"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə Zirvə görüşünün keçirilməsi, türkdilli xalqların həmrəyliyinə, dəstəyə olan inamını nümayiş etdirməsi, dövlətimizin rəhbərinin uzaqgörən siyasətinin nəticəsidir".
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının dünənki videokonfrans vasitəsilə keçirilən Zirvə görüşünü şərh edərkən deyib. Komitə sədri belə bir vaxtda görüşü yüksək qiymətləndirib:
"Dünyanı koronavirus təhlükəsinin bürüdüyü bir vaxtda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan prezidentlərini, Macarıstanın Baş Nazirini, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu bir araya gətirmək və mövcud vəziyyəti qiymətləndirib çətinliklərdən qurtulmaq yollarını araşdırmaq bəşəri mahiyyət daşıyır. Nəinki Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olan, eləcə də, dünyanın bütün xalqları üçün əhəmiyyətlidir. Bu həmrəylik sülh və əmin-amanlıq xoşbəxtlik üçün bütün dünya rəhbərlərinə bir mesajdır, Azərbaycan prezidentinin xalqların təhlükəsizliyinə, sağlamlığına qayğısının göstəricisidir. Çünki bu gün dünya xalqları koronavirus təhlükəsi qarşısında acizdir. 100 mindən çox insan bu bəlanın qurbanı olub. Yüzminlərlə insanın həyatı təhlükədədir, bəşəriyyət həyəcandadır. Belə bir narahat dövrdə dövlət başçımızın dünya dövlət başçılarını bir araya gətirmək və Zirvə görüşünün bəyannaməsini qəbul edərək dünya dövlətlərini, beynəlxalq təşkilatları koronavirusa, çətinliklərə qarşı birgə mübarizəyə səsləmək humanizm və xeyirxahlıq nümunəsidir. Bu həm də bəşəri ideyalara sadiqlik, insana xidmətdir".
Tahir Rzayev İlham Əliyevin bu videokonfransı keçirməklə insanlığa xidmət etdiyini bir daha dünyaya göstərdiyini söyləyib:
"Koronavirusa qarşı ölkəmizdə həyata keçirilən mühüm tədbirləri, qəbul edilən qərarları, insanlara göstərilən xidmətləri, ayrılan yardımları xatırlatmaqla bərabər, həm də digər xalqlara əl uzatmali olduğumuzu da bildirdi. Belə çətin anlarda həmrəyliyin, qarşılıqlı hörmət və inamın vacibliyinə önəm verdi. O, həm də Azərbaycan xalqının bu çətinliklərdən inamla çıxacağını, inkişaf edəcəyini və bundan sonra da həmrəylik, birlik mövqeyindən çıxış edəcəyini ifadə etdi".