Modern.az

Rəy: “Hamı ali təhsil almamalıdır”

Rəy: “Hamı ali təhsil almamalıdır”

Aktual

29 İyun 2012, 11:45

Əks rəy: “İnsanların dəyişməsini zamanın öhdəsinə buraxmaq lazımdır”


Hər il orta təhsilini başa vuran minlərlə şagird, ali təhsil ocaqlarına qəbul olmaq istəyir. Demək olar ki, orta məktəbi bitirənlərin əksəriyyəti abituriyentə çevrilir. Övladını ali təhsilli görmək Azərbaycan ailələrində prestij sayılır. Amma orta məktəbdə yüksək bilik səviyyəsi ilə seçilməyən dünənki şagirdin bu gün abituriyent, sabahsa tələbə olması nə dərəcədə ədalətlidir?

Şahlar Əsgərov: “Oxumaq yox, öyrənmək lazımdır”

Sabiq deputat, professor Şahlar Əsgərov bildirib ki, gənclərin ali təhsil almasını alqışlamaq lazımdır, amma baxır ki, onlar formaca təhsil almaq istəyir, yoxsa məzmunca.

“Valideynlər istəyir ki, övladları daha yüksək təhsil alsınlar. Belə ki, ali təhsil alan gənc cəmiyyətin müxtəlif səviyyələrində özünə yer tuta bilər. Orta təhsil ilə isə bunu qazanmaq mümkün deyil. Orta təhsil ilə kommersiya, küçə ticarəti və s. ilə məşğul olmaq olar. İndi ali təhsil almağı kim isə dəb xətrinə, kimisi də ürəklə edir. Bunun üçün çoxlu tədqiqat aparmaq lazımdır ki, bu istəkdir, yoxsa dəb... Ümumiyyətlə düşünürəm ki, bunun fərqi yoxdur. İstər dəb olsun, istərsə də istək olsun, insanların ali təhsil almaq istəməsi çox normal haldır. İstərdim ki, Azərbaycanda 100 gəncdən 90 nəfəri ali təhsilli olsun. Belə olarsa, cəmiyyətimiz tamamilə başqa cür olar. Bu gün cəmiyyətdə gənclərimizin hər 100 nəfərdən cəmi 16-17 nəfəri ali təhsil alır. Bu hədsiz dərəcədə azdır. 1992-ci ildə bir qəzetdə yazdım ki, “Oxumaq yoxsa, öyrənmək?”. Əlbəttə, oxumaq yox, öyrənmək lazımdır. Kim qarşısına öyrənməyi məqsəd qoyursa, o düz yoldadır. Kim qarşısına məzmunca oxumağı qoyursa, o səhv yoldadır. Bunun qarşısını almaq üçün onları başa salmaq lazımdır ki, belə ali təhsil heç kimə lazım deyil”.

Firudin Cəlilov: “Universiteti bitirənlərin bəziləri öz tərcümeyi-halını yaza bilmir”

Keçmiş təhsil naziri Firudin Cəlilov valideynlərin bu istəyinin normal olduğunu bildirib. Keçmiş nazir bu halın daha çox insanların yox, təhsilin problemi olduğunu deyib:

“Gənclər istəyir ki, oxusunlar və əlləri çörəyə çatsın. Kiməsə demək olmaz ki, sən zəifsən və elmi yaxşı qəbul edə bilmədiyin üçün oxuma. Təhsil almaq hər bir insanın hüququdur. Birinin zəif, digərinin güclü olması başqa məsələdir. Gərək hökumət təhsili elə qursun ki, zəif şagirdlər aşağı səviyyəli sənətlərdə, istedadlı şagirdlər isə yuxarı səviyyədə təhsil alsınlar. Universitetlərin verdikləri diplomların biri digərindən fərqlənməlidir. Bizdə isə o rəqabət yoxdur. Hamısını sovet dövründə olduğu kimi, eyni ölçü ilə ölçüb, buraxırlar. Buna görə də bəzən universiteti bitirənlərin bəziləri öz tərcümeyi-halını yaza bilmir”.

“Odlar Yurdu” Universitetinin (OYU) rektoru, deputat Əhməd Vəliyev bildirib ki, hamı yaxşı bilir ki, ən güclü investisiya təhsildir. Deputatın sözlərinə görə, hamı bu baxımdan təhsilə meyl edir və çalışır ki, övladı ali təhsil alsın.

“Bu dünyada qəbul olunmuş qanundur. Hər bir valideyn uşağının xoşbəxtliyini axtarır. İndi hamı ayıqdır və bilir ki, xoşbəxtliyin əsası təhsillə təmin olunur. Mənə elə gəlir ki, cəmiyyət müəyyən mənada dəyişib. Onlar əvvəllər oxumayıb yalandan diplom almaq istəyirdilərsə, bu günləri artıq belə deyil. İnsanlar bilir ki, Azərbaycan Respublikasında və dünyada müəyyən səviyyəsi olmayan adamlar üçün diplom kağızdır. Təhsilin olmayan adam peşə öyrənməlidir. Ona görə də, hamı çalışır ki, uşağına yaxşı təhsil verən təhsil müəssisələrini tapsın. Bu gün insanların çoxu uşaqlarına ali təhsil verməyin arzusundadır. Bu artıq həqiqətə çevrilib. Sadəcə, bədbəxtliyimiz ondadır ki, qabiliyyəti oldu, olmadı, hər bir valideyn istəyir ki, uşağı ali təhsil alsın. Ancaq dünyada belə deyil. Uşaq müəyyən səviyyə çatandan sonra özü müəyyən edir ki, istədiyi peşəni seçir. Bizdə təəssüflər olsun ki, belə deyil. Bəzi valideynlər düşünür ki, elə uşağım diplom alsın bəs edər. Əgər 3-5 nəfər belə adamlar qalıbsa, onlardan bir neçə ildən sonra aradan çıxacaq”.

Həmçinin universitet imtahanlarından danışan Elm və Təhsil Komitəsinin üzvü, rektor Ə.Vəliyev əvvəllər imtahan götürməyin mümkün olmadığını deyir. Rektorun sözlərinə görə, indi bunların qarşısı alınıb:

“Əvvəllər ordan zəng, burdan xahiş olunurdu ki, kiməsə kömək edin. İndi bunların hamısı yığışdırılıb. Bəlkə, başqa universitetdə var. Amma bizdə bilirlər ki, kompüter sistemidir kim bilmir oda qiymət almır. Ona görə də müraciət yoxdur ki, uşağıma kömək edin. Çünki bilirlər ki, etmirik. Hesab edirəm ki, müəyyən məsələlərin həll olunmasını və insanların bir qədər dəyişməsini zamanın öhdəsinə buraxmaq lazımdır”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı