Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Vilyam Fəhralı oğlu Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Sərəncamdan az sonra Səbail rayon Məhkəməsində Vilyam Hacıyevin barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
Məhkəmə prokurorluğun təqdimatını təmin edib. Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İmişlinin sabiq icra başçısına Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham verilib.
Vilyam Hacıyevin vəzifədən çıxarılmasından və həbs olunmasından az qala bir sutka keçməsinə baxmayaraq, onun adı hələ də İmişli Rayon İcra Hakimiyyətinin saytından çıxarılmayıb. Bu saatlaradək İmişli Rayon İcra Hakimiyyətinin saytında Vilyam Hacıyev icra başçısı kimi təqdim olunur.
A.Qorxmaz