Modern.az

Ermənistandakı Rusiya bazası və sərhədçiləri - Paşinyan onları çıxara biləcəkmi...

Ermənistandakı Rusiya bazası və sərhədçiləri - Paşinyan onları çıxara biləcəkmi...

Analitika

1 Mart 2024, 17:36

SSRİ-nin dağılmasından sonra müstəqil olan Ermənistan ilk gündən Azərbaycana ərazi iddiaları irəli sürdüyü üçün hərbi-təhlükəsizlik məsələsində Rusiyadan asılı hala düşüb. Qonşu Türkiyə və Azərbaycanla problemlərə görə dalan vəziyyətinə düşən Ermənistanda 1998-ci ildən Robert Koçaryanın hakimiyyətə gəlməsindən sonra Rusiyadan asılılıq daha da artıb.

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulan rəsmi İrəvan həm də Moskva ilə hərbi sahəni də əhatə edən geniş əməkdaşlıq, tərəfdaşlıq, müttəfiqlik sənədləri imzalamaqla bu asılılığı pik həddə çatdırıb. Lakin Qərbyönümlü siyasi kurs seçən Nikol Paşinyanın 2018-ci ildə məxməri inqilabla hakimiyyətə gəlməsindən sonra Ermənistan strateji seçimini yenidən nəzərdən keçirməyə başladı.

 

Tədricən Rusiyadan uzaqlaşmaq xətti tutan Paşinyan hakimiyyəti 44 günlük müharibədən sonra bu xətt üzrə daha intensiv addımlar atmağı qərarlaşdırdı. Rusiya-Ukrayna müharibəsinin başlaması və ötən ilin sentyabrında Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistan tam sürətlə Moskvadan qoparaq Qərbə üz tutdu.

 

Bu əsnada dəfələrlə Moskva layihəsi olan KTMT-dən uzaqlaşmaq, Ermənistandakı Rusiya hərbi mövcudluğunun taleyi kimi məsələlər müxtəlif səviyyələrdə gündəmə gətirilib. Son günlərdə İrəvandakı Zvartnots hava limanından Rusiya sərhədçilərinin çıxarılması məsələsi qoyulub. Rəsmi İrəvan bu sərhədçilərin ölkə ərazisindən Rusiya vətəndaşının qaçırılmasında iştirakını əsas gətirir və onların Ermənistanın suverenliyinə hörmətsizlik etdiyini diqqətə çatdırır.

 

Bəs Ermənistanda Rusiya hərbi mövcudluğu hansı miqyasdadır?

 

Əvvəlcə qeyd edək ki, Ermənistanda Rusiyanın Gümrüdəki hərbi bazası və onun Zəngəzurdakı filialı, eləcə də Türkiyə və İranla dövlət sərhədində, eləcə də İrəvandakı hava limanında Rusiya sərhədçiləri var.

 

 

102-ci Rusiya hərbi bazası hələ SSRİ dövründən mövcuddur və NATO ölkəsi olan Türkiyəyə qarşı yönəldilib. Sərhədə çox yaxın olan Gümrü şəhərində yerləşən bu baza NATO-nun cənub qanadı hesab olunan Türkiyədəki bazalara qarşı ovaxtkı Varşava Müqaviləsi iştirakçılarının cənub qanadı - SSRİ-nin tərkibindəki Ermənistan SSR-də yerləşdirilib.

 

Müstəqillikdən sonra baza Moskva ilə İrəvan arasında 1995-ci ildə bağlanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda fəaliyyətini davam etdirir. Bazanın şəxsi heyəti MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyindədir. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb.

 

Protokol həmçinin onun coğrafi və strateji məsuliyyətinin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır. Aviabazanın şəxsi heyəti MDB ölkələrinin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemində hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyindədir.

 

Açıq mənbələrə görə, bazada təxminən 3 min rus hərbçisi yerləşir. 74 tank, 17 piyada döyüş maşını, 148 zirehli transportyor, 84 artilleriya qurğusu, 18 MiQ-29 qırıcısı və S-300 zenit-raket komplekslərinin bir neçə batareyası var. 

 

Sərhədçilərə gəlincə, Ermənistan Rusiyanın özündən başqa rus sərhədçilərinin yerləşdiyi yeganə ölkədir. Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları saxlayan Ermənistan bu ölkə ilə sərhədlərini qorumağı Rusiyaya həvalə edib. Görünür, İrəvan nə vaxtsa Ankaranın bu iddialara adekvat reaksiya verməsi ehtimalından ehtiyatlanıb.

 

Təbii ki, uzun illər Rusiyanın forpostu funksiyasını yerinə yetirmiş Ermənistan həm də Moskvanın strateji maraqları ilə hesablaşmalı olduğu üçün sərhədləri təhvil verməli olub. Bunu Türkiyədən fərqli olaraq İrəvanın çox yaxşı münasibətlərdə olduğu İranla və qismən Gürcüstanla sərhədlərin də Rusiya sərhədçilərinin əlində olması göstərir.

 

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəsi 30 sentyabr 1992-ci il tarixli müqaviləyə uyğun olaraq xidmət göstərir. Şöbəyə dörd dəstə daxildir: Gümrü, Armavir, Artaşat və Mehridə, həmçinin Zvartnots hava limanında nəzarət-buraxılış məntəqəsi. Onların saxlanması hər iki dövlət tərəfindən paritet əsasda təmin edilir.

 

Hazırda Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədinin 333 km, Gürcüstanla sərhədin 42 km (ümumi 260 km-dən), İranla sərhədin 125 km hissəsini mühafizə edir. Rusiya sərhədçiləri bir müddət əvvəl Azərbaycanla sərhədin müəyyən hissəsində də nəzarəti həyata keçirməyə başlayıblar. Məsələn, bu yaxınlarda insident yaşanan Zəngəzurun Nerkin Hand kəndində Rusiya sərhədçiləri fəaliyyət göstərir.

 

Hələ 2021-ci ilin mayında Ermənistan hökumətinin iclasında Rusiya FTX-nin sərhəd idarəsinə Sünik vilayətində (Zəngəzur) ümumi sahəsi 3,5 hektar olan torpaq sahəsinin pulsuz istifadə hüququ ilə ayrılması barədə qərar qəbul edilib. Ermənistan hökumətinin bu qərarı 44 günlük müharibədən sonra Ermənistanın cənub-şərq sərhədlərinin möhkəmləndirilməsi zərurəti yaranması ilə əlaqədardır.

 

Uzun illər davam edən işğal dövründə burada heç bir sərhəd infrastrukturu mövcud olmayıb. Rusiya sərhədçilərinin ölkənin digər ölkələrlə sərhədlərini qoruması Ermənistana bütün ordusunu şərq istiqamətində - Azərbaycana doğru yerləşdirməyə imkan vermişdi. Son müharibədən və sentyabrdakı əməliyyatlardan sonra formalaşmış yeni reallıqlar isə vəziyyəti kökündən dəyişib.

 

Artıq İrəvanın Ukrayna ilə müharibədə zəifləmiş, müəyyən qədər uğursuzluqlara düçar olmuş və ermənilərin təbirincə, Azərbaycanla müharibədə Ermənistana kömək etməmiş Rusiyaya, onun hərbçilərinə ehtiyacı yoxdur. Zvartnotsdan Rusiya sərhədçilərinin çıxarılması reallaşarsa, daha sonra 102-ci bazanın Ermənistanı tərk etməsi və KTMT ilə yoları ayırmaq gündəmə gələ bilər. Bu, Moskva və Paşinyan hakimiyyəti arasında mübarizənin nəticəsindən asılı olacaq.

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir