Azərbaycanda alternativ enerji mənbələrindən istifadəni necə gücləndirmək olar?

“Bu gün Abşeron yarımadasına hava küləkli olacaq...” Statistikaya görə, biz ilin 240-260 günündə bu cür hava proqnozunu eşidirik. Yerli iqlimin məhz bu xüsusiyyətinə görə Abşeron yarımadası külək enerjisindən istifadə üçün ideal məkan sayılır.
Külək mühərrikləri elektrik enerjisi istehsalı üçün ən səmərəli texnologiyalardan biridir. Çünki bu qurğuların inşasına daha az vaxt sərf olunur. Maya dəyəri, ekoloji təmizliyi və tükənməzliyinə görə külək digər alternativ enerji mənbələri arasında ən sərfəlisi sayılır.
Bu əsrin əvvəllərindən etibarən Azərbaycan da diqqətini alternativ enerji resurslarına yönəldib. Axı biz Azərbaycanımızı “Odlar yurdu”, Bakını isə “küləklər şəhəri” adlandırırıq. Deməli, alternativ enerji istehsalı üçün daimi və təbii xammal varımızdır.
ABŞERON – KÜLƏYİN İDEAL MƏKANI
Lakin Azərbaycanın külək rejimi mürəkkəb xarakterlidir. Ölkə ərazisinin 60%-nin dağlıq zona olması küləyin harda və necə əsməsinə təsir göstərir. Elə təkcə Böyük Qafqaz dağları ölkəyə şimaldan və şimal-şərqdən soyuq hava kütlələrinin daxil olmasına maneə törədir. Soyuq hava dağların ətrafından keçərək Abşeron yarımadasından respublikaya daxil olur. Buna görə də Zaqatalada küləyin orta illik sürəti 1.2 m/san olduğu halda, Abşeronda 6-8 m/san-dir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən aldığımız məlumata görə, Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu, təxminən 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Yəni, küləkdən alınan enerji hesabına ildə 1 milyon tona yaxın yanacağa qənaət etmək olar. Həm də bununla küllü miqdarda tullantıların, o cümlədən ozon qatını dağıdan karbon dioksidin atmosferə atılmasının qarşısını almaq mümkündür.
KÜLƏK MÜHƏRRİKLƏRİ QUŞLARI ÇAŞDIRACAQ
Amma külək enerji qurğuları üçün yer seçimində problem var. Bunu Beynəlxalq Ekoenerji Akademiyasının direktoru Fəqan Əliyev deyir. Onun dediyinə görə, külək mühərrikləri üçün ideal yer sayılan Abşeronda əhali sıx yaşayır və dəyirmanları bura yerləşdirmək mümkün deyil: “Abşeronun ətrafında da bunu etmək düzgün deyil. Çünki, hər il bura Cənubi Afrika və Amerikadan quşlar köç edir. Onlar havadakı müvafiq elektromaqnit dəhlizi ilə uçub gəlirlər. Amma külək mühərrikləri işləyəndə, ətrafa sərt hava axını olur və həmin ərazilərin bioloji sferasına ciddi təsir göstərir, bu koridoru pozur. Təbiətin tsiklini isə pozmaq olmaz”.
Odur ki, ekspert Azərbaycanda günəş enerjisindən istifadəni daha məqsədəuyğun sayır. F.Əliyevin fikrincə, günəş batareyalarından fermer təsərrüfatlarında geniş tətbiq oluna bilər – elektrik enerjisi almaq, evlərdə suyun qızdırılması, meyvə və ya pambıq qurudulması və s. işlərdə istifadə oluna bilər.
İMKAN YARADILSA, İŞLƏDƏN TAPILAR
Fəqan Əliyev hesab edir ki, bu sahəni inkişaf etdirmək üçün Azərbaycanda müəyyən stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər. Məsələn, bəzi ölkələrdə alternativ mənbələrdən istifadə edənlərə əlavə pul ödənilir ki, onlar mazut və neft yandırılmasının qarşısını alıblar: “Azərbaycan külək mühərriklərinin qurulması üçün gətirilən avadanlıqları gömrük rüsumundan azad edib. Günəş enerjisi ilə bağlı da güzəştlər tətbiq edilə bilər. İnsanlara imkan vermək lazımdır ki, bu qurğulardan istifadə etsinlər. Məsələn, bir qədər baha olan günəş batareyalarını almaq üçün dotasiya verilə bilər. Onda bu enerji növlərini istehsal edib pul qazanmaq istəyənlər tapılacaq”.
Qeyd edək ki, artıq Azərbaycanda belə stansiyaların yaradılmasına başlanılıb. Hazırda Xınalıq kəndinin yaxınlığında 3750 metr yüksəklikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji stansiyası üçün 3500 metr yüksəklikdə külək və günəş enerji qidalandırma mənbəyi quraşdırılıb. 1999-cu ildə Yaponiyanın "Tomen" şirkəti Abşeron yarımadasında 30 və 40 metr hündürlüyü olan iki külək dəyirmanını inşa edib.
GÜNƏŞ BATAREYALARINI HARADA QOYMAQ OLAR?
Ekspertin dediyinə görə, Azərbaycan il ərzində Yer səthinə düşən Günəş enerjisinin miqdarına görə (1 kv.metrə saatda 1500-2000 kVt) ABŞ, Fransa, Çin kimi ölkələrdən irəlidədir. Bu da Günəş enerjisindən istifadənin tətbiqi üçün lazım olan şərtlərdən biridir. Azərbaycanda ilin 300 gününün günəşli keçməsi bu məsələdə böyük bir plyus sayıla bilər.
Digər tərəfdən, günəş enerjisini almaq üçün istifadə olunan qurğular parnik effekti yaratmır, havanı çirkləndirmir. Həmçinin, ayrılan istilik atmosferin aşağı qatlarına yayılmır. Bu sistem fermer təsərrüfatları, uzaq sahələrdə yaşayanlar üçün əvəzsiz vasitədir. Məsələn, balaca fərdi evlər üçün Yaponiya istehsalı olan batareyalardan istifadə etmək olar. (Yəqin, Antalyada istirahətdə olanlar həmin ərazidəki evlərin damında bu baterayaları görüblər). Bu qurğular gündüz vaxtı günəş enerjisini yığır və axşam ondan istifadə olunur. Artıq Azərbaycanın bəzi rayonlarında bir neçə evdə belə batareyalar işlədilir.
AGENTLİK ƏVƏZİNƏ DÖVLƏT ŞİRKƏTİ YARADILIR
Azərbaycanda bu sahənin inkişafı üçün dövlət səviyyəsində xeyli işlər görülüb. 2004-cü ildə “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq edilib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Bu ayın əvvəlində isə Prezident Agentlik ləğv edilərək onun əsasında Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradılması haqda fərman verib. İki ay ərzində şirkətin yaradılması üçün zəruri sənədlər hazırlanacaq.
2012-2020-ci illər üçün Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair strategiya da mövcuddur. Bu sənəddə bərpa olunan enerji sahəsində qanunvericilik bazasının yaradılması, bu sahədə elm və texnologiyanın inkişafını təmin etmək, bərpa olunan enerji sahələrini stimullaşdırmaq kimi məsələlər nəzərdə tutulub. Həmçinin, strategiyada kənd təsərrüfatında, binaların tikintisində və digər sahələrdə bərpa olunan enerjidən istifadə öz əksini tapıb.
ENERJİNİN 10 %-ni BƏRPA OLUNAN MƏNBƏLƏRDƏN ALIRIQ
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov jurnalistlərə açıqlamasında deyib ki, 2010-cu ildə ölkə üzrə ümumi enerji istehlakının 10 faizi bərpa olunan enerji sektorunun payına düşüb. Burada 9,8%-i hidro-energetika, 0,2%-i isə külək enerjisi və digər enerji sahələri təşkil edib. 2020-ci ilədək ölkədə enerji istehlakı üzrə bərpa olunan enerjinin xüsusi çəkisinin 20 faizə çatdırılması nəzərdə tutulub.
Azərbaycan Milli Elmlər Akademiyası alternativ enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi ilə bağlı bir sıra müəssisələrlə birlikdə layihələr həyata keçirməyə hazırlaşır. Layihələrdə günəş və küləkdən alınan enerjiyə daha çox üstünlük veriləcək. Bununla bağlı bir sıra sənaye obyektlərində artıq işçi qruplar yaradılıb.
AVROPA ÇOXDAN ALTERNATİV ENERJİYƏ KEÇİB
Azərbaycan hələ 2020-ci ildə alternativ mənbələrdən istifadə faizini 20-yə çatdırmağı planlaşdırır. Almaniya isə artıq bu ildən bu göstərici üzrə 20 faiz həddinə çatıb. Almaniyada bərpa olunan resurslardan əldə olunan enerjinin tən yarısı külək mühərriklərindən gəlir. Ümumiyyətlə, külək enerjisi ilə işləyən stansiyaların gücünə görə, ilk üçlükdə Amerika, Almaniya və Çin daxildir. İndi Fransa, İngiltərə, Danimarka, İsveç və digər Avropa ölkələrində “külək fermaları” fəaliyyət göstərir. İstifadəsiz sahələrdə yaradılan bu fermalarda bir-birinin yanına onlarla külək mühərrikləri yerləşdirilir. Hazırda dünya üzrə 30 mindən artıq müxtəlif güclü külək qurğuları quraşdırılıb. Külək Qərbi Avropaya 2500 МVt gücündə elektrik enerjisi verir.
2020-ci ilədək Avropa İttifaqı ölkələrində bərpa olunan enerji mənbələrinin istifadəsinə görə yatırılan investisiyaların həcmini 2 dəfə artıraraq 70 milyard dollara çatdırmaq da nəzərdə tutulub.
Fərəh Sabirqızı
Qeyd: Yazı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.