Çünki Arayik Arutyunyan Azərbaycanın hökumət təmsilçiləri ilə görüşə neqativ yanaşır. Üşüncü qüvvənin iştirakıyla neytral zonada dialoqun mümkünlüyünü bildirib. Buna isə rəsmi Bakı razılaşmayacaq. Bu gedişat Qarabağdakı ermənilərin sosial problemlərini dərinləşdirəcək. Qaz, elektrik, internet kəsiləcək, bunların hamısı işğal dönəmində qanunsuz çəkilib. Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olmayana qədər işğal dövründəki rahat həyatlarına qayıda bilməyəcəklər”.



Siyasi şərhçinin sözlərinə görə, bu vəziyyətdə Qarabağ erməniləri və əlisilahlı separatçıların bir qismi Arayik Arutyunyanı hədəf götürəcəklər:



“Nə qədər ki, separatçılar torpaqlarımızı işğal altında saxlayıb, ərazilərimizin nemətlərindən istifadə edirdilər, onlar fikir birliyi içində idilər, elə ki, müharibədə məğlub oldular və Laçın yolunda sərhəd-keçid məntəqəsi yaradıldı, aralarında ixtilaf dərinləşdi və günahkar axtarışına çıxdılar. Bu durum separatçıların öz aralarında silahlı qarşıdurmaya gətirəcək. Arayik Arutyunyanı bizdən əvvəl elə özləri bitirəcəklər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi