Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələri davam etdirir.
Təqdim etdiyimiz yazı silsiləsi bəlkə də, bundan sonrakı bütün yazılar üçün vacib bir açar rolunu oynayacaq. Çünki burada birbaşa haqqında danışdığımız və cəmi 23 ay yaşamasına baxmayaraq dövlətçilik tariximiz üçün böyük işlər görən Azərbaycan Cümhuriyyəti dövlətinin adından bəhs edirik.
Diqqət etdinizsə, biz burada “Azərbaycan Xalq Cümhuriyyəti” deyil, “Azərbaycan Cümhuriyyəti” ifadəsini işlətdik. Cümhuriyyət dövrünün araşdırıcısı Ədalət Tahirzadə və başqa bir neçə tədqiqatçının bu sətirlərin müəllifinə tövsiyəsindən sonra biz də dövlətin adını “Azərbaycan Cümhuriyyəti” kimi yazmağa başladıq. Amma razılaşarsınız ki, media heç, hətta elmi-araşdırma kitablarında da birinci versiya işlədilir.
Biz bunu qətiyyən qüsur kimi göstərmək fikrində deyilik. Ən azından tariximizin ən vacib sənədlərindən biri olan “İstiqlal Bəyannamə”sində “Azərbaycan Xalq Cümhuriyyəti”nin adı keçir.
Sadəcə, tədqiqatçıların müəyyən tövsiyəsini çatdırırıq: onların sözlərinə görə, dövlətin var olduğu 23 ay ərzində bütün rəsmi sənədlər, dövlət rəmzləri, yazışmalar, diplomatik nümunələrin hamısında, hətta pul vahidində “Azərbaycan Cümhuriyyəti” sözü işlədilib. Yəni, “Xalq” sözü olmayıb.
Dövlətin banisi Məhəmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetində yazdığı “Cümhuriyyət” adlı məqaləsində də bu anlayışın mahiyyətini açıqlayıb. Bildirib ki, “bizə Cümhuriyyəti-ənam” lazımdı.
O dövrün araşdırmaçılarından olan jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az saytının açdığı polemikaya qoşularaq, dövlətin adının həqiqətən də Azərbaycan Cümhuriyyəti olduğunu bildirib:
“Dövlətin bütün rəsmi sənədlərində “Azərbaycan Cümhuriyyəti” ifadəsi işlənir, “Xalq Cümhuriyyəti” yox. Ümumiyyətlə, müstəqillik aktı qəbul olunanda hətta belə bir ifadə təklif olunub: “Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti”. Daha sonra buna heç yerdə rast gəlmirik. Amma iki il müddətində bütün sənədlərdə, blanklarda, möhürlərdə rusca Azərbaycan Demokratik Respublikası, Azərbaycan dilində isə Azərbaycan Cümhuriyyəti kimi gedib.
1990-cı ilin əvvəllərində Cümhuriyyətlə bağlı yazılan əsərlərdə də 23 ay fəaliyyət göstərən dövlətin adı Azərbaycan Demokratik Respublikası kimi yazılıb. Nəsib Nəsibzadə, Möhsün Əliyev, digər tədqiqatçılarda bu belədir. Mən də razıyam ki, əslində Azərbaycan Cümhuriyyəti kimi yazılmalıdır.
Cümhuriyyət dövrünə aid olan qəzetlərdə də ad bu cür göstərilib.
Bir söz də deyim ki, bu adlar məsələsinə çox ciddi fikir vermək lazımdır. Məsələn, biz Qafqaz İslam Ordusu deyirik. Ancaq əsl adı Qafqaz Müsəlman Ordusudur. Bizim tarixşünaslığımıza o cür keçib deyə, artıq tarixi ifadə kimi elmi mahiyyət kəsbdiyindən biz də başqa cür yaza bilmirik. Elə mən özüm də elmi işimdə məcbur qalıb Qafaz İslam Ordusu kimi yazmışam. Eynən, Azərbaycan Cümhuriyyəti məsələsində də bu cürdür. Artıq bizim tarixşünaslığımlız bunu belə qəbul edib”.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb.