Modern.az

Tələbə necə olmalıdır?

Tələbə necə olmalıdır?

Aktual

27 İyun 2012, 15:21

Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb

İnsan hər şeyi dərk etməyə başladığı gündən xəyallar qurur və onların arxasınca addımlayır. Yaş artdıqca, arzuların gerçəkləşdikcə daha çox, daha çox deyərək davam edirsən həyata...

Əvvəlcə bağça, sonra məktəb və sürətlə keçən 11 il. Bir də görürsən ki, artıq böyümüşəm. Dediyim kimi böyüdükcə arzularımız da böyüyür. Artıq gələcəklə bağlı fikirlər yaranır beynimizdə. Kim istəməz ki, gələcəkdə çox varlı bir həyatı olmasın. Kimisi zənginləşmək üçün sadəcə möcüzə gözləyərkən, kimisi bunun üçün çalışar, əziyyət çəkər...

 Mən də hamı kimi məktəbi bitirdikdə qarşıma bir məqsəd qoymuşdum. Ali məktəbə qəbul olmaq, ali təhsil almaq. Yəni arzulara aparan yol təhsildənmi keçir? Zəngin biri olmaq üçün təhsil bu qədərmi önəmlidir? Nəhayət çalışdım və tələbə adına sahibləndim. Bəli tələbə çoxlarının həsəd apardığı, çoxlarının can atdığı, çoxlarının isə “axmaqlıq”la eyniləşdirdiyi bir statusdur. Bizdə bir qrup insanlar var ki, oxumağa, təhsil almağa ən böyük axmaqlıq kimi baxır. Yüzlərlə belə adam tanıyıram ki, öz savadsızlığına bəraət qazandırmaq üçün “Guya oxuyanlar nə edir ki?” kimi çeynənilmiş şablon arqumenti gözə soxmaqdan yorulmurlar. “Oxuyanları görürük də, oxuyub nə edirlər ki?!” Deyən avamlardan, oxumamış alimlik edən bisavadlardan yaranmış bir cəmiyyətdə yaşayırıq. İnsanı təhsilə aparan yol öncə məktəbdən keçsə də məncə insan tələbəlik vaxtı daha da kamilləşir, dünya görüşü artır, cürəti çoxalır. Hər şeylə daha çox maraqlanır. Bir sözlə tələbəlik adamı çox dəyişir. İnsan özünə daha çox fikir verir. İstər geyimi, istər davranışları ilə fərqlilik göstərir digər illərə nisbətən. Tələbə olmazdan əvvəl tam başqa cür təsəvvür edirdim tələbəliyi. Sadəcə əyləncədən ibarət bir həyat. 11 il oxumağın ardından 4 il sadəcə əylənəcəyəm, özümə yeni dostlar qazanacağam. Amma Universitet mənə çox şey anlatdı. İlk öncə insanları tanımağı.

Çox təəssüf ki, bugünkü tələbələrin əksər hissəsi aldığı təhsilin deyil sabah nə geyinəcəyinin və necə bəzənəcəyinin qeydinə qalır. Əsl tələbə təhsil alarkən yalnız özünü deyil, bir şəxsiyyət kimi ilk öncə vətənin mənafeyini düşünməlidir. Şər varsa xeyirdə var, mənfi varsa müsbət də var. Əsl tələbə olmaq üçün puldan önəmli keyfiyyətlər də vardır ki, vətən sevgisi, etinasızlıq. Mən bugünkü gənclərimizi facebook, twitter kimi sosial şəbəkələrdə deyil, qiraət zallarında görmək istəyərdim. Universitet rəhbərimiz Kamal Abdulla qeyd edir ki, “Əsl tələbə Universitetdən getməyə deyil, Universitetə gəlməyə tələsməlidir”. Ali məktəblərdəki oxumağı özünə əziyyət bilən, ali məktəbdə oxumağı lazımsız bilən, ali məktəblərə yalnız diplom və əsgərlikdən qurtarmaq xatirinə qəbul olan tələbələr də var. Kimi sırf təhsil almaq, kimisi sadəcə “filankəsin qızı yada oğlu filan Universitetin tələbəsidir” dedirtmək üçün təhsil alır. Mən isə sadəcə gələcəyimi fikirləşərək qəbul olmaq istədim. Əslində hələ ki, istədiyim tələbəlik həyatını yaşamıram. Məncə bu illər həyatın ən yadda qalan illəri olacaq. Bu illərdən çox şey öyrənəcəyəm.

Tələbəliyim məni qane edirmi?  Bəli, bəzilərindən fərqli bir təhsil sistemində oxuyuram və ən əsası rüşvətdən kənar. Bir illik tələbə həyatımdan belə qənaətə gəldim ki, bugünkü dövrdə rüşvətsiz də təhsil alıb əsl tələbə olmaq olar.

 

Şükürova Pərvanə
Bakı Slavyan Universitetinin
Pedaqoji fakültəsinin
I kurs tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı