İnsan ölümlərinin səbəbləri arasında ağır xəstəliklərlə yanaşı, yol qəzaları da yüksək yer tutur. Yol qəzalarına isə ehtiyatsızlıq, təhlükəsizlik qaydalarına əməl olunmaması kimi amillər təsir göstərir. Bəzən isə yol qəzalarında xəsarət alanlara vaxtında yardım göstərilməməsi də ölümcül nəticələrə gətirib çıxarır. "Ailə və Ətraf Mühit" İctimai Birliyinin icrasına başladığı yeni layihə məhz bu mövzuya həsr olunub.
Təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi hesabına yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkil edir.
Layihə çərçivəsində yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlar ilkin tibbi yardımın təşkili ilə bağlı məqalələr hazırlanır. Burada qanaxmalar zamanı, ürək döyüntülərinin zəifləməsi zamanı atılacaq addımlar, qıcolmalar zamanı göstəriləcək yardım və sair kimi ilkin tibbi yardımın təşkilindən bəhs edilir. Məqalələrdə nəqliyyat məsələləri üzrə ekspertlər, həkimlər, yol polislərinin fikirləri yer alacaq. Layihənin həyata keçirildiyi müddətdə mətbuatda və sosial şəbəkələrdə dərc olunacaq yazılarda yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici məlumatlar da yer alacaq.
Həmçinin, yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlar ilkin tibbi yardımın təşkili ilə bağlı həm də qısa video təlimatlar hazırlanacaq və sosial şəbəkələrdə, o cümlədən bəzi saytlarda paylaşılacaq. Video-təlimatlarda peşəkar həkimlər yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərə yardım göstərilməsi yollarını nümayiş etdirəcəklər.