Modern.az

Cənubi Koreyada seçkilərin nəticəsi bəlli oldu

Cənubi Koreyada seçkilərin nəticəsi bəlli oldu

Aktual

16 Aprel 2020, 19:39

Cənubi Koreyada aprelin 15-də keçirilmiş parlament seçkilərində hakim Demokrat Partiyası qanunverici orqanda yerlərin çoxunu qazanıb.

 

Modern.az Yonhap agentliyinə istinadla xəbər verir ki, 4 ildən bir keçirilən seçkinin nəticələrinə əsasən, 300 deputat yeri olan Milli Assambleyada hakim partiya və onun müttəfiqləri 180 yer qazanıb.

Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatda deyilir ki, ana müxalifət partiyası olan Vahid Gələcək Partiyası və müttəfiqləri qanunverici orqanda 103 yer əldə edib. Parlamentdə birbaşa seçki əsasında 253 yerin 163-nü Demokrat, 83-nü Vahid Gələcək partiyaları, bir yeri Ədalət Partiyası, beş yeri isə müstəqil namizədlər qazanıb. Proporsional əsasda seçki keçirilmiş 47 yerdən 19-nu Vahid Gələcək, 17-ni Demokrat, 5-ni Ədalət partiyaları, hərəyə 3 yer isə Xalq və Açıq Demokrat partiyaları qazanıb.

 

Komissiya 29 milyondan çox vətəndaşın səsvermə hüququndan istifadə etdiyini, beləliklə, 66,2 faizlik seçici aktivliyinin son 28 il üzrə ən yuxarı göstərici olduğunu açıqlayıb.

Siyasi şərhçilər ölkənin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə qızğın mübarizə apardığı bir vaxta təsadüf edən seçkiləri hakim Demokrat Partiyasını təmsil edən Prezident Mun Ce-inin referendumu kimi qiymətləndirirlər. Rəy sorğularına əsasən iqtisadiyyatın artımının zəifləməsi və keçmiş Ədliyyə naziri Ço Kuk ilə bağlı siyasi skandala görə ötən il xalq arasında nüfuzu 30 faizə düşən Prezident Mun Ce-in koronavirus böhranı ilə mübarizədə hökumətin əldə etdiyi uğurlara sayəsində xeyli hörmət qazanıb. Son sorğuya əsasən dövlət başçısının nüfuzu 50 faizdən yuxarı olub. Parlamentdə qazanılan 180 yer hakim partiyaya qanun layihələrini digər partiyaların dəstəyi olmadan belə qəbul etdirməyə imkan yaradır.

 

Qeyd edək ki,COVID-19 infeksiyasının yayılmağa başladığı ilk vaxtlarda Cənubi Koreya yoluxanların sayına görə Çindən sonra ikinci idi. Amma hökumətin çevik addımları, xüsusən ölkənin testetmə imkanları sayəsində Cənubi Koreya virusun yayılmasını nəzarət altına ala bilib. Ardıcıl 4 gündür ölkədə yeni yoluxmaların sayı 30-dan aşağı olub. Halbuki fevralda bu rəqəm bəzən 900-ə çatırdı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putinə Paşinyandan bir