“Amerika prezidenti Co Baydenin “erməni soyqırımı” sözünü işlətməsindən artıq bir müddət keçdi və unuduldu. Amerikanın Türkiyə ilə bağlı verdiyi açıqlamanın hüquqi qüvvəsi yoxdur”.
Bu sözləri Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib:
“Tam əksinə, bu açıqlamadan sonra Amerika tərəfi məsələni yumşaltmağa çalışır. Amerika dövlət katibi Antoni Blinken dedi ki, “açıqlama indiki Türkiyə Cümhuriyyətinə aid deyil. Biz Türkiyə ilə əlaqələri inkişaf etdirmək istəyirik”. Pentaqondan olan amerikalı generallardan da açıqlamalar gəldi”.
E.Şahinoğlu bildirib ki, Türkiyə müəyyən addımlar atacaq, amma tam olaraq bütün körpüləri yandırmayacaq:
“Amerikanın sonrakı açıqlamaları ermənilərdə narahatlıq yaradıb ki, Bayden “soyqırımı” ifadəsini işlətdi, bəs sonra? Amerikanın sonra hansı addım atacağı hələ ki ortada yoxdur. Ona görə Türkiyə Amerika ilə münasibətləri gərginləşdirməyəcək”.
Politoloq Qabil Hüseynli qeyd edib ki, Türkiyə yenə də səssiz qalmayacaq, Amerikanın bu günə qədər keçirdiyi soyqırım siyasəti ilə bağlı məsələni parlamentə çıxarmağa başlayacaq:
“Bir zamanlar Amerika qaradərili insanlara ölkənin içərisində divan tuturdu. Türkiyə Amerikanın bu cür əməllərini gündəmə gətirməklə, onların qoca prezidenti Co Baydenin “erməni soyqırımı” kimi fikirlərinə qarışılıq verəcək. Co Baydenin söylədiyi dünyada heç nəyi dəyişməyib və dəyişə bilməz”.
Mehri QURBAN