Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 46/11 ünvanında yaşayan, Lənkəran şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi işləmiş Mirzəyeva Nuridə Arif qızının qanunsuz işdən çıxarılması ilə bağlı 15 aprel 2020-cı il tarixində Abatv.az kanalında yayımlanan reportajla əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətinin təkzibi.
Modern.az xəbər verir ki, Lənkəran şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının iş planına uyğun olaraq “Bağçada təlim-tərbiyə prosesinin təşkili barədə” məsələ ilə əlaqədar 21 noyabr 2018-ci il tarixində uşaqlarla aparılan təlim-tərbiyə prosesinin təşkili vəziyyəti araşdırılmışdır. Bağçanın kiçik qrupunun tərbiyəçisi işləmiş Mirzəyeva Nuridə Arif qızının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi müəyyən edilmşdir. Nuridə Mirzəyeva dəfələrlə nizam-intizam qaydalarını pozmuş, işə vaxtında gəlməmiş, nizam-intizam qaydalarını pozduğu üçün barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdir. Lənkəran şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi işləmiş Mirzəyeva Nuridə Arif qızının əmək fəaliyyəti zamanı üzərinə düşən funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi barədə tərtib olunmuş akt və toplanmış sənədlər Lənkəran şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Komitəsində müzakirə edilmiş və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq Mirzəyeva Nuridə Arif qızının əmək müqaviləsi ləğv edilmişdir. Lənkəran Şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasında boş qalmış tərbiyəçi işinə isə Azərbaycan Respublikasının Milli Qəhramanı Soltanağa Bayramovun nəvəsi Məmmədova Sevanə Zakir qızı təyin edilib.
N.Mirzəyevanın ailə durumu nəzərə alınaraq ona başqa körpələr evi- uşaq bağçasında iş təkilif olunmuş, lakin o işlədiyi bağçada öz əvvəlki işinə qaytarılmasını tələb etmiş və iddiası ilə əlaqədar respublikanın müxtəlif təşkilatlarına və məhkəməyə müraciət etmişdir. Mirzəyeva Nuridə Arif qızının iddiası əsasında “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsində baxılmış və iddianın təmin edilməməsi barədə Qətnamə qət edilmişdir. Məsələ ilə bağlı apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində, kassasiya şikayətinə isə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmış və Lənkəran Rayon Məhkəməsinin 2(049)-771/2019 saylı iş üzrə 13 fevral 2019-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Vətəndaşa şəhər İcra hakimiyyətində dəfələrlə qəbul edilmiş, ona qanunvericiliyin tələbləri izah olunaraq bildirilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxsin şərəfini, layəqətini və işgüzar nüfüzünü ləkələyən qərəzli məlumatların yayılması qanunla qadağandır. İşgüzar nüfüzünu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
Nuridə Mirzəyevə video və elektron müraciətlərində Lənkəran şəhər 5 nömrəli körpələr-evi uşaq baxçasının sabiq müdiri Hüseynova Aybəniz Fərəculla qızının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfüzüna xələl gətirən çıxış etdiyi üçün onun barəsində xüsusi ittiham qaydasında Lənkəran Rayon Məhkəməsinə şikayət verilmiş və hazırda həmin iş məhkəmə icraatındadır.
Bu barədə dəfələrlə mətbuatda açıqlamalar verilməsinə bamayaraq sizin kanalda yayımlamağda davam edir.
İstənilən informasiya yayımlanmazdan əvvəl cavabdeh şəxs və ya təşkilatla dəqiqləşdirilərsə, belə saxta məlumatların mətbuat orqanlarının nüfuzuna xələl gətirməsinə imkan yaranmaz. Kütləvi informasiya vasitələri belə məsələlərdə diqqətli olmalıdırlar.