Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb
İndiki dövrdə məktəbi bitirən hər kəs tələbə olmağa can atır.Səbəb? 11 illik hazırlıqdan sonra məqsəd əksəriyyət üçün diplom almaqdır-Ali məktəb diplomu.Niyə ? Cavab çox aydındı iş tapmaq üçün.Ancaq -kim olacam ?! –sualını özünə verənlər çox azdır.
Çox uzağa getməyəcəm,elə bizim fakültədə təhsil alan ,jurnalistikayla maraqlanmayan,jurnalist olmaq istəməyən qrup yoldaşlarımızdan soruşanda ki,”bəs niyə oxuyursuz burda?” cavab çox sadə olur – “diplom üçün təbii ki,o olduqdan sonra bankda filan işləyə bilərəm”.Sanki,diplom savad,dünyagörüş,intellekt göstəricisidi.
Tələbə sözünün tərifini verə bilmərəm,ancaq breynstorminq eləsəm ağlıma ilk növbədə əlində kitab,kompyüter olan,yazıb pozan,öz məqsədinə harasa tələsirmiş kimi can atan bir şəxs gəlir.Məncə,tələbəlik dövrü bizə verilmiş xüsusi bir şansdır ki,özümüzü inkişaf elətdirək,özümüzü tanıyaq.
İndiki dövrdə tələbə olmaq daha asandır,nəinki keçmiş dövrlərdə.Texnologiya əsrinin üstünlükləri bizə hər cür şərait yaradır ki,istədiyimiz,bizə lazım olan işləri həyata keçirək.
Artıq,saatlarla kitabxanalarda oturmaq lazım deyil.İnternet vasitəsilə evdə oturaraq istədiyimiz informasiyanı əldə edə bilərik. Elektron kitabxanalardan istədiyimiz kitabı oxuya bilərik,ya da audio kitabları yükləyə bilərik.Xarici təcrübəni də mənimsəyə bilərik.Bunun üçün ilk növbədə dil bilgisi lazımdır-“Bir dil bir insandır,iki dil iki insan”.Əgər biliklərini təkmilləşdirmək,dünyagörüşünü artıqmaq istəyirsənsə mütləq əlavə dil bilməlisən.Bu baxımdan ingilis dili daha üstündür,çünki bu dildə istədiyimiz,bizim üçün əlçatmaz sayıla bilən informasiyaları belə əldə edə bilərik(eyni zamanda rus dili). İnternetdən yalnız feysbukda statuslar yazmaq üçün istifadə edən gəncliyimiz dəvar.Sosial şəbəkələr əslində,bizə sosial mediyanın bir parçası olmağa imkan verir,xarici tələbə dostları qazanmaq onlarla fikir mübadiləsi aparıb yeni təcrübələr qazanmağa,eyni zamanda gündəmi tutmağa kömək edir(bu da həmin şəbəkədəki dost əhatəsindən çox asılıdı)Ancaq,feysbukdan (bizdə daha çox bu şəbəkə yayılıb) qeybət obyekti kimi istifadə etmək vaxt itkisindən başqa bir şey deyil.
Tələbə yalnız,universitetdə keçdiyi dərslərin mühazirələrini əzbərləyən gənc olmamalıdır.Məktəbdəki ənənənin davamı-qiymət xatirinə oxumaq ona vaxt itkisindən başqa,heç bir şey qazandırmayacaq.Əgər,cəmiyyətlə əlaqədə deyilsə,sosial işlərdə aktivlik etmirsə,fəaliyyəti yalnız,universitetə gəlib evə getməkdirsə,ətrafı universitet yoldaşları,hətta qrup yoldaşlarıyla məhdudlaşırsa,o şəxs əsl tələbə ola bilməz.Ən dəhşətlisi və müasir dövrdə təəssüflər olsun ki,çox yayılmış bir ənənə tələbənin təhsilini pulla satın almasıdır(!)Bu barədə əlavə söz deyə bilmirəm..
