Modern.az

Hüseyn Arifin lətifələri - III

Hüseyn Arifin lətifələri - III

Aktual

21 İyul 2012, 12:46

Azərbaycanın Xalq şairi Hüseyn Arif istedadlı, hazırcavab və zarafatcıl söz adamı olub. Uzun illərdir onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Onun lətifələrini vaxtilə şairin yaxın dostu, Xalq yazıçısı İsmayıl Şıxlı toplayaraq “Dostum Hüseyn Arifin lətifələri” adlı kitabda nəşr etdirib.

Modern.az saytı İsmayıl Şıxlının dilindən Hüseyn Ariflə bağlı daha bir neçə duzlu-məzəli lətifələri oxucuların diqqətinə çatdırır.

***

- Bir gün Hüseynin qapısı döyülür. Dayısı çiynində xurcun içəri girir. Hüseyn  görür ki, xurcunun hər gözündən bir hinduşka boynunu uzadıb ona baxır. Burnuna kabab iyi gəlir. İçəri keçirlər. Xoş-beşdən, çay-çörəkdən sonra Hüseynin dayısı (onu da deyim ki, Hüseyn özündən böyük kişi qohumlarının hamısına dayı deyirdi) yerini rahatlayıb, elə bil şad xəbər verir:

- A bacı oğlu, bizim meşəbəyi də allah rəhmətinə getdi.

- Bıy, ay dayı, o ki, yaxşı kişiydi, nədən öldü?

- Araxdan öldü, a bala araxdan. Qarayazı meşəsinin yarısını satıb yedi. Qarabulaqların üstündə kababdan vurdu, araxdan içdi.

- Hayıf, cavan idi.

- Yox, hayıfslanma, vaxtında öldü, a bala, o ölməsəydi, mənə yer açılmazdı.

- Yoxsa, onun yerinə keçmək istəyirsən?

- Niyə istəmirəm, kimdən əksiyəm? Müharibə əlili, müharibə iştirakçısı. Kerçdə olmuşam, Mozdokda döyüşmüşəm. Faşistləri yuvasından qovmuşam. Məndən yaxşı kimi tapacaqsınız?

Hüseyn azacıq fikrə gedir.

- İndi məndən nə istəyirsən, ay dayı?

- Heç nə. Raykoma bircə dəfə dil bulasan, hər şey düzələr.

Elə bil bu vaxt hinduşkalar xurcundan dillənib kişinin səsinə səs veriblər.

Hüseyn razılaşır, rayona gəlir, dayısı ilə birlikdə katibin yanına gedir. Kişi gözləmə otağında  gözləyir, Hüseyn içəri girir. Katib onun ayağına durur, qucalaşıb öpüşürlər.

- Şair, nə var, nə yox, çoxdandı görünmürsən, nə əcəb səndən?

- İşim düşüb.

- Buyur.

- Dayım meşəbəyi olmaq istəyir.

- Olmaq istəyir, təyin edərik, burda çətin nə var ki?

- Müharibə əlili, müharibə iştirakçısıdır.

- Lap əla.

- Amma vicdanım təmiz olmaq üçün hər şeyi deməliyəm. Savadsızdı. Güclə qol çəkir. Oraya ali təhsilli adam lazımdı.

Katib tutulsa da, özünü şən göstərməyə çalışır.

- Sənin xatirinə buna göz yumuruq. Sonra nə var?

- Sonrası da odur ki, oğrudu. Əvvəlki meşəbəyi meyvənin yarısını yedi, bu isə kökünə balta çalacaq. Gözünü açanda görəcəksən ki, meşədə quruca kötüklər qalıb.

- Hə, bu bir az çətin oldu. Başqa nə xasiyyəti var?

- Yaman röşvətxordur.

Katib tamam məyuslaşır.

- Şair, bəs onda niyə zəhmət çəkib gəlibsən?

- Özüm gəlməmişəm. Dayımın hinduşkaları gətirib.

Katib hər şeyi başa düşür. Görüb-götürmüş adamdı.
- Dayın hardadı?

- Qapının ağzında.

- Yaxşı, sən get, mən özüm kişini başa salaram.

Hüseyn qapıdan çıxanda dayısı sevinmiş ayağa qalxır.

- A bala, düzəldimi?

- Düzəldi. Sənin haqqında nə lazım idi, hamısını dedim, keç içəri.

Katib onu soyuq qarşılayır.

- Kişi, səni işə götürə bilmərəm.

- Bə, həncəri, Hüseyn mənim haqqımda bir şey demədi?

- Dedi. Hər şeyi dedi.

Kişi suyu süzülə-süzülə bayıra çıxır ki, dişinin dibindən çıxanı bacısı oğluna desin. Amma Hüseyn çoxdan getmişdi.

***

Erməni şairlərindən birinin yubileyi idi. Aktyor evinə toplaşmışdıq. Mən, Əlağa Kürçaylı və Hüseyn Arif rəyasət  heyətində, arxa tərəfdə oturmuşduq. Hərdənbir zarafatlaşırdıq. Birdən Mirzə İbrahimova söz verdilər. Hüseyn qaşaqabağını turşutdu:

- Buna niyə söz verdilər? Yenə standart, şablon, duzsuz sözlər danışacaq, ətimizi tökəcək.

Bu sözləri Mirzə müəllimin eşidib – eşitmədiyini bilmədim. O, sakitcə kürsüyə qalxdı. Çıxışını belə başladı:

-Yubilyarın “Tənək” adlı bir şeiri var. Baxın, görün bu şeiri xalqımızın ən lirik, ən istedadlı, təpədən dırnağa poeziya olan şairi Hüseyn Arif nə gözəl tərcümə etmişdir.

Hüseyn şeiri dinləmədən, qəti bir hərəkətlə geri döndü.

- İsmayıl, səhərdən deyirəm inanmırsınız, vallah, kişinin ağzından dürr tökülür, əvəzsiz adamdı.

***

Bir gün Nüsrət Kəsəmənli Hüseyn Arifi Ağstafada evlərinə qonaq aparır. Sazlı- söhbətli, xudmani bir məclis düzəlir. Nüsrətin atası əsgərlikdən yenicə qayıdan və şeir aləmində təzəcə səsini ucaldan oğlunu dönə-dönə şairə tapşırır ki, gözü üstündə olsun. Xeyli yeyib–içəndən sonra Hüseyn ayağa durur. Nüsrət də onunla bərabər ayağa qalxır ki, qonağı yola salsın. Qapının ağzında Hüseynin gözü Nüsrətin divardan asılmış əsgərlik şəklinə sataşır. Ayaq saxlayıb diqqətlə baxır. Gözləri dolur.

-A Yusif qağa, bu Nüsrətdirmi?

- Hə.

- Allah Hitlerin evini yıxsın. Gül kimi uşaqlarımızı aparıb qırğına verdi. Fikir eləmə, başı əlində olsa, sorağı çıxar. Allah səbr versin...

***

Hüseyn Arif bir gün kəndə gedir. Qohumlarından biri (şübhəsiz dayılarından biri) onu qonaq çağırır. Yaxşı xəngəl bişirirlər, yanında da cücə qızartması, böyründə də zoğal arağı. Yeyilib-içilir, sağlıqlar deyilir, keflər düzəlir. Süfrə yığılır.
Çay içəndən sonra gəbə döşənmiş yerdə mütəkkəyə dirsəklənib, döşəkçə üstündə uzanırlar. Hüseyn isə bardaş qurub sazı dizinin üstünə alır. Asta-asta dınqıldadıb gah “Baş sarıtel”, gah da “Dilqəm” dən çalır. Dayısı görür ki, şairin kefi kökdür, söz açmaq olar.

- A bala, a Hüseyn, bizim uşaq bu il onunucunu qurtarır, neyləyək?

- Hara girmək istəyir?

- Universitetə.

- O mənim boynuma, fikir eləmə. Yaz başı gələrsən, danışarıq.
Kişi rahatlanır. Qar götürülüb, çölllər yaşıllaşana və ağaclar çiçəkləyənə qədər gözləyir. Göllərin ətri havaya hopan vaxt ayından-oyundan da götürüb Bakıya, bacısı oğlunun yanına gəlir. Şair onu gülərüzlə  qarşılayır. Kişini heç oturmağa qoymur.

- Dur gedək, Dağüstü parka. “Drujba” restoranında bir az boğazımızı yaşlayaq. Elə orda da hər şeyi danışaq. Gedirlər. Yemək-içmək sifariş verirlər. Elə yenicə “bismillah” demək istəyirlər ki,  qonşu stoldakılar badələri qaldırıb Hüseyni salamlayırlar. Hüseyn ayağa durur.

- Dayı, elə yaxşı oldu. Universitetin müəllimləridir.

- Yaxşı, get bala, gözləyirəm.

Ürəyində də fikirləşir ki, atalar yaxşı deyib: “Xəstə sağalası olsa, təbib qənşər gələr”.

Kişi gözləyir, Hüseyn də deyib-içənlərə qoşulur. Bir saat, sonra yarım saat da keçir, şair qayıtmır. Dayı uşağın xətrinə dözür. Kişi görür ki, bacısı oğlu da onlara qoşulub gedir. Çağırmağa məcbur olur.

- Ayə, ay Hüseyn, ay Hüseyn!

Şair adını eşidib dayanır. Dönüb səs gələn tərəfə gedir. Diqqətlə kişinin üzünə baxır.

- A bala, səhərdən səni gözləmirəmmi, məni burda qoyub hara gedirsən?

Birdən Hüseyn kişinin boynunu qucaqlayır:

- Bıy, xoş gördük, ay dayı, nə var, nə yox, havaxt gəlibsən?


Ardı var...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı