Modern.az

Ukraynaya yardım azalıb - Müharibənin taleyi necə olacaq?..

Ukraynaya yardım azalıb - Müharibənin taleyi necə olacaq?..

Analitika

10 Oktyabr 2023, 14:40

Qərb ölkələri Ukraynaya yardımları sanki məhdudlaşdırıblar. Hətta Kiyevə silah tədarükü də praktiki olaraq azalıb. 


Oktyabrın 3-də Varşava Təhlükəsizlik Konfransında çıxışı zamanı NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer də bu məsələyə toxunub. O, etiraf edib ki, silah tədarükü azalıb, çünki istehsal gücü aşağıdır.


"Müharibə başlamazdan yeddi il əvvəl bu sahəyə maliyyələşmə artdı, lakin istehsal gücü artmadı. Biz Ukraynaya silah-sursat ötürürük, amma anbarlarımız dolu deyil. Avropadakı yarıboş anbarlardan tədarüklərə başladıq. İndi lülənin dibi görünür”, - Rob Bauer deyib.


Müharibə başlayandan bəri Qərbdən Ukraynaya dəstək üçün böyük miqdarda silah-sursat göndərilib, eyni zamanda, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edilib. Buna baxmayaraq, Rusiya hərbi əməliyyatları dayandırmaq istəmir.


Bütün bunlar nə anlama gəlir? Rusiya-Ukrayna müharibəsinin aqibəti necə olacaq? 


Məsələ ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də Qərbin Ukraynaya əvvəlki kimi kömək etmədiyini deyib:


“Söhbət təkcə silah yardımından getmir. Siyasi dəstək də ciddi şəkildə nəzərə çarpmır. Lakin Qərb liderlərinin çıxışlarında bu fikir hələ də vurğulanmağa davam edir ki, Ukraynaya sona qədər yardım edəcəklər. Ukraynanın qələbəsini, haqq işini təmin etmək üçün əllərindən gələni edəcəklər.  Bu məsələdə əvvəldən təmtəraqlı sözlər verən liderlər bu sözü yerinə yetirməsələr, başda Bayden olmaqla rüsvay olacaqlar. Proseslər lazımi vüsət almasa, əvvəlki səviyyədə davam etməsə, vəziyyət yaxşı olmayacaq. İndi elə bir vəziyyət yaranıb ki, Ukraynada "F-16"lara, uzun məsafə qət edə bilən "Atakan" yayılım atəşi silahlarına ehtiyac var. Bunların verilməsinin şahidi olmamışıq. Amma Amerika bəyan edir ki, az sayda da olsa, həmin silahlardan veriləcək. Bütün dünya Ukrayanada gedən proseslərdən asılıdır. İnanmıram ki, üzüb-üzüb quyruğunda qoyacaqlar. Yoxsa zərbə ilk növbədə onların özünə dəyəcək”.
 

Politoloq vurğulayıb ki, Rusiya heç bir nailiyyət əldə edə bilməyəcək:


“Rusiya artıq bataqlıqdadır. Ukrayna Ordusu az təminatla belə, Rusiya əsgərlərinə qarşı üstün gəlir. Addım-addım irəliləyir və müxtəlif mövqeləri ələ keçirməyə davam edir. Əsas güc Krımın Ukraynaya qaytarılmasına yönəlib. Rusiyanın Krımda vəziyyəti çox ağırdır. Krım çökə bilər və Ukrayna buranı ələ keçirə bilər. İndiki potensialı ilə də bunu edə bilər. Ancaq yardımlar artarsa, daha ciddi işlərə imza ata bilər”.


Təhlükəsizlik eksperti Sülhəddin Əkbər düşünür ki, Qərbin Ukraynaya yardımları davam edəcək:


“ABŞ, Avropa İttifaqı, eləcə də NATO-nun Ukraynaya dəstəyi davam edəcək. Məncə, bu dəstək daha da güclənəcək. ABŞ Ukraynaya böyük yardım paketi hazırlayır. Bəzilərinə görə, bu yardımın məbləği 100, bəzilərinə görə isə 90 milyard dollar olacaq. Sonda İsraildə baş verən hadisələrlə əlaqədar olaraq ABŞ anlayır ki, bu müharibəni tez bir zamanda Ukraynanın qələbəsi ilə başa çatdırmaq lazımdır. Yardımın ən pis halda davam edəcəyini düşünürəm”.

S.Əkbər müharibənin hazırki gedişatı ilə bağlı da danışıb:


“Strateji planda Rusiyanın uduzduğu çoxdan bəllidir. Operativ-taktiki planda Ukraynanın üstünlüyü davam edir. Təşəbbüs Ukraynadadır. Lakin hücum əməliyyatın irəliləyişi sürət baxımdan özünü doğrultmur. ABŞ və Qərb təəssüf ki, lazım olan yardımı 9 ay yubatdılar. Bunun da siyasi səbəbləri var. Bu 9 ay müddətində Rusiya çox güclü müdafiə səddi qura bildi. Lazım olan yardım, təyyarələr və uzaqmənzilli raketlər Ukraynaya verilmədi. Bu iki səbəbdən hücum gözlənilən sürətdə getmir. Hamı gözləyirdi ki, Xarkov ətrafında olduğu kimi, Ukraynanın çox uğurlu yeni əks-hücum əməliyyatı başlayacaq. Amma sadaladığımız məsələlərə görə vəziyyət belə olmadı. Ancaq yenə deyirəm ki, təşəbbüs Ukraynadadır. Ukrayna bir sıra yerlərdə əsas müdafiə xəttini yarıb. Sadəcə olaraq hardasa, 20 klometrə qədər yarılan xəttin genişləndirilməsinə ehtiyac var. Bununla da strateji ehtiyatları  ora yeridib, operativ məkana çıxmaq mümkün ola bilər. Baxmut istiqamətində Ukraynanın çox uğurlu əməliyyatı gedir. Baxmutun yarımmühafizəsi başa çatmaqdadır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi