"Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirib".
Modern.az xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev 18-19 may tarixlərində keçirilmiş 73-cü Ümumdünya Səhiyyə Assambleyasının videokonfransında deyib.
O bildirib ki, yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar:
"Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirmişdir ki, bunun da nəticəsində hazırda 10 milyon əhalisi olan ölkədə cəmi 3274 yoluxma halı qeydə alınıb, onlardan 2015-i sağalıb, ölüm halları isə 1,2% təşkil edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa çağırışla müraciət etmişdir ki: «Biz birlikdə güclüyük». Qeyd etmək istəyirəm ki, bu çağırış beynəlxalq səviyyədə də aktualdır. Yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar. Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcəkdir".