Bakıda infarkt keçirən türkiyəli TIR sürücüsü ölkəsindən göndərilən ambulans təyyarə ilə Trabzona aparılıb.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rize bölgəsindən olan 53 yaşlı sürücü Mustafa Çırakın reysə çıxdığı Azərbaycanda, Bakıda halı pisləşib. O, infarkt keçirib və Bakıdakı Mərkəzi Gömrük Klinikasında əməliyyat olunub. Amma müalicəsinin davamı üçün Türkiyəyə aparılması zəruri olduğundan Türkiyədən onun arxasınca ambulans təyyarə göndərilib. Sürücü Trabzondakı xəstəxanalardan birinə yerləşdirilib.
Məsələ ilə bağlı danışan "Pazar Şöförler Odası" başqanı osman Yüksel bildirib ki, sürücünün Bakıdan təxliyyəsi üçün keçmiş idman naziri və Rize millət vəkili Osman Aşkından yardım istəyiblər. “Təcili olaraq ambulans təyyarə hazırlandı. Bakıdan xəstəmizi alıb Trabzondakı xəstəxanaya nəql etdilər. Dövlətimizin, nazirliyimizin gücünü və insanımıza verilən dəyəri bir daha yaşayaraq gördük”,-o bildirib.