“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyaya qoşulmaq Azərbaycan həqiqətlərinin daha geniş təbliğində önəmli rol oynayacaq”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanun layihəsini təqdim edən parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Komitə sədri bildirib ki, “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiya Prezident İlham Əliyev tərəfindən təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunub:
"“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiya 3 dekabr 1958-ci ildə Paris şəhərində YUNESKO tərəfindən qəbul edilib. Konvensiya 23 noyabr 1961-ci ildə qüvvəyə minmiş artıq 47 ölkə tərəfindən ratifikasiya edilib. Konvensiyanın 14-cü maddəsinə əsasən UNESKO-ya üzv dövlətlər öz milli qanunvericiliyinə uyğun olaraq bu Konvensiyanı ratifikasiya və ya qəbul edirlər. Konvensiyanın ratifikasiya etməzdən əvvəl imzalanması nəzərdə tutulmur.
Konvensiyada konvensiyanın iştirakçısı olan dövlətlərin hökumət orqanları və kommersiya məqsədi daşımayan təhsil, elm, texnika və ya mədəniyyət profilli qeyri-hökumət qurumları arasında nəşrlərin mübadiləsi nəzərdə tutulur. Mübadilə obyektləri kimi təhsil, hüquqi, elmi-texniki, mədəniyyət və informasiya sahəsi üzrə nəşrlər qeyd olunur. Xüsusilə olaraq qeyd etmək lazımdır ki, bu Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara və açıqlanmayan digər sənədlərə şamil edilmir.
Nəşrlərin mübadiləsi aidiyyəti orqanlar və qurumlar arasında ya birbaşa, yaxud milli mübadilə xidmətləri və ya mübadilə orqanları vasitəsilə həyata keçirilir. Dövlətlər mübadilə üçün ən əlverişli tariflər və daşınma şərtlərini təmin etmək üçün bütün zəruri tədbirlər görməlidirlər. İdxal və ixrac edilən nəşr məhsulları gömrük rüsumundan azad edilir və gömrük və digər prosedur qaylarının icrası zamanı ən əlverişli şərait yaradılır. Sənəddə həmçinin mübadilə imkanlarını artırmaq məqsədilə dövlətlərin müvafiq orqanları arasında məsləhət və informasiya verilməsi nəzərdə tutulur.
Konvensiyanın 17-ci maddəsinə əsasən hər bir dövlət Konvensiyaya qoşulma zamanı və ya qoşulduqdan sonra istənilən vaxt Konvensiyanın həmin dövlətin bütün ərasizinə şamil olunacağı və ya ərazisinin hər hansı bir hissəsinə şamil olunmayacağı barədə bəyanat verə bilər. Buna uyğun olaraq Azərbaycan Respublikası Konvensiyaya müvafiq bəyanatla qoşulur. Bəyanatda Konvensiyanın müddəaları Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəyi və Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərimizdə Konvensiyanın həyata keçirilməsinə həmin ərazilər işğaldan tam azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat verməməsi qeyd olunur.
Konvensiyanın əhəmiyyəti nəşrlərin dünya dövlətləri və xalqları arasında sərbəst yayılmasına şərait yaradılmasından ibarətdir. Qeyd etmək olar ki, YUNESKO-nun Nizamnaməsində təşkilatın məqsədlərindən biri kimi dünya xalqları arasında fikir və
biliklərin yayılması və bu məqsədlə beynəlxalq müqavilələrin imzalanması qeyd olunur".
Qənirə Paşayeva qeyd edib ki, Azərbaycan Respublikası YUNESKO-nun bu günə qədər 10-dan çox konvensiyasına qoşulub:
"Azərbaycan YUNESKO ilə çox geniş əməkdaşlıq edir. Azərbaycanla YUNESKO arasında bir çox əməkdaşlıq sazişləri imzalanıb və mühüm layihələr həyata keçirilib. Bu çox önəmli layihələr ölkəmizin birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilib. Hörmətli Mehriban xanımın Azərbaycanla YUNESKO arasında yüksək səviyyədə əməkdaşlığın qurulmasında və həyata keçirilməsində böyük rolunu və xidmətlərini xüsusi vurğulamaq istəyirəm”.
Qeyd edək ki, deputatlar sənədi yüksək qiymətləndiriblər və Konvensiyanın təsdiq olunmasına səs veriblər.