Modern.az

Türkiyə həyəcanlı seçki ərəfəsində: İstanbul uğrunda mübarizəni kim udacaq?

Türkiyə həyəcanlı seçki ərəfəsində: İstanbul uğrunda mübarizəni kim udacaq?

Analitika

8 Yanvar 2024, 17:26

Məlum olduğu kimi, Türkiyədə 31 mart tarixində bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulub. Qardaş ölkədə təkmil yerli özünüidarəetmə sistemi mövcud olduğundan real səlahiyyətləri və geniş imkanları olan bələdiyyələrin cəmiyyətin həyatında böyük rolu var. Bu baxımdan Türkiyədəki yerli seçkilər prezident və parlament seçkilərindən heç də az coşğulu keçmir. Seçkilərə 2 aydan da çox vaxt qalsa da, artıq proseslər kifayət qədər aktiv gedir.

 

Qeyd etmək lazımdır ki, yerli seçkilərdə Türkiyə vətəndaşları həm vilayət (il), həm rayon (ilçə) bələdiyyə sədrlərini, həm də bələdiyyə məclislərinin (Azərbaycanda əvvəllər möcud olmuş şəhər dumalarının analoqu) üzvlərini seçəcəklər. Bu, ölkədə yeni siyasətçilərin yetişməsi, yerlərdə rəqabət şəraitində siyasi təsisatların inkişafı, gənc və ambisiyalı liderlərin siyasi təcrübə toplaması üçün olduqca önəmlidir.

 

Artıq həm hakim Ədalət və İnkişaf Partiyasının (AKP), həm ana müxalifətin - Cümhuriyyət Xalq Partiyasının (CHP), həm də digər bir sıra siyasi qüvvələrin namizədlərinin əksər hissəsi bəllidir. Bununla belə, namizədlərin açıqlanması prosesi davam edir. Məsələn, AKP namizədlərinin bir hissəsini dünənki namizəd tanıtımı tədbirində elan etsə də, onların daha bir qismi 15 yanvar tarixində keçiriləcək tədbirdə elan ediləcək.

 

AKPCHP-nin namizədlər siyahısında əvvəllər bələdiyyə sədri olmuş şəxslərlə yanaşı, xeyli sayda yeni simalar da var. AKP hətta bəzi deputatlarını da bu seçkidə bələdiyyə sədrliyinə namizəd kimi irəli sürüb. CHP namizədləri arasında da Türkiyə cəmiyyətinə tanış olan bəzi sabiqlər, ictimai fəallar və digərləri yox deyil. Bölgələrdə qızğın yarış gedəcəyi şübhə doğurmasa da, əsas rəqabətin mərkəzlərdə yaşanacağı məlumdur.

 

 

Bu baxımdan İstanbul xüsusi əhəmiyyət daşıyır. CHP-nin namizədi 2019-cu il seçkilərində müxalifətə qələbə yaşatmış hazırkı bələdiyyə sədri Ekrem İmamoğludur. AKP isə dünən rəsmi şəkildə 2018-2023-cü illərdə ölkənin ətraf mühit və şəhərsalma naziri olan, son seçkilərdə deputat seçilən Murat Kurumu namizəd elan etdi. Nəticələrin ötən seçkilərdəki kimi olacağı gözlənilən olsa da, bir çox faktorlarda dəyişikliklər var.

 

Məsələn, ötən seçkilərdə müxalifətin əsas hissəsi CHP namizədini dəstəkləmişdi. Millət İttifaqının daxilindəki İYİ Partiya, Səadət Partiyası və Demokrat Partiya İmamoğluna səs istəmişdilər. Bundan başqa, ovaxtkı Xalqların Demokratik Partiyası (HDP) da İstanbulda namizəd çıxarmamışdı. Bütün bunlar İmamoğlunun ilk mərhələdə cəmi 13 min səs fərqi ilə qələbəsini şərtləndirmişdi. Nəticələrin ləğvindən sonra təkrar seçkilərdə fərq böyüdü.

 

Bu seçkilərdə isə Millət İttifaqı mövcud deyil, İYİ Partiya hər yerdə namizəd çıxaracağını elan edib, HDP-nin sələfi olan DEM Partiyanın da İstanbulda namizəd çıxarması ehtimalı var. Bu faktorlar CHP namizədinin səslərini azalda bilər. Bununla belə, İmamoğlu "tabanda ittifak" dediyi seçki strategiyasını elan edib və İstanbul elektoratına partiya mənsubiyyətindən asılı olmayaraq səslənməyi hədəfləyib.

 

Belə ki, İmamoğlu istanbullulardan sədrliyi dönəmində - son 5 ildə bələdiyyənin göstərdiyi xidmətə görə seçim etməyi gözləyir və uğurlu bələdiyyəçilik nümunəsinin davamı üçün vətəndaşların yenidən onu dəstəkləyəcəklərindən əminliyini ifadə edir. Siyasətçilər üçün özünə güvənmək və əminlik vacib amildir, lakin nəticələrin necə olacağı barədə qəti fikir söyləmək çətindir.

 

 

Bir neçə ay öncə keçirilmiş son parlament və prezident seçkilərində AKP-nin qələbəsindən sonra yerli seçkilərdə də hakim partiyanın qalib gəlməsi ehtimalı az deyil. Lakin Türkiyə tarixində fərqli nümunələr də var. Məsələn, təzəcə qalib gəlmiş iqtidar partiyası olan Turqut Özalın ANAP-ı 1989-cu ildə keçirilmiş bələdiyyə seçkilərində 3-cü yerə düşmüşdü. 1994-cü ildə müxalifətdəki Rifah Partiyasının yerli seçkilərdəki uğuru da misal ola bilər.

Bu xəbər ilə bağlı
Türkiyədə yerli seçkilər: Böyük şəhərlərdə kim qələbə çalacaq? - TƏHLİL
Xəbəri oxu

 

AKP-nin öz nümunəsinə nəzər yetirsək, 2018-ci ildəki prezident və parlament seçkilərində qalib gələn partiya 2019-cu ildə böyük şəhərləri CHP-yə uduzmuşdu. Yəni prezident və parlament seçkilərində udan siyasi qüvvənin sonrakı bələdiyyə seçkilərində şansı daha çox olsa da, qələbə heç zaman 100 faizlik ehtimal kimi qiymətləndirilməməlidir. Seçki kampaniyası, təbliğat-təşviqat dövründə uğurlu siyasi kommunikasiya da təsiredici amillərdəndir.

 

Kəskin rəqabətin gözlənildiyi digər şəhər isə paytaxt Ankaradır. CHP burada hazırkı bələdiyyə sədri Mansur Yavaşı təkrar namizəd göstərsə də, hələlik AKP-nin namizədi bəlli deyil. Hakim partiyanın bu şəhərdəki namizədini 15 yanvarda bəyan etməsi gözlənilir. İstənilən halda nəticələrini türk seçicisinin müəyyən edəcəyi rəqabətli bələdiyyə seçkilərinin keçirilməsi və 31 mart axşamı Türkiyənin qalib gələcəyi əvvəldən bilinəndir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi