Ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusa yoluxmaların daha çox lokal müəssisələrdə aşkarlandığını diqqətə çatdırıb. Ramil Bayramlının sözlərinə görə, Bakı Tikiş Evində (BTE) 64 nəfər, “Baku Styl Company”də isə 48 yoluxma faktı aşkar edilib.
Modern.az həmin müəssisələrdə koronavirusa yoluxanların durumunu öyrənmək üçün şirkətlərlə əlaqə saxlayıb. BTE-nin satış üzrə mütəxəssisi Etibar Əzimov saytımıza açıqlamasında bildirib ki, müəssisə hazırda fəaliyyətini müvəqqəti dayandırıb:
“İndi bizdə iş yoxdur. Amma bu məsələlərlə əlaqədar rəhbərliyin mövqeyi olsa daha yaxşıdır. Biz koronavirus aşkarlanan iş yoldaşlarımızla əlaqə saxlamışıq. Bildiyimə görə, hazırda durumları yaxşıdır. Hətta 35-40 nəfərin yaxın günlərdə evə buraxılacağı deyilir. Hər halda şirkətin yoluxan işçiləri arasında ölüm halı olmayıb”.
“Baku Styl Company”nin rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. Buna baxmayaraq, şirkətdən saytımıza verilən məlumata görə, müəssisə hazırda fəaliyyətini davam etdirir.