Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı Ceyhun Məmmədov Azərbaycanın ən gənc döyüşçü şəhidi Samir Əliyevin ailəsinə yardım edib.
Modern.az-ın məlumatına görə, deputat şəhid ailəsinin yaşadığı mənzilin təmir olunmasına köməklik göstərib.
"Seçkilər dövründə Cəbrayıl rayonunun Qaracallı kəndindən olan, 15 yaşında şəhidlik məqamına ucalan Samir Əliyevin (ləqəbi Tiqana-red.) ailəsinə baş çəkmişdik. Görüş zamanı Samir Əliyevin anası Aminə Əliyeva yaşadıqları mənzilin bəzi yerlərinin təmirə ehtiyacı olduğunu bildirmişdi. Seçkidən sonra Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyevlə yenidən Aminə Əliyevanı ziyarət etdik, problemləri ilə maraqlandıq. Qısa müddətdə təmir işi başa çatdırıldı. Fürsətdən istiafadə edib bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”, -deputat qeyd edib.
Qeyd edək ki, Tiqana ləqəbli Samir Əliyev 1992-ci ilin sentyabr ayında ilk döyüşünə girəndə cəmi 15 yaşı vardı… 1993-cü ilin avqust ayının 15-də Xocavənd rayonunun Banazur kəndi ətrafında gedən qanlı savaş Tiqananın son döyüşü olub. Özündən xeyli böyüklərlə birgə silaha sarılan Tiqana düşmənə qarşı cəsarətlə vuruşub və şəhid olub.