Tələbəyə müəyyən qədər azadlıq verilməlidir ki, özünü tanısın. Əgər həm oxuyur,həm işləyirsə öz maddi imkanlarını ailəsinin köməyi olmadan qarşılaya bilirsə,bu onun formalaşmasında,özünü tanımasında mühüm rol oynayır.Geyim də özünüifadə tərzidir.Tələbənin azadlığı da bir növ onun geyimində əks olunmalıdı.Universitetin qapısından daxil olanda belə gənclik ruhu hiss olunmalıdır.Bizim tələbələr isə yaşlı görünməyə daha çox üstünlük verirlər.
Universitetimizdə auditoriyalara qoyulmuş kameralar bir növ- üstündə nəzarət var –deyə qışqırır.Təbii ki,müəyyən nəzarət olmalıdır,ancaq fikrimcə bu kameralar həm müəllim üçün,həm də tələbə üçün müəyyən sədd qoyur.Müzakirələrin keyfiyyətini aşağı salır. O kameralardansa fakültəmizin tədris studiyası üçün kameralar verilsə öyrəndiyimiz nəzəriyyəni praktiki formada həyata keçirməkdə çox böyük kömək olardıJ
“Oxumaq,oxumaq, yenə də oxumaq”.Çox gözəl aforizmdir. Bəs oxumaq kifayətdirmi? Müasir dövrün tələbəsinin oxumaqla yanaşı,əyləncəsi də olmalıdı.Buna daha çox əylənərək maariflənmək deyərdim.Yeni çıxan kitablar,nobel mükafatına layiq görülmüş kitablar,yeni çıxan filmlər,tamaşalar bunlar məhz tələbənin marağını ödəyə biləcək fəaliyyətlərdi. Debatlar təşkil etmək,müxtəlif oyunlar oynamaq,müzakirələrdə,treyninqlərdə iştirak etməklə həm istirahət etmiş,həm də dünyagörüşümüzü artırmış,fikir mübadiləsilə öz fikirlərimizi formalaşdırmış oluruq.Eyni zamanda yeni dostlar da qazanırıq.Belə fəaliyyətlərlə bir növ özümüzü tanımış oluruq.Təbii ki,zehni istirahət də vacibdir.Dostlarla kafedə oturmaq,gəzintilər təşkil etmək,film nümayişlərinə,tamaşalara,muzeylərə getmək zehni yorğunluğun aradan qaldırılmasına çox yaxşı təsir edir.Bizdə tələbələrin əksəriyyətinin əyləncəsi çayxanadan(oğlanlar),mağazalardan(qızlar) kənara çıxmır.
Ümumiyyətlə,bütün bunlar şüurda formalaşmalıdı.”Mən kiməm? “,”Nə istəyirəm”,”Nə üçün oxuyuram?”,”Əlavə nələrlə məşğul olmalıyam ki,mənə,işimə faydalı olsun?” bu sualı tələbə olan hər kəs özündə aydınlaşdırmalıdı
Mən də artıq,3ildir ki,jurnalistika fakültəsinin tələbəsiyəm.Bu saydıqlarımı gücüm çatan qədər tətbiq etməyə çalışıram,elə əslində,öz tələbəlik təcrübəmə əsaslanıb bütün bunları qeyd etdim.Qarşımda çatmaq istədiyim məqsədim,həyata keçirmək istədiyim işlər var.Universitet təhsilindən əlavə jurnalistikayla əlaqəli müxtəlif treyninq,kurslara qoşulmaqla həm nəzəri,həm də praktiki biliklərimi formalaşdırıram.Fotojurnalistikaya,videoqrafiyaya çox marağım var və artıq, bu sahədə ilk addımlarımı atmışam.
Ən böyük istəyim fotojurnalistikanı xarici təcrübədən öyrənib bunu Azərbaycanda tətbiq etməkdir.
P.S. Tələbəlik əlsində çox gözəl dövrdür. Bundan mümkün qədər səmərəli istifadə etməyəçalışmalıyıq ki,gələcəkdə peşman olmayaq.
Xəyalə Mahmudova
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi
3-cü kurs