Modern.az

Türkiyədə yerli seçkilər: Böyük şəhərlərdə kim qələbə çalacaq? - TƏHLİL

Türkiyədə yerli seçkilər: Böyük şəhərlərdə kim qələbə çalacaq? - TƏHLİL

5 Dekabr 2023, 17:46

Bilindiyi kimi, 31 mart 2024-cü ildə Türkiyədə bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulub. Seçkilərin tarixi ilə bağlı Türkiyə Ali Seçki Komissiyasının qərarı da var. Hansısa dəyişiklik edilməzsə, yerli seçkilər məhz bu tarixdə baş tutacaq. Qeyd etmək lazımdır ki, Türkiyədə may ayında olan son parlament və prezident seçkiləri ilə bələdiyyə seçkilərini 1 ildən az - 11 ay zaman kəsiyi ayırıb.

 

Bu 11 ayda bir sıra siyasi hadisələr baş verib, seçkidən məğlub ayrılan Millət İttifaqı dağılıb, Cümhuriyyət Xalq Partiyası qurultayla özünə yeni sədr seçib. Millət İttifaqının iki əsas müttəfiqindən digəri olan İYİ Partiya da qurultay keçirib, lakin köhnə sədr Meral Akşener yerində qalıb. Üstəlik, partiya Mərkəzi İdarə Heyətinin qərarı ilə bələdiyyə seçkilərində təkbaşına iştirak və ölkənin bütün vilayətlərində namizəd çıxarmaq qərarı alıb.

 

Bir neçə gün öncə yeni CHP sədri Özgür Özel İYİ Partiya qərargahında Akşenerlə "nəzakət görüşü" keçirib, o, həmkarından qərara yenidən baxılmasının mümünlüyünü soruşub və bunu xahiş edib. Akşener məsələni yenidən Mərkəzi İdarə Heyətinin müzakirəsinə çıxarmaq üçün növbəti iclasın gündəliyinə daxil olmasını təklif edə biləcəyini vurğulayıb. Formal xarakterli müsbət mesajlarla yadda qalan mətbuata qısa açıqlamalardan sonra görüş başa çatıb.

 

Qısası, Özel bələdiyyə seçkilərində CHP-nin İYİ Partiya ilə əməkdaşlığı müdafiə etdiyini ortaya qoyub. Lakin mətbuata açıqlamalarda da qeyd olunub ki, bu əməkdaşlıq cəmiyyətdə son seçkilərdəki uğursuz təcrübədən sonra diskreditasiya olunmuş ittifaq modeli şəklində nəzərdə tutulmayıb. Bu əməkdaşlıq daha çox ayrı-ayrı bölgələrdə hansı partiyanın namizədi güclüdürsə, onun dəstəklənməsinə əsaslanan "qazan-qazan" formuluna əsaslanmalıdır.

 

 

Dünən İYİ Partiya Mərkəzi İdarə Heyəti məsələyə yenidən baxıb. Nəticədə CHP-nin təklifi rədd edilib. Belə ki, partiyanın rəhbər orqanı seçkilərdə təkbaşına iştirak və bütün vilayətlərdə namizəd çıxarılması barədə köhnə qərarını qüvvədə saxlayıb. Akşenerin sədrliyi ilə keçirilən iclasda lehinə 14, əleyhinə 35 səslə CHP ilə seçki əməkdaşlığına mənfi cavab verilib.

 

Beləliklə, seçkilərə 4 aydan bir az çox zaman qalıb və bu müddətdə hər hansı yenilik olmasa, Türkiyə müxalifətinin səs etibarilə 3 ən böyük partiyasından 2-si (digəri kürdyönümlü HEDEP-dir - red.) seçkilərə ayrı-ayrı qatılacaq və bir-birinin rəqibi olacaq. Bu, 2019-cu ildə keçirilmiş ötən bələdiyyə seçkilərində ittifaq şəklində iştirak edilərək uğur qazanılan bir sıra bölgələrdə müxalifətin səslərinin bölünməsinə və hakim partiyanın namizədi ilə cüzi səs fərqi hesabına əldə olunan qələbələrin məğlubiyyətlə əvəzlənə biləcəyi ehtimalını artıran faktor kimi çıxış edir.

 

Doğrudur, mövzu ilə bağlı ötən yazımızda qeyd etdiyimiz kimi, bələdiyyə seçkiləri ilə digər seçkiləri bir-birindən fərqləndirən cəhətlər var. Belə ki, yerli seçkilərdə isə daha çox namizədlərin şəxs olaraq öz profilləri ortalığa çıxır. Məsələn, prezident və parlament seçkilərində daim A partiyasına səs verən seçici bölgədə nüfuza malik olan, sayılıb-seçilən, yerli səviyyədə xidmətləri olan namizədin B partiyasından irəli sürüləcəyi təqdirdə həmin partiyanın namizədinə səs verməyə hazırdır.

 

Bələdiyyələrin səlahiyyətinə daxil olan məsələlər siyasi xarakterdən daha çox inzibati-təsərrüfat xarakteri daşıdığı üçün burada namizədlərin ideoloji baxışı, siyasi dünyagörüşü nisbətən az rol oynayır və bacarıqlı təşkilatçılıq qabiliyyətləri, menecerlik xüsusiyyətləri, maliyyə resurslarına çıxış imkanları, piar fəaliyyəti və şəxsi nüfuzu daha çox önə çıxır. Təbii ki, ənənəvi olaraq, yerli seçkilərdə də 5-10 faizlik stabil elektorat da olur ki, digər partiyanın namizədi daha cəlbedici görünsə də, dəstəklədiyi partiya kimi namizəd çıxarır-çıxarsın, hər zaman öz partiyasının namizədinə səs verməyə qərarlıdır. 

 

Qeyd etmək lazımdır ki, yuxarıda sadalananlar daha çox kiçik şəhər və vilayətlərə, əyalət bələdiyyələrinə və mərkəzdən uzaq bölgələrə aiddir. Mərkəzdəki bələdiyyələrdə - İstanbul, Ankara, Bursa və digər böyük şəhər bələdiyyələrində hər nə qədər inzibati-təsərrüfat idarəçiliyindən söhbət getsə də, burada siyasi amil özünü daha qabarıq büruzə verir.

 

 

Bu baxımdan İYİ Partiyanın qərarı seçkinin nəticələrinə təsirsiz ötüşməyəcək. Bununla belə, Türkiyə müxalifətinin əməkdaşlığı təkcə CHP-İYİ Partiya birlikdəliyindən ibarət ola bilməz. CHP Xalqların Bərabərlik və Demokratiya Partiyası (HEDEP), Türkiyə Fəhlə Partiyası (TİP) və sol, sol-mərkəz təmayüllü digər siyasi qüvvələrlə də əməkdaşlıq edə bilər.

 

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki strategiyasına gəlincə, prezident Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərindən cəmi 2 ay sonra çıxış edərkən növbəti ilin martındakı bələdiyyə seçkilərinə hazırlığın anonsunu vermişdi. O, partiyasına seçkilərə vaxt itirmədən hazırlaşmaq, yerlərdə fəaliyyətə başlamaq tapşırığı vermişdi.

 

Cümhur İttifaqı da mövcudluğunu qoruyur və AKP-nin müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyası (MHP) da yerli seçkilərə ittifaq çərçivəsində qatılacağını, lazım olan bölgələrdə hakim partiyanın namizədini dəstəkləyəcəyini elan edib. Bu baxımdan iqtidarın yerli seçkilərə müxalifətdən daha avantajlı getdiyini demək olar. AKP yerlərdə bələdiyyə sədrliyinə namizədliyə namizəd olanların müraciətlərini toplayıb və hazırda dəyərləndirmə prosesi aparılmaqdadır.

 

Seçkilərlə bağlı dövlət büdcəsindən parlament partiyalarına ayrılacaq vəsait də artıq məlumdur:

- AKP 2 milyard 638 milyon TL 

- CHP 1 milyard 898 milyon TL

- MHP 749 milyon 910 min TL

- İYİ Partiya 739 milyon 731 min TL

- YSP 656 milyon 337 min TL

 

Əsas sual isə İstanbul, Ankara kimi əsas şəhərlərdə müxalifətin ötən seçkidəki qələbəsini qoruya biləcəyi, yoxsa iqtidarın prezident və parlament seçkilərindəki qalibiyyətindən sonra bələdiyyə seçkilərini də qazanacağı ilə bağlıdır. Bu sualın cavabını uca türk milləti seçki günü özü verəcək. Xalqın iradəsi seçki qutularından yerli hakimiyyətlərə - bələdiyyələrə hökmran olacaq...

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok