Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı Ceyhun Məmmədov seçicilərinin suallarını cavablandırmaq, təkliflərini dinləmək məqsədilə aprelin 16-sı saat 20:00-da Facebook üzərindən ilk canlı görüş keçirməyi planlaşdırır.
Modern.az xəbər verir ki, 9 fevral seçkilərindən sonra seçicilərlə görüşməyi planlaşdıran deputat koronavirus səbəbindən bunu gerçəkləşdirə bilməyib.
“Seçkilərdən sonra qısa zamanda seçicilərlə üzbəüz görüşəcəyimizə söz vermişdik. Ancaq məlum səbəblərdən hələ ki belə görüşümüz alınmır.
Ona görə də Facebook üzərindən ilk canlı görüşümüzdə bu günə kimi görülən işlər, həyata keçirilməsi planlaşdırılan layihələr barada məlumat verəcək, sualları cavablandıracağıq.
Onu da qeyd edim ki, yayım zamanı yalnız faktlara əsaslanmalı, əsassız ittihamlardan çəkinməli, böhtan və təhqirdən uzaq olmalıyıq. Əks halda, bu hüquqi məsuliyyət yarada bilər.
İnanıram ki, bu görüşümüz bölgəmizin və ümumilikdə dövlətimizin inkişafı naminə qarşılıqlı inam və etimadın daha da güclənməsinə öz töhfəsini verəcək”, - deyə C.Məmmədov seçicilərinə müraciətində bildirib.