Modern.az

Rusiya, Azərbaycan və İran qaz tədarükünü müzakirə edir

Rusiya, Azərbaycan və İran qaz tədarükünü müzakirə edir

İqtisadiyyat

Bu gün, 20:15

"Rusiya, Azərbaycan və İran arasında qaz tədarükü imkanları müzakirə olunur. Hazırda bu istiqamətdə iş aparılır".

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Sergey Tsivilyov jurnalistlərə açıqlamasında bildirib.

"Bu məsələ hazırda müzakirə olunur. Biz bütün ölkələrin əməkdaşlığının tərəfdarıyıq. Lakin bilirsiniz ki, İrana gedən boru kəməri Azərbaycandan keçir. Biz bir-birimizlə əlaqəliyik. Üç ölkənin energetika nazirlərinin görüşü keçirilib. Razılaşdıq ki, bütün ölkələrin qarşılıqlı faydasını və hər bir ölkənin maraqlarını nəzərə alaraq bu məsələni birlikdə həll etməyə hazırıq", - deyə Tsivilyov bildirib.

O qeyd edib ki, ölkə rəhbərləri məsələnin həlli yolunun tapılması barədə tapşırıq veriblər.

"Burada çox mürəkkəb texniki məqamlar var. Lakin biz bu məsələləri həll etməyə çalışacağıq. Bu işləri həyata keçirən şirkətlər texniki məsələlərlə peşəkar səviyyədə məşğul olurlar. Rusiya tərəfdən bu işi "Qazprom" şirkəti təmin edir", - deyə nazir əlavə edib.

Daha əvvəl Rusiyanın baş nazirinin müavini Aleksandr Novak TASS-a müsahibəsində Rusiyanın Azərbaycanın daxili istehlakı üçün qaz tədarükünü artırmaq barədə razılığa gəldiyini bildirib. O, gələcəkdə ölkələrin qazın svop tədarükü məsələsini də müzakirə edə biləcəyini qeyd edib.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan və Rusiya təbii qazın mövsümi mübadiləsi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər. Müqaviləyə əsasən, yay mövsümündə Azərbaycandan Rusiyaya, qış mövsümündə isə Rusiyadan Azərbaycana eyni həcmdə qaz tədarükü nəzərdə tutulurdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!