Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə aztəminatlı ailələrə koronovirus pandemiyası dövründə yardım kampaniyası uğurla davam etdirilir.
Modern.az xəbər verir ki, pandemiyanın ilk günlərindən koronavirus təklükəsinin yayılmasına qarşı mübarizə və bununla əlaqədar xeyriyyəçilik tədbirlərinin səmərəli təşkilinə hərtərəfli dəstək göstərən Azərbaycan Kooperasiya Universiteti və Kooperasiya Kollecinin kollektivi bu dəfə də Zabrat qəsəbəsində yaşayan aztəminatlı ailəni sevindirib.
Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun şəkildə fəaliyyətini məsafədən təşkil edən hər iki təhsil müəssisəsi onlayn dərsləri davam etdirməklə yanaşı, xeyriyyə layihələrini də uğurla həyata keçirir. Belə ki, bu gün Zabrat qəsəbəsində yaşayan aztəminatlı ailənin müraciətinə cavab olaraq həmin ailəyə ərzaq yardımı göstərilib.
Qeyd edək ki, kollektiv tərəfindən hər il müqəddəs Ramazan ayında bayram süfrələrinin təşkil olunması ənənə halına çevrilmişdi. Lakin bu il koronovirus pandemiyası bu cür kütləvi tədbirlərin keçirilməsinə müəyyən məhdudiyyətlər qoyur. Bütün bunları nəzərə alan Azərbaycan Kooperasiya Universiteti və Kooperasiya Kollecinin kollektivi bu il Ramazan bayramında öz əmək haqqı hesabına Maştağa, Bilgəh, Nardaran və Zabratda olan aztəminatlı ailələrə bayram sovqatı göndərəcəkdir.