"Vətəndaşlar və dövlət, özəl təşkilatlar iki fərqli sistemdən istifadə edin xüsusi karantin dövründə icazə ala bilərlər. Bunlardan biri "icaze.e-gov.az" portalıdır. Bu sistem üzərindən dövlət qurumları və öz təşkilatları daxil olub öz əməkdaşları üçün xususi karantin rejimində icazə ala bilirlər. Artıq 49 mindən çox təşkilat 758 minə yaxın əməkdaşına icazə alıb".
Modern.az xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan "Hədəf" verilişində bildirib.
Fariz Cəfərov qeyd edib ki, 8103 SMS icazə xidmətinə indiyədək vətəndaşlar tərəfindən 16 milyon SMS göndərilib: "Onlardan 72 faizinə müsbət cavab verilib. Ən çox istifadə olunan 2 kodudur. Bu da gün ərzində bir dəfə olmaqla iki saatlıq icazədir. Bu günə qədər, 2,8 milyon vətəndaşımız bu xidmətdən istifadə edib. Gün ərzində orta hesabla sistem 1 milyona yaxın SMS qəbul edir. Gələn SMS-lərin 17-18 faizinə neqativ cavab verilir. Bu isə SMS-i təkrar göndərilməsi və formata uyğun olmamasıyla əlaqədardır".