“Ağır nəticədən sonra buraya gəlmişik. Lüksemburqla oyunun ikinci hissəsində keyfiyyətli oyun göstərə bildik. İlk hissə və ikinci hissə arasında böyük fərq oldu. İlk dəqiqədən son saniyəyədək mübarizə aparmalıyıq”.
Modern.az xəbər verir ki, bunu dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiya yığmasının qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi deyib.
O bildirb ki, qrupumuzda yer alan bütün komandalar reytinq baxımından bizdən irəlidədir, amma bu, bəhanə olmamalıdır. Evə yaxşı nəticə ilə dönmək istəyirik. Yaxşı nəticə əldə etmək üçün isə sabah maksimum gücümüzü nümayiş etdirməliyik:
"Heyətlə bağlı demək olar ki, qərar vermişəm, ancaq indi açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, Lüksemburqla oyunun ikinci hissəsində oynayanların çoxu meydanda olacaq. Təbii ki, əvvəlcə onların fiziki vəziyyətinə və necə bərpa olunmalarına baxmalıyıq. Heç bir oyun asan olmur. Bu cür ardıcıl oyunlarda bərpa olunmaq çox vacibdir”.
Qeyd edək ki, sentyabrın 4-də Dublindəki "Avivo" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.