Modern.az

Şiddət məzmunlu filmlər aqressiyanı adiləşdirə bilər - Psixoloq

Şiddət məzmunlu filmlər aqressiyanı adiləşdirə bilər - Psixoloq

Aktual

Bu gün, 08:45

Şiddət mövzulu filmlərin və digər aqressiv məzmunların insan psixologiyasına təsiri uzun müddətdir müzakirə olunan məsələlərdəndir. Xüsusilə bu cür məzmunun davamlı izlənilməsinin şiddətin insan şüurunda normallaşmasına təsir göstərə biləcəyi bildirilir.

Mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova Modern.az-a açıqlama verib.

Psixoloq bildirib ki, insan cinayətə birdən-birə gəlmir. Onun sözlərinə görə, kriminal və ya aqressiv məzmunlu filmlərə baxmaq insanın avtomatik olaraq cinayət törətməyə meyilli olması demək deyil. Burada bir neçə mərhələdən ibarət prosesdən söhbət gedir.

“İnsan əvvəlcə şiddət məzmunlu filmlərə və digər kontentə baxır. Daha sonra onun şiddətə qarşı həssaslığı dəyişə və müəyyən müddətdən sonra şiddət adiləşə bilər. Lakin bu mərhələ də birbaşa cinayət törətmək anlamına gəlmir. Əgər ailə, məktəb və ətraf mühit tərəfindən bu davranışların qarşısı alınmırsa, aqressiv davranışlar tədricən normallaşa və insanın şiddətə meyilliliyi arta bilər”, – deyə Vəfa Rəşidova qeyd edib.

Psixoloqun sözlərinə görə, növbəti mərhələdə insanda şiddətə haqq qazandıran düşüncələr formalaşa bilər. Məsələn, “sən səhv etmisənsə, mən sənə qarşı şiddət göstərə bilərəm” və ya “sən mənə pislik etmisənsə, mən də sənə eyni şəkildə cavab verməliyəm” kimi yanaşmalar zamanla adiləşə bilər. Bu proses davam etdikdə insan göstərdiyi şiddətə görə özünü haqlı hesab edə və günahkarlıq hissi keçirməyə bilər.

Vəfa Rəşidova vurğulayıb ki, şiddətin adiləşməsi bir neçə filmə baxmaq və ya sosial şəbəkədə müəyyən videolar izləməklə birdən-birə baş vermir. Bu, zamanla formalaşan və müxtəlif mərhələlərdən keçən prosesdir.

“Şiddətə qarşı hər zaman mövqe nümayiş etdirməliyik. Cəmiyyət, ailə, məktəb və müxtəlif qurumlar şiddətə qarşı olmalıdır. Çünki insan beyni müəyyən davranışları təkrar-təkrar gördükdə onları zamanla adiləşdirə bilər. Buna görə də şiddətə qarşı davamlı şəkildə etiraz edilməli və insanların, xüsusilə də gənclərin şüurunda şiddətin və cinayətin adi davranış kimi formalaşmasına imkan verilməməlidir”, – deyə psixoloq bildirib.

Nicat Rüstəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi