Müəllim ömrü elə bir ömürdür ki, bu ömrü yaşayanlar ürəyinin hərarətini, gözlərinin nurunu, bütün bilik və bacarığını minlərlə şagirdin gələcəyi üçün təmmənasız bölüşür. Müəllim ziyası elə bir işıqdır ki, o, neçə-neçə insanın həyatına nur saçır, ömür yollarına aydınlıq gətirir. Əsl müəllimlər, müəllim adını şərəflə daşıyanlar bu gərgin əməkdən yorulmurlar, tükənmirlər. Həyata vəsiqə verdikləri şagirdlərin xoş sorağını, uğurlarını eşitdikcə, keçirdikləri fərəh hissi onlara yeni güc verir.
Bütün varlığı ilə öz peşəsinə bağlı olan, ömrünün 46 ilini elmə, təhsilə, gələcək nəsillərin maariflənməsinə həsr edən Zöhrə Hacıyeva da bu illər ərzində müəllim adına ucalıq gətirən pedaqoqlardandır.
1955-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində dünyaya göz açan Zöhrə Hacıyeva hələ orta məktəbdə oxuyarkən müəllim olmaq, ona dərs deyən sevimli müəllimlərinin yolunu davam etdirmək arzusu ilə yaşayıb. Təhsilə marağı, çalışqanlığı, məktəbin ictimai həyatında fəallığı onu zaman-zaman öz arzuna yaxınlaşdırıb.
Zöhrə Hacıyeva Gəncə Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib, pedaqoji fəaliyyətinə Bərdə rayonunda başlayıb. Bir müddətdən sonra ailə həytı quran Zöhrə xanım 1980-ci ildə Kəlbəcərə köçüb.
İnsanlarla tez ünsiyyət qurmağı bacaran, əsl pedaqoqlara məxsus xoş rəftarı, davranışı ilə seçilən və sevilən gənc müəllim az bir vaxtdan sonra rayonun təhsil ictimaiyyəti arasında böyük hörmət qazanıb, savadlı və bacarıqlı müəllim kimi tanınıb.
Qarabağ savaşının ağrı-acıları Zöhrə xanımın da həyatından yan keçməyib, on minlərlə soydışımız kimi, o da 1993-cü ildə özünə çox doğma saydığı Kəlbəcərdən ayrı düşüb. Məcburi köçkünlük həyatı nə qədər ağır olsa da, o bütün çətinlikliklərə sinə gərib, pedaqoji fəaliyyətini davam etdirib, azyaşlı övladlarının təhsil alması, gələcəkdə cəmiyyətdə layiqli vətəndaşlar olmaları üçün həyat yoldaşı ilə birgə bütün əziyyətlərə qatlaşıb.
Zöhrə xanım səriştəli və təcrübəli pedaqoq olmaqla yanaşı, həm də fədakar anadır. Üç qız, bir oğul anası olan Zöhrə xanımın ciddi tərbiyəsi, tələbkarlığı, düzgün istiqamətləndirməsi sayəsində övldları Dürdanə, Xəyalə, Şəhla və Tural yüksək ali təhsilli mütəxəssislər kimi ölkəmizin inkişafına öz töhfələrini verirlər.
Bu gün dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı mübarizədə Zöhrə xanımın həkim qızı Şəhla, polis əməkdaşı olan oğlu Tural ön cəbhədə gözəgörünməz düşmənlə üz-üzə dayanıblar. Övladlrının bu riskli zonalarda olması Zöhrə xanımı narahat etmir, əksinə, Azərbaycanımız naminə, azərbaycanlıların sağlamlığının naminə onların mübarizə yolunda olmalarından o, qürur hissi duyur.
Aprelin 20-si Zöhrə xanımın 65 yaşı tamam olur. Sözsüz ki, yubileylə bağlı həmkarları, şagirdləri, yaxınları, doğmaları ona çoxsaylı təbriklər ünvanlayacaqlar, arzularını bildirəcəklər. Amma bu arzuların içində o, daha çox öz arzusunun gerçəkləşəcəyi günü özünə diləyir, Qarabağa dönmək, ata yurdu Bərdədən keçərək, Kəlbəcərə üz tutmaq arzusunu...
Növbəti doğum gününü Kəlbəcər dağlarında qarşılamaq diləyi ilə biz də bu arzuya qoşuluruq. Yubileyiniz mübarək, əziz Zöhrə xanım!
İlham Cəmiloğlu