Modern.az

Elifə mədhiyyə

Elifə mədhiyyə

Aktual

28 İyul 2012, 10:45

İlk dəfə onun haqqında 2006-cı ildə “Yazıçının bicliyi” adlı yazı yazdım. Həmin ərəfədə Türkiyəyə səfərlərim zamanı mediada gənc yazar Elif Şəfəq, onun “Baba və bic” romanı barədə yayılan xəbərlərlə tez-tez rastlaşırdım. Türk-erməni münasibətlərindən bəhs edən romandakı personajların birinin dilindən səslənən ifadələrlə türklüyü aşağıladığına görə yazıçı xanıma Ana Yasanın 301-ci maddəsinə əsasən ittiham irəli sürülmüş, həbs təhlükəsi reallaşmışdı. O zaman bu qalmaqallı romanı alıb oxudum və dediyim məqaləni yazdım. Romanı və yazarı bəyənmişdim! Yazımda romanın alt qatlarındakı yazıçı eyhamlarını qabartmaqla diqqəti əsərdə ittihamlara rəvac verən ifadələrdən daha sərt məqamların olduğuna yönəltməyə çalışmışdım. O zaman türk qəzetlərində bu mövzuya toxunan köşə yazarlarından biri Elif Şəfəqə qarşı çıxan adamların çoxunun romanı heç oxumadıqlarını yazmışdı. Romanı bitirəndən sonra köşə yazarının bu müşahidəsinin dəqiq olduğunu düşünmüşdüm. Doğrudan da romanın alt qatında elə eyhamlar yatırdı ki, ittihamlarını əsaslandırmağa çalışan və əsəri bir az diqqətlə oxuyan hər kəs çox məqamları qabarda bilərdi...

Xoşbəxtlikdən məhkəmə ittihamı ləğv elədi. Amma bu hay-küyün yazıçının populyarlaşmasında, oxucularının artmasında böyük rolu oldu. Nə gizlədim, mən də yazıçıyla, onun qalmaqallı kitabıyla elə o hay-küyün havasına tanış oldum və ona vuruldum.

Bir müddət sonra “Aşk” romanı işıq üzü gördü. O qalmaqalın sayəsində Elif Şəfəq imzası artıq xeyli məşhur idi. İndi “Aşk”ı oxumamaq, onun müəllifini tanımamaq hər bir ədəbiyyat maraqlısı üçün qəbahət sayıla bilərdi.

Haqqında yazmasam da, “Aşk”ı çox bəyəndim – ona görə də hər yerdə təbliğ eləyirdim. Türkiyədən alıb gətirdiyim kitabları gənc ədəbiyyat həvəskarlarına bağışladım, hədiyyəsiz qalanlara oxumağı məsləhət gördüm. Hətta müsahibələrimdə Orxan Pamukdan sonra Elif Şəfəqin də mütləq Nobel mükafatı alacağıyla bağlı əminliklə fikirlər söyləməkdən də çəkinmədim. Özü də bunu mənim intuisiyam yox, gənc yazarın əsəri, bitkin romanı, dopdolu, zəngin düşüncələr aləmi, obrazlı bədii dili dedizdirirdi.

Sonralar yazarın esselərinin toplandığı “Med-Cəzir”, “Ferarpərəst” kitablarını, “İskəndər” romanını da eyni həvəslə, böyük zövqlə oxudum. Bu mənada rahatlıqla deyə bilərəm ki, mən Elif Şəfəqə beş dəfə vurulmuşam. Sonuncu – altıncı vurğunluq isə bugünlərdə yazarın esselərdən ibarət “Şəmspare” kitabını oxuyanda baş verdi...

Kitablarının əvvəlki nəşrlərinin ilk səhifəsində verilən standart bioqrafiyada “1971 Strasburq doğumlu” sözləri yazılardı. Son kitablardakı bioqrafiyada isə tarix çıxarılıb. Görünür, naşirlər yaşlandıqca xanımın yaşını bildirməməyi daha etik sayırlar. Amma lap elə olsun 42 yaş – 42 yaş yazar və xanım üçün nədir ki? İndi də gənc desək, yəqin ki, israrla qınayanlar çox az olar. Bununla belə, Elif Şəfəq artıq əsərləriylə, kitablarıyla müdrik və yetkin bir yazıçı olduğunu təsdiqləyib. Bu gün onun əsərləri təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində məşhurdu. Anası diplomat olduğundan Elif Şəfəq uşaqlıq illərini müxtəlif ölkələrdə keçirib. Əsərlərini həm də ingiliscə yazır. İndi İstanbulda yaşayır. Qəzetlərdə köşə yazıları ilə çıxış edir. Son kitabında da elə bu köşə yazıları – esseləri cəmlənib. Ən adi həyat hadisəsinə, gündəlik mövzuya həsr olunmuş sıradan yazısında da Elif Şəfəqin yazıçı istedadını, hadisələrə fərqli yanaşma qabiliyyətini, zəngin mütaliəsini görüb duymamaq mümkün deyil. Müəllif bu kiçik esselərdə də diqqəti toxunduğu mövzulara çəkə, yaddaşlara yeridə və düşündürə bilir. Onun esseləri bugün klaviaturaya hər döyəclədiyinə esse, köşə yazısı deyən bir çox müəlliflərə öyrənmək üçün məxəzdi! Məktəbdi!

Ən fərqli mövzularda – qürbətdəki türk ailəsinin dərdini danışan ilk essesindən qadın hüquqları, doğma şəhəri, ana-övlad, ailə münasibətləri, tanınmış yazarların taleləri və yaradıcılığı, gənc yazarlara nəsihətinə qədər bütün yazılardakı dəqiq müşahidələr, obrazlar, zəngin dil, aydın və dolğun təhkiyə oxucunu heyran qoyur. İstər dedi-qodudan, pirat kitablardan, kitaba nifrət edənlərdən yazsın, istər yazıçılardan – Borxesdən, Haveldən, iranlı şairə Fərrux Fərruxzaddan, istərsə də Londonda təsadüfən bir kafeyə girən göyərçini xilas etməyə çalışan müxtəlif xalqların nümayəndələrinin həyəcanından – hər yazıda fərqli yanaşma, özünəxas baxış, yüksək səviyyə! Kiçik bir essedə insanın imtina etmək, vaz keçə bilmək keyfiyyətinin sirrini aç və oxucunu buna inandır, ya da sevgidə şübhənin, tərəddüdün vacibliyindən danış və insanı düşünməyə vadar elə! Bu əsl istedada xas yüksək keyfiyyətdi, dəyərdi! Uşaqlarda yaradıcılığın məhv edilməsinin hələ orta məktəblərdə şagirdlərin çölə, həyətə, göyə baxmaması üçün rənglənən pəncərə şüşələrindən başladığını iddia edəndə də, yaradıcılıqda uğur qazanmağın yalnız 17 faizinin qabiliyyət, istedad, qalanının zəhmət hesabına əldə olunması kimi mübahisəli fikirlər söyləyəndə də, istedadın yetişməsində, üzə çıxmasında normal mühitin,  münbit şəraitin vacibliyindən danışanda da müəllifə haqq verir, insan gücünün, insan əzminin, insan israrının qüdrətinə bir daha əmin olursan.

Bu gün Elif Şəfəq təkcə Türkiyədə yox, bütün türk dünyasında, islam aləmində minlərlə, onminlərlə gənc qadın üçün örnək, nümunə, həyatda uğur qazanmaq üçün çox ciddi stimuldu. Bu uğurların böyük zəhmət, sistemli mütaliə və yazıb yaratmaq ehtirasıyla əldə olunduğu şəksizdi. Əlbəttə, burda istedad və fitri yaradıcılıq qabiliyyəti deyilən bir önəmli şərt də var ki, 17 faizdən daha çoxdu və həm də olduqca vacibdi!...

Elif Şəfəq artıq dünyada özünütəsdiq mərhələsindədi – bütün maneələri aşıb ədəbiyyatda Nobel mükafatı almağa iddialı ikinci türkdü. Mən buna inanıram. Altı il əvvəl ilk kitabını oxuyanda da inanırdım. İndi lap çox inanıram.

Kitabdakı çox bəyəndiyim yazılardan birinin adı “Şaşkınlığa mədhiyyə” idi. Bu yazının adını da elə ona uyğunlaşdırıram. Bu yazı həm də Elif Şəfəqə minnətdarlığımdı – Azərbaycanın kütləvi informasiya vasitələri rəhbərlərinin “Azercell”in təşkilatçılığı ilə növbəti Antalya səfərində məni 30 nəfərdən çox redaktorun əlindən alıb öz aurasında saxladığına, fərqli düşüncələrə daldırdığına, dərin hisslər yaşatdığına görə...

P.S. Səfərə görə isə “Azercell”ə minnətdarlığımı bildirirəm – bir neçə günlüyünə də olsa, yayın cırhacırında bizi gündəlik qayğıların əlindən aldığına, həmkarlarımızla yeni ünsiyyət, polemika qurmaq və beş gün hər səhər Ağ dənizdən Günəşin doğmasını müşahidə eləyə bilmək imkanı yaratdığına görə...

 

Rəşad Məcid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı