Son dövrlərdə respublikamızda həm qanunvericilikdə aparılan islahatlar, həm də dövlətin apardığı siyasət baxımından sahibkarlığın inkişaf etdirilməsi və bu inkişafa mane olacaq səbəblərin aradan qaldırılması ilə bağlı ciddi addımlar atılır. Ölkədə maliyyə sabitliyinin qorunması və respublikadan kənara qanunsuz valyuta axının qarşısını almaq üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası inzibati məsuliyyəti müəyyən edir və bu da əslində respublikamızda maliyyə sabitliyinin qorunmasına xidmət etmiş olur.
Lakin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın müəyyən edilməsində qanunvericilikdə xeyli boşluq yaranmışdır. Belə ki, həmin Məcəllənin 430.4.-ci maddəsinə əsasən “Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə” inzibati məsuliyyət nəzərdə tutulur. Bu maddədə nəzərdə tutulan “müəyyən müddət ” Azərbaycan Respublikasının Mərkəzi Bankın 28 noyabr 2016‐cı il tarixli, 45/1 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3.-ci bəndində nəzərdə tutulmuşdur. Həmin bəndə görə “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4‐cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.
Təəssüflər olsun ki, məhkəmələr bu məsələ ilə bağlı mübahisələrin həllində işə formal yanaşırlar, yalnız qanunvericilik normasından çıxış edirlər və işin obyektiv tərəflərini nəzərə almırlar. Qanunun bu normasının əsas məqsədi ölkədən qanunsuz şəkildə valyuta axının qarşısını almaqdır, hər hansı bir fiziki və ya hüquqi şəxsi cəzalandırmaq deyildir. Əgər mallar idxal edilibsə və ya xidmətlər göstərilibsə, hətta bu 270 gündən artıq bir dövrdə baş vermişsə belə, burada yekunda ölkədən qanunsuz valyuta çıxarılması faktı yoxdur. Hesab edirəm ki, məhkəmələr malın daxil olmasında və ya xidmətlərin göstərilməsində müəyyən gecikmələri üzürlü saya bilər və inzibati cərimə barədə qərar qəbul etməyə bilər ki, bu da malları Azərbaycan Respublikasına daxil olmuş və ya xidmətlər göstərilmiş sahibkarlarla, belə malların daxil olmadığı və xidmətlərin göstərilmədiyi sahibkarlarla müqayisədə düzgün fərqli yanaşmaya şərait yaratmış olar.
Bəzi mütəxəssislər hesab edir ki, Qaydaların bu bəndində nəzərdə tutulan “270 gün” müddət bir qədər artırılarsa, sahibkarların çətinliyi aradan qalxmış olar. Lakin bu fikir məqbul sayıla bilməz, çünki bəzən rezident və qeyri-rezidentlər elə bir avadanlıq, qurğu və texniki vasitə sifariş edirlər ki, onun hazırlanması və təhvil verilməsi üçün bir neçə il vaxt tələb olunur. Hətta bəzən bunu xidmət sahəsinə də aid etmək olar. Məsələn, böyük təssərrüfat subyektlərinin auditi və ya ekspertizası 270 gündən artıq bir dövrü əhatə edə bilər. Hesab edirəm ki, vəziyyətdən çıxış yolu həmin Qaydaların dəyişdirilməsi və aşağıdakı redaksiyada verilməsi olardı.
4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənədlər, o cümlədən tərəflərin imzalayıb təsdiq etdiyi müqavilə (kontrakt, saziş və s.) təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən müqavilədə nəzərdə tutulan icra müddəti ərzində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4‐cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. Xidmətlərin göstərilməsi, gündəlik tələbat malları, tikinti, xammal,ehtiyat hissələri və s. mallarının idxalı üzrə üzrə icra müddəti 1 (bir) ildən, avadanlıq, zavod və fabrik qurğuları və s., eləcə də sifariş əsasında hazırlanan texniki vasitələr və s. üzrə icra müddəti 3 (üç) ildən artıq olmamalıdır. Müqavilə müddəti bu bənddə nəzərdə tutulan müddətdən, eləcə də müqavilənin ümumi dəyəri 10 (on) milyon ABŞ dollarından (digər valyutlar ekvivalent qaydada götürülür) çox olduqda bu müqavilə nəzərdə tutulmuş qaydada müvafiq qeydiyyatdan keçdikdə, həmin müqavilədə nəzərdə tutulan müddət əsas götürülür. (Belə bir qeydiyyat İqtisadi İnkişaf Nazirliyi, DGK, Maliyyə Bazarlarına Nəzarət Palatası və s. orqanlar təəfindən qeydiyyata alına bilər.)
Digər bir mühüm yenilik bundan ibarət ola bilərdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının tərkibində Palatanın əməkdaşlarından, Mərkəzi Bankın, ola bilsin DGK-nin nümayəndələrindən təşkil olunmuş “Apellyasiya Şurası” fəaliyyət göstərə bilərdi ki, həmin “Apellyasiya Şurası” Palatanın qəbul etdiyi qərarlara və Protokolllara yenidən apellyasiya qaydasında baxmaq hüququna malik olardı ki, bu da həm obyektiv qərarların qəbul edilməsinə, həm də bir qədər məhkəmələrin iş yükünün azaldılmasına səbəb olardı. Əgər nəzərə alsaq ki, bir neçə dövlət orqanlarının nəzdində belə apellyasiya qurumları uğurla fəaliyyət göstərir, bu təcrübədən yararlanmaq faydalı olardı.
Adil Hacalıyev
Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının üzvü
(050,070) 330 24 02