Modern.az

Azərbaycanda ətraf mühit və onun mühafizəsinə xüsusi diqqət yetirilir - Deputat

Azərbaycanda ətraf mühit və onun mühafizəsinə xüsusi diqqət yetirilir - Deputat

Aktual

18 May 2020, 16:54

Mayın 23-ü ekoloqların, təbiətsevərlərin günüdür.

 

Bu münasibətlə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Modern.az-a açıqlamasında ekoloqları təbrik edib.

 

“Öncə ekoloqlarımızı qarşıdan gələn bayramları münasibətilə təbrik edirəm, onlara fəaliyyətlərində uğurlar arzulayıram. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür və görülməkdədir”.

 

Komitə sədri bildirib ki, hamımızı əhatə edən təbii mühitimizin problemləri tək ekoloqların, dövlət qurumlarının, ictimai təşkilatların üzərində qalmamalıdır:

 

“Bu işdə də bir ümumxalq birliyi lazımdır. Biz təbiətimizə xor baxanları rahat buraxmamalı, aramızda onları əməllərinə görə utandırmalıyıq... Bizim varlığımızı qoruyan təbiətdir, biz də onun qayğısına qalmalıyıq, hesab edirəm ki, başqa yanaşma mövcud ola bilməz!” Baxın, öz içərimizdən olan brakonyerlərin qəddar münasibəti sayəsində dənizi, çayları olan bir ölkədə balıq məhsulu olduqca azdır. Niyə? Ona görə ki, israfçılıq, dağıdıcı və məhvedici üsullarla ovlanma balıqların kökünü demək olar ki, kəsib. Və ya biriləri dayanmadan ağac əkir, digəri ağac əkmədiyi bir yana, xəcalət çəkmədən ağac kəsir...

 

Qənirə Paşayevanın sözlərinə görə, hər regionun da özünün lokal problemləri var və buna da vaxtında reaksiya verilməsi vacibdir:

 

“Azərbaycanda da əlbəttə ki, ekoloji məsələlər var və bunların aradan qaldırılması üçün dövlətimizin prioritet səviyyəyə çıxardığı konkret ekoloji siyasət mövcuddur. Azərbaycanda ətraf mühit və onun mühafizəsinə xüsusi diqqət yetirilir".

 

Parlamentari xatırladıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə ölkəmizdə ətraf mühitin qorunması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb.

 

"Ulu Öndər yaşıllıqların qorunmasından danışarkən deyirdi: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”. Məhz təbiətə olan həmin münasibət, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasət sayəsində Azərbaycanda yeni meşə-parklar və yaşıllıqlar salınıb. Hər kəs görür ki, son illərdə Bakıda, onun ətrafında nə qədər ağac əkilib. Abşeron kimi, demək olar ki, ağac bitməyən bir bölgədə, sənaye tullantılarının, nəqliyyat vasitələrinin tullantılarının həddən çox olduğu bir yerdə, məncə bunun əhəmiyyəti əvəzsizdir. Ümummilli Liderin həyata keçirdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ətraf mühitin, meşələrin, yaşıllıqların qorunması daim ölkə başçısının diqqət mərkəzindədir. Dövlətimizin başçısının 2010-cu ili “Ekologiya ili” elan etməsi, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək!” çağırışı nəticəsində respublikamızın hər yerində yaşıllıqların çoxaldılması sahəsində çox böyük işlər görülüb.

 

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ağacəkmə aksiyalarında iştirak etməsi, ağac əkməsi onların Azərbaycan təbiətinə göstərdikləri qayğının göstəricisidir, gənclərə ölkəmizin və onların özlərinin gələcəyi üçün təbiəti qorumaq barədə bir mesajdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllaşdırma layihələri, ağacəkmə kampaniyaları keçirilir. Azərbaycanda su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına da yönəlmiş genişmiqyaslı layihələr icra olunur. Özümün iştirak etdiyim bir tədbirə də diqqət çəkmək istəyirəm. Ekologiya Nazirliyi IDEA İctimai Birliyi ilə birgə qərb zonasında Kür çayına balıqartırma müəssisələrində yetişdirilən balıq körpələrini buraxdı. Bu aksiya ardıcıl olaraq həyata keçirilir. Su ehtiyatlarının azalması bütün dünya miqyasında getdikcə narahatlıq doğurur. Ölkəmizin ekoloq və mütəxəssisləri də bu sahədə həyəcan təbili çalır və istər kənd təsərrüfatında, istərsə də məişətdə sudan qənaətlə istifadə etməyi məsləhət görürlər. Ötən ay Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb”. Bizim varlığımızı qoruyan təbiətdir, biz də onun qayğısına qalmalıyıq, hesab edirəm ki, başqa yanaşma mövcud ola bilməz!"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu