Etibar Hüseynov
İki gündür ki, iqtidarlı müxalifətli hamı "Qarabağ mitinqi"ndən yazır. "Ay, qaçqınlar niyə gəlmedi? Ay, xalq Qarabağı istəmir" və bu qəbildən olan bir sıra sərsəmləmələr. Mən dəfələrlə demişəm ki, artıq mitinqlər dövrü bitib, köhnəlib. Ona görə də nəsə yeni formatlar fikirləşilməlidir.
Digər tərəfdən qarabağlısı və ya digəri o mitinqə nəyə görə getməliydi ki? Əksəriyyətinin Qarabağ münaqişəsinin mövcud reallıqlar çərçivəsində mahiyyətini və müharibənin nə olduğunu anlamayanların pafoslu çıxışlarına qulaq asmaqdan ötrümü? O mitinq hansı yaralı barmağa dərman olası idi ki? Deyirlər ki, 10 min adam gəlmişdi; 20 ya 30 min gəlsəydi nə olacaqdı ki? Bu gün başda Əli Kərimli olmaqla mitinq və digər aksiyalar o qədər urvatdan salınıb ki, artıq siyasi baxış etibarı ilə kifayət qədər təkmil olan Azərbaycan vətəndaşı bütün bu aksiyaların gərəksizliyini çoxdan anlayıb. O kimlərinsə qrant qoparmaq və ya gündəmdə parlamağa hesabladığı gərəksiz şoularda iştirak etmir. Və düz de edir.
Bəs xalq Qarabağı istəyirmi və ya ümidini itiribmi?
Tam əminliklə deyirəm ki, heç bir ümidsizlikdən söhbət gedə bilməz. Xalqımızın nəbzi də Qarabağla döyünür və tezliklə torpaqların azad olunacağına əmindir. İstər "Eurovision" yarışmasında qalib olanda, istərsə də hansısa idman yarışmalarında qələbə qazananda küçələrə axışan XALQ "Azərbaycan!" çığırmaqla, həm də "QARABAĞ-QARABAĞ!" hayqırmırdımı?
Aprel döyüşlərində bir-iki yüksəkliyin alınmasında xalqda coşub-daşan ruh yüksəkliyini ki, hamı gördü. Bu XALQ deyildimi o günlərdə əliyalın Qarabağa yürüş etməyə hazır olan. Ona görə də yetər özünüzün bütün uğursuzluğunu xalqın adına yazmağınız. Həmin xalq bilsə ki, mitinq yoluyla bircə rayon və ya kənd azad olunacaq - heç kəsin dəvətini gözləmədən həmin meydanlarda gecə-gündüz dayanar. Ona görə də bu gün Xalqın ümid bəslədiyi iki ünvan var- seçdiyi Prezident və güvəndiyi Ordu. Vəssalam. Qalanı təfərrüat...
(Mitinqdə iştirak etmiş bütün sadə vətəndaşlara sevgi və sayğılarla)